“Şər üçbucağı” Ağ Evin hədəfində: Bayden 3 cəbhədə savaşacaq

9-02-2021, 14:21   


“Şər üçbucağı” Ağ Evin hədəfində: Bayden 3 cəbhədə savaşacaq

Co Bayden hələ prezident səlahiyyətlərinin icrasına başlamazdan öncə verdiyi müsahibəsində Rusiya, İran və Çinə qarşı xarici siyasət qurarkən çoxtərəfli yanaşma tətbiq edəcəyini deyib.
Lakin ekspertlər hesab edir ki, ümumilikdə adıçəkilən üç ölkə ABŞ-ın qlobal siyasətdə əsas rəqibləri olaraq qalacaq. Bu eks-prezident Corc Buşun “Şər üçbucağı” siyasətinə bənzədilir.
Qeyd edək ki, oğul Buş İraq, İran və Şimali Koreyanı “şər üçbucağı” adlandırmışdı. Baydenin xarici siyasət proqramında isə ABŞ-ın əsas hədəfləri kimi Rusiya, Çin və İran yer alır.
Prezident Bayden bu üçbucaqda ən təhlükəli düşmən Rusiyanı hesab edir. Ona görə də bəzi müşahidəçilər bunu sadəcə olaraq, Barak Obamanın Rusiyaya qarşı siyasətinin davamı adlandırır.
Ağ Evin rəhbəri xarici siyasət proqramını açıqlayarkən strateji hücum silahlarının məhdudlaşdırılmasına dair Rusiya ilə sazişə qayıtmağa hazır olduğunu bildirsə də Putin hakimiyyətini hədələməyi unutmayıb.
“ABŞ Rusiyanı öz əməllərinə görə cavab verməyə məcbur edəcək. Mən sələfimdən fərqli olaraq, Prezident Putinə aydın şəkildə bildirdim ki, Rusiyanın təcavüzkar hərəkətləri - seçkilərimizə müdaxilə, kiberhücumlar, öz vətəndaşlarının zəhərlənməsi - qarşısında ABŞ-ın təslim olacağı günlər geridə qaldı. Biz tərəddüd etmədən Rusiyanı cavab verməyə məcbur edəcəyik və xalqımızın həyat maraqlarını müdafiə edəcəyik”, -Bayden bəyan edib.
Onun bu çıxışı ABŞ-la Rusiya arasında 2014-cü ildə Krımın ilhaqından sonra başlanan, lakin Trampın prezidentliyi dönəmində nisbətən səngiyən “Soyuq müharibə”nin demarşı kimi qəbul olunur. Yəni Co Bayden seçkidən əvvəl verdiyi vədinə sadiq qalaraq Rusiyaya qarşı “soyuq müharibə” elan etdi. Yaxın perspektivdə, ABŞ-ın Rusiyaya qarşı sərt sanksiayalar tətbiq edəcəyi gözlənilir. Vaşinqton Rusiyada insan haqlarının vəziyyəti, ictimai fəal Aleksey Navalnının zəhərlənməsi, həbsi, Ukraynaya qarşı müdaxilə ilə bağlı qadağaların vacibliyini gündəmə gətirəcək.
Eyni zamanda, Şərqi Avropada, Qara dəniz regionunda, Belarusda, Ukraynada, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə Rusiya ilə geosiyasi rəqabətin artacağı proqnozlaşdırılır. Bayden admnistrasiyası rəsmi Tehranı yenidən 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmağa razı salmaqla İranın nüvə proqramı təhlükəsini aradan qaldıracağına ümid edir.
ABŞ prezidenti bildirir ki, İranın nüvə proqramı problemini həll etmək üçün Avropa və Asiya-Sakit Okean ölkələri ilə sıx əlaqələrin bərpası üzərində işləməyi məqsədəuyğun hesab edir. Prezidentin fikrincə, bu, Avropadakı müttəfiqləri öz yerinə qaytarmağa kömək edəcək.
“Biz İranın sərəncamında nüvə silahının olmasına icazə verə bilmərik. Bir şeyi dəqiq bilirəm: bunu təkbaşına edə bilmərik. Buna görə də yalnız İranla deyil, Rusiya, Çin və bir sıra digər dövlətlərlə əlaqəli məsələləri həll edərkən daha böyük bir qrupun üzvü olmalıyıq”,-deyir prezident Bayden.
Bir sıra siyasi müşahidəçilər Co Baydenin bu yanaşmasını Rusiyanı və Çini İrana qarşı qoymaq cəhdi kimi şərh edir. Ancaq ABŞ prezidenti Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmaq üçün İrana sona qədər güzəştə getmək fikrində deyil.
O, Tehrana sanksiyalar və sazişə dönmək arasında seçim etməsi təklif edir. Baydenin İran siyasəti ilk baxışdan, Trampın kursu ilə müqayisədə yumşaq görünsə də, əslində 2015-ci ildəki azişdən daha ağır güzəştlər tələb edir.
Bayden İranın ballistik raketlərin istehsalı və istifadəsinə dair məhdudlaşdırmağa dair öhdəlik götürməsini vacib sayır. İsrail isə hesab edir ki, həmin sazişdə İranın terrorçu təşkilatları dəstəkləməyəcəyi barədə bənd daxil edilməlidir.
Prezident Baydenin “Birləşmiş Ştatlar İranı nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına qaytarmaq üçün tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək” bəyanatı və Tehran rejiminin buna əks-reaksiyası tərəflər arasında razılaşmanın yaxında olmadığından xəbər verir.
Qeyd edək ki, "Vaşinqton nüvə sazişinin həyata keçirilməsi ilə bağlı Tehrana şərt irəli sürə bilməz".
İranın ali lideri ayətulla Əli Xamneyi belə deyib. “İran Birgə Hərtərəfli Fəaliyyət Planında şərtlər qoymaq hüququna sahib olan tərəfdir. Nə ABŞ, nə də üç Avropa ölkəsi (Böyük Britaniya, Fransa, Almaniya) öhdəliklərə uyğun hərəkət etdi”-deyə ali lider bəyan edib.
Xamneyi bildirib ki, əgər Vaşinqton Tehranın əvvəllər imtina etdiyi öhdəlikləri yerinə yetirməsini istəyirsə, sanksiyaları sözdə və kağızda deyil, əməldə ləğv etməlidir.
Qeyd edək ki, Ağ Ev Cozef Baydenin müttəfiqləri ilə İranla danışıqlar planlarını müzakirə etmək niyyətini açıqlayıb. Tehran ABŞ-la danışıqların İranın planlarının bir hissəsi olmadığını və bu istiqamətdə irəliləmənin sanksiyaların ləğvi də daxil olmaqla Vaşinqtonun praktik addımlarından asılı olduğunu bəyan edib. 2022-ci ildə İranda prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, mühafizəkar qüvvələrin hakimiyyətə gəlmək şansı yüksək hesab edilir.
Həmin vaxta qədər İran hökuməti ilə ABŞ arasında razılaşma əldə olumasa, mühafizəkar qanadın hakimiyyətə gəlməsi bu prosesi mümkünsüz edəcək. Baydenin xarici siyasət proqramında Çin daha çox rəqib kimi yer alır. Ağ Evin rəhbəri hesab edir ki, Çin, ABŞ üçün ən əhəmiyyətli rəqibdir.
O, hələ prezident seçildikdən az sonra bəyan etmişdi ki, Çinlə ABŞ-ın rəqib kimi qalması və ya qüvvələr nisbəti baxımından münasibətlərin daha ciddi rəqabətə çevrilməsi Vaşinqtonun yanaşmasından asılıdır.
“Ən böyük rəqibimiz Çindən olan rifahımıza, təhlükəsizliyimizə və demokratik dəyərlərimizə qarşı təhdidlərlə mübarizə aparacağıq. Biz Çinin iqtisadi istismarına müqavimət göstərəcəyik; aqressiv, zorakı fəaliyyətinə qarşı dayanmalıyıq. Çinin insan hüquqları, intellektual mülkiyyəti və qlobal idarəetməyə hücumlarına cavab verməliyik. Ancaq Amerikanın maraqlarına cavab verərsə, Pekinlə əməkdaşlığa hazırıq”-Bayden fevralın 5-də özünün xarici siyasət proqramını elan edərkən belə deyib.
Bu səbəbdən ekspertlər ABŞ-Çin münasibətlərində Donald Trampın prezidentliyi dövrü ilə müqayisəsə ciddi dəyişikliyin baş verməyəcəyini ehtimal edir. Co Baydenin Çinlə ticarət müharibəsindən imtina edəcəyi istisna olunmur. Lakin bu qarşıdurma başqa müstəvidə davam edə bilər.
Demokratların administrasiyası insan hüquqlarının vəziyyətinə görə, Çinə qarşı sərt sanksiyalar tətbiq edəcəyi gözlənilir. Bu günlərdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, beynəlxalq məsələlər üzrə məsul şəxs Yan Szeçi ABŞ-ın dövlət katibi Entoni Blinken arasında mübahisəli telefon danışığı yaxın perspektivdə iki ölkə arasında insan haqları probleminin ciddi ittiham obyektiktinə çevriləcəyini göstərir. Qeyd edək ki, Çin rəsmisi ABŞ-ın Honkonq, Tibet və Uyğur Muxtar bölgələri ilə bağlı müdaxiləsini qəbul etməyəcəyini bildirib.
O vurğulayıb ki, rəsmi Pekin xarici müdaxiləyə yol verməyəcək, dövlət suverenliyi, təhlükəsizliyi və maraqlarının inkişafını davam etdirəcək. Bir müddət əvvəl Entoni Blinken bildirib ki, Vaşinqton Çini Hind-Sakit okean bölgəsində, o cümlədən Tayvan boğazında sabitliyi təhdid etdiyi üçün məsuliyyətə cəlb edəcək./Anaxeber.info/



Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.