“Middle East Eye”, 07.02.2021 ABŞ Prezidenti Co Bayden Bazar günü yayımlanan bir müsahibəsində 2015-ci ilin nüvə razılaşmasına dair öhdəlikləri yerinə yetirilməyənə qədər İrana qarşı sanksiyaların ləğv olunmayacağını bildirib.CBS-in Tehranı danışıqlar masasına qayıtmağa inandırmaq üçün sanksiyaların ləğvi ehtimalı ilə bağlı sualına Bayden cavab verib: “Xeyr”.
İranın “əvvəlcə uranı zənginləşdirməyi dayandırmalı” olub-olmayacağı soruşulanda isə o, müsbət bir şəkildə başını yırğalayıb.
Baydenin bəyanatından əvvəl İranın Ali Lideri Əli Xamnəi bildirib ki, yalnız İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etdikdən sonra ABŞ müqaviləyə qayıtmalıdır.
“Əgər İranın öz öhdəliklərinə qayıtmasını istəyirlərsə, Amerika sanksiyaları yalnız söz və ya kağız üzərində deyil, tamamilə ləğv etməlidir”.
Xamnəi bunu Bazar günü hərbi hava qüvvələri komandirləri ilə görüşündə deyib və görüş televiziya ilə yayımlanıb.
Keçən ay vəzifəsinin icrasına başlayan Bayden əvvəllər Tehranın, nüvə müqaviləsinin şərtlərinə ciddi riayət olunmaqla, qayıdacağı təqdirdə, Vaşinqtonun bu nümunəni izləyəcəyini, bundan İranın raket texnologiyasının inkişafı və regional fəaliyyətlərini məhdudlaşdıra biləcək daha geniş bir razılaşmaya sıçrayış olaraq istifadə edəcəyini söyləyib.
ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ildə İranla altı güc arasında nüvə anlaşmasından çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib.
İran Trampın “maksimum təzyiq” siyasətinə addım-addım cavab olaraq müqaviləni pozub, lakin ABŞ sanksiyaları ləğv olunarsa, bu pozuntuları qısa zamanda aradan qaldıra biləcəyini açıqlayıb.
Şənbə günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 2015-ci ilin nüvə sazişinə qayıtmaq üçün Vaşinqtonu sürətli hərəkət etməyə çağırıb.
O bildirib ki, ABŞ-ın sanksiyaları fevralın 21-ə qədər yumşaltılmayacağı təqdirdə, parlamentin qəbul etdiyi qanun hökuməti öz nüvə mövqeyini sərtləşdirməyə məcbur edəcək.
Zərif, həmçinin, iyun ayında İranda keçiriləcək seçkilərə də toxunub. “Sərt mövqeli bir prezident seçilərsə, bu razılaşmanı daha da poza bilər”.
Məhəmməd Cavad Zərif “Həmşəhri” qəzetinə verdiyi müsahibəsində deyib: “Həm parlamentin qanun layihəsi, həm də İran Yeni ilindən (21 mart – Novruz) sonra başlayacaq seçki atmosferinə görə amerikalılar üçün vaxt tükənir”./Anaxeer.info/
Tərcümə: Strateq.az