Əziz Rzazadə“Strateq”, 10.02.2021 Gün yoxdur ki, Mahmud Əhmədinejadın adı gündəmdə olmasın. Budur, yenə o və Vladimir Putinə yazdığı məktubla diqqətləri özünə çəkib.Əhmədinejad bir sıra dövlət və hökumət başçılarına ünvanlanmış məktublar qələmə alıb: oğul-Corc Buş, Angela Merkel, Jak Şirak, Nikolya Sarkozi, Səudiyyə vəliəhd şahzadəsi Bin Salman, Donald Tramp, Co Bayden və hazırda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı qəbul etməkdən imtina edən Putin.
Yeri gəlmişkən, yaxşı qələmi var, ifadələri sərrastdır, kəlmələri hədəfi dəqiq nişan alır.
Vladimir Putinə məktub heyrətamizdir, eks-prezident Rusiya həqiqətlərini dolğun əks etdirir və əslində, Kremlin sahibinə nəsihət verir: 2024-cü ilin prezident seçkilərində namizədliyini bir daha irəli sürərək hakimiyyət müddətini uzatma!
Ənənəvi Şərq üslubunda “Bismillah”la başlayan namədə Mahmud Əhmədinejad yazır:
“Rusiya və İran xalqları və bütün millətlərə salam və ehtiram, can sağlığı, uğurlar və dərin dostluq arzusu ilə, səlahiyyətimi icra etdiyim dövrdəki çox səmərəli, konstruktiv və ciddi görüşlərə dair xatirələri yada salmağı məqsədəuyğun hesab edirəm.
Bir tərəfdən, dünyada baş verən çox mühüm inkişafları və uzun illərdir prezidentliyinizin davamlılığı üçün edilən hüquqi tənzimləmələri nəzərə alaraq, digər tərəfdən, siz və digər hökmdarlar, eləcə də bəşər cəmiyyətinin mütəfəkkirləri və onun üçün canı yananlarla bəzi mətləbləri bölüşmək istəyirəm.
Suverenlik və öz müqəddəratını təyinetmə hüququ fərdlərə məxsusdur. Bu təməl haqqı insanlara Allah verib və heç bir fərdin, qrupun və ya qüvvənin onu hakimiyyətdən məhrum etmək və ya məhdudlaşdırmaq haqqı yoxdur.
Bu həqiqət daimi, açıq, qətiyyətli və universal bir xatırlatma tələb edir. Çünki başlanğıcdan bu günə qədər cəmiyyət problemlərinin əsas hissəsi bu hüquqa təcavüz etmə və onu pozmağa köklənib.
Hökumət, hakimiyyət və bu kimi şeylər xalqa məxsusdur və yalnız xalqın səlahiyyətli nümayəndəsi bu hüququn yaradılması və həyata keçirilməsi üçün lazımi vasitələrlə azadlığın, ədalətin inkişafı naminə və ona sahib olanların iradəsini həyata keçirmək üçün səy göstərir. Bu əhatə dairəsindən kənarda hökumətlərin heç bir özünəməxsusluğu, statusu və lisenziyası yoxdur. Sosial mexanizmlər və bütün siyasi, mədəni və iqtisadi işlər bu hüquqa, onun konsolidasiyası, həyata keçirilməsi və təşviqi üçün uyğun bir platformaya əsaslanmalıdır.
Təəssüf ki, tarix boyu hökümətlərin böyük əksəriyyəti, bu özü-özlüyündə açıq olan həqiqətdən asılı olmayaraq və xalqın iradəsinə zidd olaraq, özləri üçün geniş səlahiyyətlərdən faydalanıb, hər biri müəyyən dərəcədə ardıcıl olaraq insanların əsas hüquqlarını qəsb və ya iltifatını israf edib.
Praktiki təcrübə və nəzəri təhlillər göstərir ki, fərdlərin, qrupların və ya partiyaların səlahiyyət müddətinin qeyri-ənənəvi şəkildə uzadılması, hətta demokratik yolla aparılsa belə, insanlarda islahat motivasiyasının azalması, qüdrət və sərvətə malik quldur dəstələrinin formalaşması, sosial-siyasi və iqtisadi coşğu itkisi, ədalətli tənqid və qiymətləndirmə məkanının qapanması, qaçılmaz xəbər partlayışına səbəb olan korrupsiya və istismar hallarının gizlədilməsi, siyasi, mədəni və iqtisadi gerilik, yeni və artan istedadların və fikirlərin boğulması, qapalı iqtidar çevrəsi xaricindəki güc və imkanların artımı və böyüməsi yolunun bağlanması da daxil olmaqla, bir çox mənfi nəticələrə səbəb olur; məsələnin izahında uzunçuluq etməkdən çəkinərək bu baxımdan yalnız “diktatura” sözünü xatırlatmaq kifayətdir.
Siyasi və sosial inkişafın gedişində insan cəmiyyətləri, baha başa gələn təcrübələrə əsaslanaraq, cəmiyyətdə fərdlərin əsas hüquqlarını qorumaq, bu hüquqdan sui-istifadə hallarının baş verməsi və artmasının qarşısını almaq üçün uyğun mexanizmləri formalaşdırmağa və tətbiq etməyə çalışıblar.
Başqa şeylər arasında, rəhbər orqanların öz öhdəliklərini pozma ehtimalının yüksək olduğunu və ya onların zəifliyini və ictimaiyyətə proqram təqdim edə bilməməsini nəzərə alaraq, insanların öz iradələrini sərgiləməsi, idarəçiləri daha təsirli və yeni şəxslərlə əvəzləməsi, eyni zamanda, idarəçilikdə daha ali fikirlərdən istifadəsi vacib və zəruridir.
Səlahiyyət müddətlərini uzatmaqda israr edən hökmdarlar, adətən, özlərini cəmiyyəti idarə və onu inkişaf etdirmədə uğurlu sayır, problemlər və zəif tərəfləri daxili və xarici düşmənlərin, sui-qəsdçilərin məkri və müdaxiləsi, cəmiyyətin təhlükəliliyi ilə əlaqələndirirlər. Bu proses getdikcə islahatların və inkişafın yolunu bağlayır, xalqları böyümə, firavanlıq və tərəqqi imkanından məhrum edir. Belə bir şəraitdə xalqla hökmdarlar arasındakı məsafə artır, aldatma və məxfilik hökmdarların davranışında mübahisəsiz bir prinsipə çevrilir. Bu hökmdarlar davamlı olaraq öz xalqı içində, eyni zamanda, öz xalqı və digər millətlər arasında xəyali sərhədlər yaradırlar.
İdarəetmə müddəti müəyyən və uyğun səviyyəni keçdikcə, geri qayıtmaq və xalq iradəsinə tabe olmaq fürsəti bir o qədər çətinləşir. Xalqa rəva gördüyü ilə qarşılaşmaq qorxusu bu hökmdarları öz hakimiyyətlərini qorumaq və onu uzatmaq üçün daha qətiyyətli edir.
Sizin fikrinizcə, böyük Rus xalqı Sovet İttifaqının dağılmasından dərin və geniş böhran keçirir. Bir çox xalqın siyasi tarixi, onların müstəqillik və öz müqəddəratını təyinetmə hüququndan istifadə etmək naminə azadlıq mübarizəsi ilə tanışsınız. Süqut halları həmin hökmdarlar üçün xalqdan üzr istəmək imkanı doğurur.
Hətta əgər hökmdarlar uğurlu olarsa və ya özlərini uğurlu hesab etsələr belə, ən yaxşı həll – məhdud, uyğun bir müddətdən sonra yeni, daha motivasiyalı gənc qüvvələrə yol verməkdir. Bu vəziyyətdə, birincisi, sosial statusu qoruyaraq, idarəçilik dövründəki müsbət nailiyyətlər sonrakı dövrlər üçün cəmiyyətin kapitalı olacaq; ikincisi, iqtidar və təcrübələrini yeni hökmdarların köməyi ilə cəmiyyətin daha sürətli və daha yüksək böyüməsinə xidmət edə bilərlər…”
Bu cür məktubu son dəfə Putinə kim yazıb?
Üstəlik, bu namə ilə eks-prezident kimin gözündə ucalmaq istəyir?
Yəni Aleksey Navalnının timsalında Rusiyadakı müxalifətə təzyiqdən narahat olan Qərbin?
Bəzi şərhçilər açıq şəkildə deyir: “Əhmədinejadın məktubu parlament sədri vasitəsilə Putinə namə yollamış Xamnəiyə əleyhdarlıqdır”.
Mövzunun kinayəli tərəfi budur ki, Rusiya dövlət başçısına hakimiyyətini uzatmamaq nəsihəti verən Mahmud Əhmədinejadın özü prezident kürsüsünə yenidən yiyələnmək niyyətindədir. Hətta “Seçkilərdə iştirak üçün qeydiyyatdan keçəcəm”, – deyərək buna tam əmindir.
Təəccüblü olsa da rəy sorğularında populist eks-prezident bir çox mümkün namizədləri qabaqlayır. Doğrudur, bu populyarlığa şübhə və kinayə ilə yanaşanlar az deyil.
Biri – 2017-ci ildə namizədliyini irəli sürmüş və 2021-də də bu iddiada olan mühafizəkar siyasətçi İzzətullah Zərğamidir. “Entexab”a verdiyi müsahibədə o, Mahmud Əhmədinejadın anketlərdəki üstünlüyü və qlobal bir siyasi fiqur olduğuna lağ edərək deyib: “Kim Kardaşyanın da 200 milyon izləyicisi var, deməli, o da qlobal bir fiqurdur…”/Anaxeber.info/