“Rusiyanı idarə edənlər gördülər ki, ermənilər dövlət qurmaq iqtidarında deyil”44 günlük müharibənin bitməsindən 3 aya yaxın vaxt keçsə də, Azərbaycanın nəzarətindən kənarda qalan ərazilərimizdə suverenliyimizn bərpası əsas vəzifə olaraq qalmaqdadır. Türk hərbçilərinin Rusiya hərbçilərilə birlikdə Monitorinq Mərkəzində fəaliyyətə başlaması bu vəzifəni uğurla həyata keçirəcəyimizə inamı bir qədər artırır. Bununla belə, Xankəndində oturan separatçılar birgə yaşayış perspektivini ümumiyyətlə yaxına buraxmaq niyyətindən uzaqdırlar və görünən budur ki, onlara bu işdə “istiqamət verənlər” var.“AzPolitika.info” qeyd etdiyimiz mövzu ətrafında Milli Məclisin deputatı,
akademik Nizami Cəfərovla söhbətləşib. Onunla müsahibəni təqdim edirik:
- Nizami müəllim, müşahidəçilər türk hərbçilərinin Azərbaycana gəlişini və Monitorinq Mərkəzinin açılmasını Türkiyənin Azərbayanda hərbi iştirakının legitimləşdirilməsi kimi təqdim edir. Milli Məclisin komitə sədri Siyavuş Novruzov isə bunu texniki məsələ hesab etdiyini deyib. Uzun illər parlamentdə Azərbaycan-Türkiyə dostluq qrupuna rəhbərlik edən şəxs kimi bu məsələyə hansı prizmadan yanaşırsınız?- Təbii ki, dünyada baş verən hadisələr müxtəlif cür qiymətləndirilir. Bu, həmin hadisələrə münasibətdən, baxış prizmasından asılıdır. Ancaq unutmayaq ki, istənilən məsələyə digər yanaşmalarla yanaşı, etnik-mədəni prizmadan da baxmaq olar. Deyirik ki, “Biz bir millət, iki dövlətik”. Bu, artıq etnosun vahidliyini göstərən hadisədir. Etnosun vahidliyi isə o qədər dərin məsələdir ki, burada hər şey var: psixologiya, sosial münasibətlər, insanlararası əlaqələr, qohumluq, dil və sair. Nəzərə almaq lazımdır ki, bunlar xırda məsələlər deyil. Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri dəyərləndirərkən də birinci buradan başlamaq lazımdır. Bütün türk xalqları nə qədər bir-birindən təcrid edilmiş olsalar da, təhlil edəndə görürsən ki, stabil və xalqı təmsil edə biləcək göstəricilər, hansı ki, biz buna ümumi şəkildə əxlaq deyə bilərik, eynidir. Yəni bu amillər istər-istəməz bu xalqları bir-birinə çəkir. Bu nöqteyi-nəzərdən Azərbaycanla Türkiyə, eləcə də türk xalqları arasındakı münasibətləri siyasi münasibətlərdən daha çox emosiyalar, hislər idarə edir. Siz burada deyə bilməzsiniz ki, Türkiyənin Azərbaycana köməyə gəlməsi və ya Azərbaycanın beynəlxalq platformalarda Türkiyənin tərəfində durması siyasi məsələdir. Bu, bir hissiyat, genin, kökün bir olmasından doğan gerçəklikdir. Lakin bu, dünya miqyasında siyasət kimi də dərk olunur. Çünki artıq burada dövlətlər, siyasi münasibətlər, əlaqələr məsələsi də var.
Əgər bir ordunun digər orduya köməyindən danışırıqsa, əgər söhbət bir ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması üçün qardaş dövlətin dəstəyindən gedirsə, bu, nəticə etibarilə siyasi hadisə kimi təsvir oluna bilər. Buna da təbii yanaşmaq lazımdır.
- Bir çox müşahidəçilərin fikrincə, hazırda Cənubi Qafqazda Rusiya ilə Türkiyə arasında nüfuz savaşı gedir...- Yox, mən buna inanmıram. Burada nüfuz savaşından söhbət gedə bilməz. Sözsüz ki, tarixən Cənubi Qafqaz öz iqtisadiyyatı, turizm imkanları, yolların kəsişməsində yerləşməsi, tranzit imkanları, qədim mədəniyyətə sahib olması ilə daim maraq və diqqət mərkəzində olub. Cənubi Qafqazdakı maraqları Rusiya üçün taleyüklü məsələdir. Sanki Rusiyanı Cənubi Qafqaza itələyən hansısa qüvvə var. Bu, eyni zamanda mədəniyyət hadisəsidir. Amma başqa bir tərəf də var. Rusiya regionun böyük dövlətidir, burada onun maraqları mövcuddur. Bu maraqlar istər-istəməz redaktə olunur. Bir vaxtlar bu, bir işğalçılıq marağı idi. Lakin bu gün dünyanın durumu elədir ki, Rusiya Cənubi Qafqaza işğalçı kimi müdaxilə edə bilməz.
- Niyə?- Çünki belə bir hüququ yoxdur. Yəni ki, o adla müdaxiləsi mümkün deyil. Rusiya Cənubi Qafqaza iqtisadi imkanları, barışdırıcı, humanist dəyərlərlə gələ bilər. İşğalçı kimi bu gün hər hansı bir dövlət başqa dövlətə müdaxilə edirsə, onun qarşısına müəyyən qüvvələr çıxacaq. Amma əməkdaşlıq vahidi kimi gələcəksə, ona dəstək də veriləcək, əməkdaşlıq da olacaq.
Cənubi Qafqazla ticarətə, iqtisadi əlaqələrə Rusiyanın bu saat ehtiyacı var. Cənubi Qafqazdakı müəyyən işçi qüvvələrini Rusiyada əvəz etmək mümkün deyil. Bunlar xüsusilə, ticarət və xidmət sahələridir ki, Cənubi Qafqaz bütövlükdə Rusiyanı bu müstəvidə təmin edir. Həmçinin, Rusiyanın elminə və mədəniyyətinə Cənubi Qafqazın ehtiyacı var. Yəni biz böyük bir dövr ərzində Rusiya elmindən, texnologiyasından çox şey öyrənmişik. Əlbəttə, indi dövr və zaman dəyişib, alternativ mərkəzlər ortaya çıxıb. Amma hər halda, Rusiya ilə ənənəvi münasibətlər yenə də qalıb. Məsələn, bizdə Slavyan Universiteti var. Bizdə rus ədəbiyyatı məşhurdur, rus ədəbiyyatının klassiklərini öyrənirik və gələcək nəsillər də öyrənəcək.
Təbii ki, gerçəklik, reallıq, üzdə olanlar elə təəssürat yaradır ki, Cənubi Qafqazda Türkiyə və Rusiyanın qarşı-qarşıya gəlməsi baş verir. Belə bir illüziya mövcuddur. Lakin məncə, regionda Türkiyə ilə Rusiyanın qarşı-qarşıya gəlməsi deyil, əməkdaşlığı baş verir. Yəni Cənubi Qafqazda Türkiyə və Rusiya arasında münasibətlər yeni müstəviyə keçir.
- Tarix Rusiya-Türkiyə yaxınlaşması ilə yanaşı, onların qarşıdurmasına, aralarında baş verən müharibələrə də şahidlik edib. Sizcə, bu hallar yenidən təkrarlana bilərmi?- Lap qədim tarixlərə getməsək, XIX əsrin əvvəllərindən bu yana uzun sürən Osmanlı-Rusiya müharibələri olub. Amma qəribədir ki, müharibələrin gedişində belə, Rusiya-Osmanlı münasibətləri qalıb. Türkiyə üçün SSRİ ilə də əlaqə yaratmaq mühüm və vacib olub. Ona görə ki, Sovetlər Birliyinin tərkibində, Atatürkün də dediyi kimi, türklər böyük üstünlük təşkil ediblər. Siyasi arenada müxtəlif ixtilaflar olsa da, ictimai-mədəni səviyyədə sıx əlaqələr hər zaman mövcud olub.
Təsadüfi deyil ki, ən kritik məqamlarda, məsələn, Rusiyada inqilab olanda, SSRİ yeni yarananda və ya Türkiyədə Cümhuriyyət qurulanda bu iki ölkə arasında 10-15 il ərzində çox yaxın dostluq əlaqələri olub. Odur ki, Türkiyə-Rusiya münasibətlərini ancaq müharibə və münaqişə üzərində dəyərləndirmək olmaz. Bu münasibətlərin içərisində səmimi dostluq da olub. Onu da unutmayaq ki, Rusiya mədəniyyəti adlandırdığımız mədəniyyət türk elementləri ilə zəngindir.
Məsələn, SSRİ parçalandı, müxtəlif türk dövlətləri yarandı. Bu dövlətlərin Türkiyə ilə fərdi qaydada sıx münasibətləri var. Biz buraya Azərbaycanı, Türkmənistanı, Qazaxıstanı, hətta Rusiyanın subyekti olan Tatarıstanı da aid edə bilərik. Rusiyanın tərkibində mövcud olan türkdilli subyektlərin Türkiyə ilə əlaqələri olduqca səmimidir. Bu səmimiyyətlə hesablaşmaq qaçılmazdır. Bunu Rusiya da yaxşı bilir. Yəni, Rusiya buna görə Türkiyəyə cəbhə açmaq düşüncəsində deyil. Əksinə, bu, əməkdaşlıq üçün zəngin bir istinaddır.
- Amma Rusiyanın Qarabağakı sülhməramlı qüvvələrinin bəzi fəaliyyətləri ciddi narahatçılıq doğurur...- Doğrudur.- Bəs onda bəhs etdiyiniz səmimiyyət hanı, biz niyə bunu görmürük?- Mən bu məsələni necə izah edə bilərəm? Biz elə bir yaxın tarixin varisiyik ki, oradakı müəyyən münasibətləri unutmağımız bir qədər ağır prosesdir. Biz, faktiki olaraq, Rusiya İmperiyasının tərkibində olmuşuq. Müstəqillik istəyimizə görə imperiya 1990-cı ilin 20 yanvarında bizi cəzalandırıb. Biz, bu cəzanın davamını torpaqlarımızın işğalında və ərazi bütövlüyümüzün pozulmasında da görmüşük. Ermənistan Azərbaycanla təklikdə savaş aparsaydı, heç zaman onun torpaqlarını işğal edə bilməzdi. Bu, mümkün olası şey deyildi. Çünki tarix “erməni ordusu” anlayışını tanımır, amma zəif və ya güclü Azərbaycan Ordusu anlayışı hər zaman olub. Məlumdur ki, dağılmaqda olan imperiyanın bilavasitə dəstəyi ilə, həmçinin ermənilərə kənar ölkələrdən edilən kömək sayəsində Azərbaycan torpaqları işğal edilib. Amma əsas kömək imperiyadan olub.
İndi çox yaxşı haldır ki, tarixi ədalət bərpa olundu. Və ermənilərin siyasəti ifşa edildi, dövlət qura bilmədikləri ortaya çıxdı. Bu xalq müstəqil dövlətini qurub yaşaya bilmir. Buna görə də, ona zorla müstəqil dövlət qurdular. Amma alınmadı. Bunu Rusiya, onun dövlət idarəçiləri görmədilər? Gördülər. Gördülər ki, bu xalq dövlət qurmaq iqtidarında deyil. Ona görə də əvvəlki köməklərdən imtina olundu. Çünki ermənilər eyni zamanda bir neçə sifət göstərdilər. Konkret suala gəldikdə, anlaşılmazlıqlar xeyli dərəcədə aradan qalxmış olsa da, müəyyən elementlər qalır. Bunlar strateji səviyyədə deyil, müəyyən dərəcədə epizodik şəkildə özünü göstərəcək. Amma hər halda, indiki vəziyyət tam əsas verir ki, buraya gələn Rusiya sülhməramlıları köhnə xəyalları unutsunlar.
- Hazırda rus sülhməramlıları və erməni separatçıları Xankəndi, Ağdərə, Xocavənd və Xocalı rayonlarına nəzarət edir. Yaxın gələcəkdə bu ərazilərdə Azərbaycanın dövlət bayrağının dalğalanması və suverenliyimizin bərpasını nə dərəcədə mümkün hesab edirsiniz?- Əlbəttə, bu, bir qədər vaxt alacaq, amma düşünmürəm ki, bu proses uzunmüddətli olsun. Biz görürük ki, ermənilər Ermənistanı tərk edib gedirlər. Erməniləri nəinki Xankəndi və onun ətrafında, hətta Ermənistanda saxlayan yalnız konyukturadır. Ermənilər orada yaşamaq istəmirlər. Onların məşhur “Harada çörək varsa, ora vətəndir” sözü var. Bunu da daha çox öz aralarında deyirlər. Yəni bunların vətən, torpaq “səmimiyyəti” bundan ibarətdir. Odur ki, onların orada istədikləri şəkildə yaşamasını heç kim təmin edə bilməyəcək. Nə qədər silah, sursat olsa belə. Onlara ancaq çörək və yaxşı yaşayış lazımdır. Bu yaxşı yaşayışı da onların istədikləri şəkildə heç kim təmin etməyəcək. Amma bununla yanaşı, əgər istəyirlərsə ki, Ermənistan adlı dövlətləri mövcud olsun, bu halda Azərbaycanla əlaqələr qurmalı, normal düşünməyə başlamalıdırlar. Bu da onlar üçün çətindir. Çünki onlarda türk düşmənçiliyi tarixən o qədər oturuşub ki, bunu dağıtmaq çətindir.
Əlbəttə, biz çox istərdik ki, məlum ərazilərdə birgə yaşayış bərpa olunsun. Amma onlar daha çox buradan köçməyi seçəcəklər. Hələlik meyl budur. Amma ağılları başlarına gəlsə, normal yaşamaq üçün imkanlar açılacaq.
Rasim Əliyev“AzPolitika.info”