Vladimir Muxin“Nezavisimaya qazeta”, 02.02.2021 Kiyev Qara dəniz bölgəsində Ukraynaya əlavə olaraq Gürcüstan və Moldovanı (UGM) də daxil edəcək üçtərəfli hərbi ittifaqın qurulmasında Vaşinqtondan dəstək alıb. Bunu fevralın 2-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Toni Blinken ilə söhbətdən sonra bildirib. Üç ölkənin ittifaqı Rusiya Federasiyasının maraqları üçün təhlükəlidir, ABŞ-dan əlavə onun əsas sponsorları – ittifaqı müxtəlif silahlarla gücləndirməyə və hərbi əməliyyatlara təhrik etməyə hazır olan Türkiyə, Böyük Britaniya və qismən Rumıniya ola bilər.Kuleba bildirib: “Bugünkü ilk telefon söhbətimiz zamanı Blinken və mən Ukrayna ilə ABŞ arasındakı strateji tərəfdaşlığın vacibliyini təsdiq etdik. İddia səviyyəsini yüksəltməyə və münasibətlərimizdə yeni bir dövrə başlamaq barədə razılığa gəldik”.
O vurğulayıb: “Qara dəniz bölgəsində üçtərəfli ittifaq fikri ilə əlaqədar olaraq, bu gün dövlət katibinə dedim ki, ABŞ Ukraynaya Qara dəniz bölgəsində və Mərkəzi Avropada etibarlı bir tərəfdaş kimi baxa bilər… bunlar həqiqi töhfə verə biləcəyimiz yerlərdir. Ukrayna, Gürcüstan və Moldova artıq bu istiqamətdə fəal şəkildə hərəkət edirlər”.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın sözlərinə görə, tərəflər həm Krım məsələsinin diplomatik həllini, həm də Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər. Blinken “Ukraynaya, eləcə də Rusiya Federasiyası tərəfindən təcavüzün yaşandığı digər postsovet ölkələrinə aktiv iqtisadi və hərbi yardımı davam etdirəcəyinə söz verib”.
İndiyə qədər Kiyev, Kişineu və Tbilisi yeni müttəfiqlik münasibətlərini heç bir sənəddə rəsmiləşdirməyiblər, lakin Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin elanından sonra onun yaxın gələcəkdə peyda olması mümkündür.
Hərbi Elmlər Akademiyasının müxbir üzvü polkovnik Eduard Rodyukov “NG”-yə bildirib: “15-20 il əvvəl amerikalıların dəstəyi ilə postsovet məkanında Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovadan ibarət oxşar bir ittifaq – GUÖAM qurulub. Mövcud şəraitdə üçtərəfli ittifaqın qurulması özəlliklərə malikdir, bunlardan başlıcası ABŞ və NATO-nun Rusiya Federasiyası düşmənlərinin narazılığını artırmaq və Moskvaya qarşı koordinasiya olunmuş bir müxalifət təşkil etməkdir”.
Rodyukov Türkiyə, Böyük Britaniya və Rumıniyanın ABŞ-la birlikdə UGM ittifaqına kömək edəcəklərinə diqqət çəkir. Onların əsas səyləri, Gürcüstan və Moldovaya hərbi yardımla yanaşı, Donbasda Ukrayna hərbi qrupunun gücləndirilməsinə, Ukrayna Silahlı Qüvvələrinin və xüsusilə Dəniz Qüvvələrinin (HDQ) döyüş gücünün bərpasına və artırılmasına yönəldiləcəkdir.
Moldovanın yeni prezidenti Maya Sandu seçki çıxışlarında Rusiya hərbçilərinin Dnestryanı ərazilərdən çıxarılması məsələsini qaldırıbı. NATO baş katibi Yens Stoltenberq Sandunu seçilməsi münasibətilə təbrik edərək, “NATO hələ də əməkdaşlığımızı genişləndirməyə və Moldovanın müdafiə və təhlükəsizlik təsisatlarının modernləşdirilməsinə kömək etməyə sadiqdir”, – deyib.
Ukraynanın başçısı Vladimir Zelenski ilə vəzifəyə başladıqdan sonra ilk görüşündə Sandu Ukrayna ərazisindən keçərək Dnestryanıya (DMR) gələn Rusiya hərbi personalı üzərində birgə nəzarət məsələsini razılaşdırıb. Moldova-Ukrayna layihələri arasında DMR-dəki Rusiya qrupunun ləğvi, ATƏT və NATO ölkələrindən mülki müşahidəçilərlə əvəzlənməsi yer alır.
Rodyukov bildirib: “Moldova-Ukrayna əməkdaşlığı proqramında Rusiya üçün açıq şəkildə mənfi olan bir çox enerji və nəqliyyat layihəsi var”.
Eyni zamanda, Gürcüstan və Ukrayna son illərdə əhəmiyyətli hərbi və iqtisadi əlaqələr inkişaf etdirib. 2020-ci ildə ortaq hərbi əməkdaşlıq planı imzalanıb. İki ölkənin orduları Qara dənizdə çoxtərəfli təlimlərdə iştirak edir və iştirak edəcəklər. Stoltenberqin dediyi kimi, həmin manevrlər gələcəkdə yalnız artacaqdır. 2020-ci ilin dekabr ayında o, NATO xarici işlər nazirlərinin zirvəsində Gürcüstan və Ukraynanın NATO-nun dəyərli tərəfdaşları olduğunu bildirib. NATO-nun baş katibi deyib: “Missiyalarımıza əhəmiyyətli bir töhfə verirlər. Bu gün Gürcüstan və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimizi təkrarladıq. Onların islahat proqramlarını müzakirə etdik və praktik dəstəyimizi artıracağıq”.
“Gürcüstanın öz donanması yoxdur, hərbi aviasiya ağır vəziyyətdədir, lakin yaxşı hərbi infrastruktura malikdir. Həm Gürcüstan, həm də Ukrayna öz ərazilərini Rusiyanı və hərbi obyektlərini izləyən Amerika kəşfiyyat təyyarələrinin uçuşu üçün təmin edir”. Bunu Cənubi Qafqazda Rusiya qruplaşmasının komandan müavini olmuş istefada olan generall-leytenant Yuri Netkaçev bildirib.
O, Ukrayna və Gürcüstanın NATO və ABŞ-la yaxınlaşmasında növbəti addımın, ehtimal ki, keçmiş sovet respublikalarına ittifaqın hərbi təyyarələrini bazalaşdırmaq üçün hərbi aerodromlar verəcəyinə diqqət çəkdirib. Ekspert xatırladıb ki, bu yaxınlarda Ukraynada Milli İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri vəzifəsini tutan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Amerika təyyarələrini Pentaqonla problemi olan Türkiyədəki aviabazada yox, Gürcüstanın Senaki və Vaziani hərbi aerodromlarında yerləşdirməməyi təklif edib.
Bundan əvvəl İngiltərənin dəstəyi ilə Ukraynanın dəniz qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin təlim keçdiyi Qara və Azov dənizlərinin sahillərində dəniz bazaları inşa edildiyi bildirilmişdi. Digər tərəfdən, Türkiyə döyüş gəmilərinin, ölkənin Hərbi Dəniz Qüvvələri üçün raket silahlarının tədarükü, habelə “Bayraktar” PUA-ların son modifikasiyası ilə əlaqəli birgə müdafiə-sənaye layihələri ilə Ukraynanın döyüş potensialını gücləndirəcək.
KİV məlumatlarına görə, 2021-ci ildə ən yeni “Bayraktar TB-2S” PUA-ları Ukrayna donanmasına təslim ediləcək. Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Oleksiy Neijpapanın bu yaxınlarda bildirdiyi kimi, bu PUA-lar “həm quruda, həm də dənizdə Hərbi Dəniz Qüvvələrinin maraqları naminə fəaliyyət göstərəcək”.
“O, Rusiyanı “Neptun” əməliyyat-taktiki raketlərin köməyi ilə Sevastopoldakı Qara dəniz donanmasının əsas dəniz bazasını məhv edə biləcəyi ilə hədələyib, – deyə Netkaçev xatırladır. – İndi bunu gələcəkdə türk PUA-larının köməyi ilə etməyə hazırlaşır”.
Mütəxəssis yeni “Bayraktar TB-2S”-nin təkcə quru bölmələri üçün deyil, eyni zamanda Qara dəniz donanması gəmiləri, xüsusilə də silahlarında məhdud hava hücumundan müdafiə sistemləri olan “Kalibr” qanadlı raketləri olan qayıqlar üçün ciddi bir təhlükə yarada biləcəyinə inanır. “Bayraktar TB-2S”-nin tətbiq tavanı 9 km-ə qədərdir. Bu hündürlükdə portativ zenit raket sistemləri onlara çatmayacaq. PUA kosmosdan idarə oluna və düşmənin hava müdafiə zonasına girmədən düzəldilmiş sursat və raketlərdən istifadə edə bilər. Bu baxımdan, Rusiya komandanlığı bu cür təhdidlərə qarşı durmaq üçün təsirli bir müdafiə vasitəsi tapmalıdır”.
Tərcümə: Strateq.azAnaxeber.info