Vətən müharibəsi zamanı Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində düşən mərmi nəticəsində kontuziya almış qazi Əliyev Teymur Mütəllim oğlu pensiya təminatından şikayətçidir.
Reportyor.info-ya müraciətində Qarabağ veteranı bildirib ki, 1 gün neytral ərazidə qalıb, huşu özündə olmayıb.
“Məni səhəri gün tapıb geriyə təxliyə etdilər, sonra Bakıdakı hərbi hospitalın psixiatriya şöbəsində bir gün saxladılar. Ardınca məni Maştağa Ruhi Dispanserə göndərdilər” – deyə T.Əliyev deyib.
Onun sözlərinə görə, müayinəsi və müalicəsi Maştağadakı dispanserdə keçib: “Sonra yenidən hərbi hospitala təxliyə etdilər və orada dedilər ki, öz hərbi hissənizə qayıdırsınız.
Oktyabrın 13-də məni öz hərbi hissəmə geri göndərdilər. Aldığım kontuziya nəticəsində sol qulağım eşitmir, danışa bilmirəm. Mənə hərbi hissədə icazə vermədilər ki, döyüşə qatılam.
Buna baxmayaraq, hər kəsdən xəlvəti kəşfiyyat bölüyünə qoşulub, Füzuli – Xocavənd, Böyük Tağaser, Qırmızı Bazar uğrunda döyüşlərə qatıldım. Oradan da ayın 8-i xəbər tutdular ki, o vəziyyətdə döyüşürəm.
Məni noyabrın 8-də tapıb, arxa cəbhə sayılan əraziyə göndərdilər və sonra xəbər gəldi ki qələbə qazanmışıq”.
Qarabağ qazisi deyib ki, hərbi hissədə problmelərini dilə gətirib – qulağı eşitmir, ağrıları var, ürəkbulanma olur, iştahdan kəsilib, yuxusuzluq yaşayır:
“Məni hərbi həkim komissiyasina göndərdilər. Həkim dedi ki, sənin böyrəyində polikistoz kistaları var, onunla ordudan təxris edirik. Dedilər ki, bu, irsidir. Sual verdim ki, bəs məni necə xidmətə apardınız?”
Qazi deyir ki, ölkənin I Vitse-Prezidenti Mehriban xanım Əliyevaya da məktub ünvanlayıb: “Cavab gəldi və göstəriş verildi ki, köməklik olunsun, bu haqda məlumat verilsin.
O məktuba baxmayaraq, ikinci dəfə də öz bildiklərini etmək istəyirlər. Həkimin yanında olanda poliklinikada psixiatr həkiminə zəng gəldi. Yanımda məndən başqa hərbçi daanmışdı.
Telefonda nə dedilərsə, həkim diaqnoz yazdı ki, döyüşdə vətənin keşiyində olan zaman aldığı xəsarətlə yararsızdır.
Bir sözlə, bunlar “5 min manatın varsa çıx pensiyaya, yoxdursa öl” deyirlər. Artıq bilmirəm nə edim? Ancaq onu deyim ki, qazilər niyə intihar edir…
Çünki o harınlamış həkimlərin elədiyi haqsızlıqlara görə özlərini öldürürlə. Mən iki-üç yerə məktub ünvanlamışam, heç bir xeyri yoxdur.
Bu qərara gəlmək istəyirəm ki, özümü o hospitalin qarşısında öldürəm, artıq bezmişəm. Çünki 42 yaşım var, 2015-dən düşmən arxasına keçib kabusuna çevriləndə həmin həkimlər evlərində rahat yatırdı…”
Anaxeber.info