ABŞ-ın keçmiş prezidenti Donald Tramp köməkçilərinin tövsiyəsi ilə ictimaiyyət qarşısında hər hansı çıxış etməkdən vaz keçib.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Hill” saytı məlumat yayıb.
Saytın informasiyasına əsasən, bununla eks-prezident hazırda Senatda başladılan impiçment prosedurunda qələbə şansını artırmağı düşünür.
Vəkillərin sözlərinə görə, ABŞ-ın keçmiş liderinin susqunluğu strateji xarakter daşıyır. Ona daha çox respublikaçının dəstəyini almaq üçün “qayığı çox yellətməmək”, yəni ümumiyyətlə, heç kimin gözünə görünməmək, rəqiblərini qızışdırmamaq məsləhət edilib.
Xəbər qaynaqlarının verdikləri informasiyaya görə, bu vəziyyət əslində ən çox keçmiş dövlət başçısının özünü darıxdırır. Çünki hamıya bəlli olduğu kimi Donald Tramp birinci impiçment prosesi zamanı Twitterdə onlarla mesaj yazıb və mətbuat qarşısında rəqiblərinə qarşı dəfələrlə çıxış edib.
Trampın susqunluğunun qorunmasında sosial platformaların onu blok etməsinin də rolu böyükdür. Mənbənin sözlərinə görə, impiçment prosesi bitən kimi eks-prezident yenə əvvəlki qızğın çıxışları ilə tərəfdarlarının qarşısına çıxacaq.
Xatırladaq ki, respublikaçı lider barəsində ikinci impiçment bu ilin yanvar ayının 6-da yüzlərlə radikal respublikaçının Konqres binasına hücum çəkməsi ilə başlayıb.
Senat Donald Trampın vəzifədən getməsinə rəğmən onun haqqında bu cür hüquqi prosedurun həyata keçirilməsinin konstitusiyaya müvafiq olduğuna qərar verib.
Anaxebe.info