Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir?

16-02-2021, 13:55   


Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir?

Böyük Britaniya Azərbaycana öz hərbçilərini göndərmək niyyətindədir.
İngiltərə hökuməti Azərbaycanın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmək istəyir. Britaniya mediasının yaydığı məlumat rəsmi Londonun bu təşəbbüsünü artıq Azərbaycan tərəfinə çatdırdığını göstərir.
Qeyd edək ki, yanvarın 22-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin Azərbaycanla hərbi əlaqələrin inkişafında maraqlı olduğunu elan edib. Diplomat Britaniyanın Azərbaycanda mina təmizləmə prosesinə kömək etmək istədiyini bildirib.
“Deyli Breyf” portalı da fevralın 12-də dərc etdiyi məqalədə rəsmi Londonun belə bir planının olduğunu yazıb:
“Azərbaycanın xarici hərbi təmaslara daha çox maraq göstərəcəyi və hərbi əlaqələrini daha da genişləndirəcəyi gözlənir. Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərini minalardan təmizləməsi təşəbbüsünə kömək etməkdə maraqlı olduğunu göstərir və bu niyyəti ilə bağlı rəsmi Bakıya açıq siqnallar verir. Bundan əlavə, potensial Ermənistan tərəfdarı olan Rusiyanın bölgədəki təsirini balansda saxlamaq üçün Bakının Ankara ilə əlaqələrini daha da dərinləşdirəcəyi ehtimal olunur”.
Qeyd edək ki, son zamanlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə öz silahlı qüvvələrini göndərmək istəyən dövlətlərin sayının artması müşahidə olunur. Artıq Rusiya və Türkiyə Qarabağda həm minalardan təmizləmə, həm də atəşkəsə nəzarət missiyasını həyata keçirir. Bunun ardınca İran da öz hərbi kontingentini minatəmizləmə əməliyyatında iştirak etmək üçün Azərbaycana göndərmək təklifi ilə çıxış edib.
İndi isə Böyük Britaniya analoji addımı atmaqda maraqlı görünür. Britaniyanın dövlət naziri Vendi Mortonun Bakıya səfəri zamanı məhz ərazilərin minalardan təmizlənməsi mövzusunu müzakirə etdiyi ehtimal edilir. Çünki xanım Morton digər məsələlərlə yanaşı, bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi barədə də danışıqlar aparıb.
Bu barədə ətraflı açıqlama verilməsə də səfərdən 3 gün sonra mətbuatda yayılan xəbərlər Britaniyanın Azərbaycana silahlı qüvvə göndərmək təklifinin müzakirə predmetini olduğundan xəbər verir. Cənubi Qafqazda digər güclü dövlətlərin hərbi iştirakının təmin olunması regionda geosiyasi balansın dəyişməsinə gətirib çıxara bilər. Bu isə perspektivdə Azərbaycanın yerləşdiyi bölgədə hərbi və siyasi rəqabətin dərinləşməsi deməkdir. Çünki Britaniya NATO-nun aparıcı dövlətlərindən biridir.
NATO-nun üzvü olan Türkiyə Azərbaycanda ötən il baş verən 44 günlük Vətən müharibəsindən sonra özünün hərbi və geosiyasi mövcudluğunu təmin edib. Hazırda Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Monitorinq Mərkəzində iştirak edən Türkiyə Rusiyadan sonra regionda ikinci güc mərkəzinə çevrilib. Britaniya hərbçilərinin Azərbaycana gəlişi ikinci NATO dövlətinin bölgədə fəaliyyətini təmin edə bilər.
Bu da təbii ki, Rusiya və İran tərəfindən son zamanlar artan narahatlığı daha gərgin müstəviyə keçirəcək. Hətta Britaniyadan sonra digər ölkələrin, daha dəqiq desək, ABŞ-ın və Fransanın da regiona öz hərbi kontingentini göndərmək istəyinə düşəcəyi istisna olunmur. Geosiyasi konfiqurasiyanın belə dəyişməsi və hərbi qarşıdurmanın artması Cənubi Qafqazı böyük dövlətlərin qarşıdurma poliqonuna çevirə bilər. Bu da Azərbaycan üçün kifayət qədər təhlükəli vəziyyətdir.
Qarabağla bağlı təhlükəli plan
Politoloq Fərrux Məmmədov “Cumhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Böyük Britaniyanın təklifi sadəcə, minaları zərərsizləşdirmək məqsədi daşımır. Bu, rəsmi Londonun yaxın gələcəyə hesablanmış böyük geostrateji planlarının tərkib hissəsidir:

“Türkiyənin Dağlıq Qarabağda hərbi iştirakı NATO-nun uzun illərdir Cənubi Qafqazda Rusiyanın və İranın hökmranlığına son qoyulmasına hesablanıb. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında daxili və xarici siyasət strategiyası açıq şəkildə göstərilir. Həmin sənəddə Dağlıq Qarabağla bağlı xüsusi maddə var. Həmin maddə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur.
Milli Təhlükəsizlik Konsepsiyasında qeyd edilir ki, Dağlıq Qarabağ üçüncü və dördüncü dövlətlərin maraqlarının kəsişməməsi məsələsidir. Ancaq bu gün Dağlıq Qarabağ problemi Türkiyə istisna olmaqla Rusiyanın rəhbərliyi ilə digər dövlətlər üçün siyasi, hərbi və iqtisadi poliqonu xatırladır. Bu Ukrayna münaqişənin bir qədər fərqli şəkildə Cənubi Qafqaz modelidir. Daha dəqiq desək, Dağlıq Qarabağı Rusiya və Qərb arasında siyasi və strateji poliqona çevirmək istəyirlər. Təbii ki, burada Azərbaycanın mövqeyi önəmlidir.
Çünki Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası dövlət suverenliyinə müdaxiləyə icazə vermir. İranın xarici işlər nazirinin Azərbaycana, Rusiyaya, Ermənistana və Türkiyəyə səfərləri də prosesdə fəal rol almağa xidmət edir. Lakin Rusiya və Türkiyə anlayır ki, bölgəyə üçüncü dövlətin hərbi qüvvəsinin gəlməsi yalnız güclər balansını dəyişmir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin daha ağır mərhələyə keçməsinə səbəb ola bilər. Bura terrorçuluq, separatizm kimi hallar, humanitar böhran aiddir. Məqsəd iki türk dövlətinin, yəni Azərbaycanın və Türkiyənin birgə fəaliyyətinin qarşısı alınmasıdır. Planın ikinci hissəsi Rusiyanı və İranı regionda tamamilə passivləşdirmək və qüvvələr nisbətini öz xeyrinə dəyişməkdən ibarətdir.
İranın Dağlıq Qarabağ probleminin həlli prosesindən kənarda qalması yenidən onun aktivləşməsinə gətirib çıxartdı. Ona görə də İran minatəmizləmə adı altında öz ordusunu Azərbaycana göndərmək iddiasına düşüb. Ancaq bütün bunların baş verib-verməməsi Azərbaycan Prezidentinin səlahiyyətləri çərçivəsindədir. Düşünürəm ki, bu məsələ Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğun həll olunmalıdır. Çünki Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə yarana bilər”.
“London Rusiyanı enerji bazarından sıxışdırmağı hədəfləyib»
Politoloq hesab edir ki, BP şirkəti bölgədə qalmağa qərar verib və siyasətə rəsmi London da dəstək verir:
“Üçüncüsü, bir məsələyə diqqət yetirilməlidir. Azərbaycanın təbii qazı bu yaxınlarda ilk dəfə Avropanın enerji bazarına tədarük olunmağa başladı. “Breksit”dən sonra Avropa Birliyindən çıxan Britaniyanın Türkiyə ilə siyasi, iqtisadi və hərbi sahələrdə yeni əməkdaşlıq imzalaması, Azərbaycana bu cür təklif verməsi onu göstərir ki, BP şirkəti regionda uzun müddət qalmağa qərar verib.
Britaniya dərin dövləti də bu siyasəti dəstəkləyir. Rəsmi London bu prosesdə iştirak etməkdə maraqlıdır. Britaniya bu siyasəti humanitar missiya adı altında həyata keçirmək istəyir. Digər tərəfdən, Britaniyanın Azərbaycanda fəaliyyətini genişləndirməsi və hərbi əməkdaşlıqda maraqlı olması Rusiyanı enerji bazarından sıxışdırmaq məqsədi daşıyır. Hazırda Aralıq dənizində təbii qaz yataqları uğrunda mübarizənin artması fonunda Britaniya Türkiyə və Azərbaycanla əməkdaşlıq quraraq həmin ehtiyatlardan böyük pay almaq niyyətindədir.
Bununla da BP özünün pay bölgüsünü 35-40 faizə çatdırmaq istəyir. Britaniya hökumətinin əlini Azərbaycana və Türkiyəyə uzatması da bununla bağlıdır. Britaniya Türkmənistan qazı daxil olmaqla Mərkəzi Asiyanın “mavi yanacağı”nı Azərbaycan və Türkiyə üzərindən Aralıq dənizi vasitəsilə Avropaya, həm də öz daxili bazarına çatdırmaq istəyir. Bu “Breksit”dən sonra İngiltərənin Avropa Birliyini enerji təhcizatında özündən asılı vəziyyətə salmağa hesablanıb. Çünki “Breksit”lə bağlı imzalanan bir sıra sənədlər İngiltərəni daxili bazarında inkişafa zəmin yaratsa da digər hallarda idxal məhsullarına tətbiq edilən rüsum artımı bahalaşmaya gətirib çıxara bilər. Bu da həm Britaniya iqtisadiyyatı, həm də əhalinin rifahı üçün mənfi nəticələr doğura bilər. Ona görə də İngiltərə Rusiyanın siyasətini davam etdirərək Avropanın, Cənubi Qafqaz və Mərkəzi Asiyanın enerji resurslarına nəzarəti ələ almaq strategiyası hazırlayıb. Bunun qarşılığında isə “Breksit”də nəzərdə tutulan qaydaların yumşaldılmasına, strateji məhsullarının idxalında qiymətlərin aşağı salınmasına nail olmağa çalışır. Burada Azərbaycanın Türkiyə ilə birlikdə öz yeri var.
Dağlıq Qarabağda güclər balansı artıq məhv olub. Rusiya sülhməramlı qüvvələri humanitar missiya adı altında Dağlıq Qarabağda müəyyən işlər görür. Putin Qarabağ məsələsinin həllində özünü qürurlu adlandırır. Ancaq o qürurun altında böyük bir məğlubiyyət var. Çünki SSRİ-nin dağılmasından sonra yarılmamış bir cəbhə var idi. Bu dəfə Rusiyanın Ermənistanla birlikdə qurduğu qalanı Azərbaycan Türkiyə və NATO de-fakto dağıtdı. Hətta Rusiyanın müttəfiqi olan İran passiv vəziyyətdə qaldı. Bu gün Qarabağda Azərbaycan, Türkiyə və oraya daxil olmaq istəyən İngiltərə var. Britaniya üçün önəmli məsələlərdən biri də nef və qaz kəmərlərinin təhlükəsizliyidir. Kəmərlərin qorunması Britaniya üçün əlverişli siyasi bəhanədir.
Hesab edirəm ki, əgər gələcəkdə Azərbaycan Ermənistan üzərindən Türkiyəyə enerji kəmərləri, dəmir yolu çəkərsə, bu təhlükəli ola bilər. Çünki Gürcüstan etibarlı tərəfdaşdır. Ermənistan isə etibarlı qonşu deyil. Bunu tarix də sübut edir. Ona görə də Rusiyanın və Britaniyanın istəyi eyni deyil. İngiltərənin marağı enerji bazarına nəzarəti əldə saxlamaqdır. Bunu anlayan Rusiya Avropa Birliyi ilə yaxınlaşaraq Britaniyanın planını pozmaq fikrindədir. Öz məqsədinə çatmaq üçün Rusiya bir sıra siyasi iddialarından imtina edə bilər. Rusiya Avropa strateji maraqlarına İngiltərəyə və ABŞ-a qarşı böyük bir sədd qura bilər. Lakin Putinin bunu edib-etməyəcəyini zaman göstərəcək”.
“Rusiya postsovet məkanında təsir imkanlarını itirir”
Vətən müharibəsi zamanı rəsmi Londonun Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini nəzərə alsaq, hazırda Dağlıq Qarabağ məsələsi ətrafında iki siyasi qütbün formalaşdığını görmək olar. Bir tərəfdə Azərbaycan, Türkiyə, Pakistan, Britaniya, əks tərəfdə isə Ermənistan, Rusiya İran və Fransa dayanır. Hərbi əməliyyatlar zamanı “oyundan kənarda” dayanan ABŞ-ın hansı mövqeni tutatcağı isə yaxın zamanda məlum olacaq.
Azərbaycan üzərindən geosiyasi qarşıdurma vəziyyətinə gələn böyük güclər bölgədə söz sahibi olduğunu sübuta yetirmək üçün hərbi fəallığını artırmağa çalışır. Fərrux Məmmədov hesab edir ki, Azərbaycan həmin dövlətlərlə imzaladığı sənədlərə diqqətlə yanaşmalıdır.
Çünki adıçəkilən ölkələr regionda öz maraqlarını humanitar fəaliyyət adı altında həyata keçirməyə çalışır. Ekspert əlavə etdi ki, Rusiya post-sovet məkanında təsir imkanlarını itirir. Əvvəllər keçmiş sovet respublikaları üzərində 90 faiz təsirə malik olan Rusiyanın bu gücü artıq 30-35 faizə qədər aşağı düşüb:
“Bu isə Rusiyanın Cənubi Qafqazda yeganə güc olmadığını göstərir. NATO-nun ikinci ən güclü ölkəsi olan Türkiyə var. Rusiyanın təkbalanslı siyasəti mövcud deyil. Bunun ardınca İngiltərənin həmin əraziyə daxil olmasının qarşısını Rusiya ala bilməyəcək. Fransanın eyni iddiaya düşməsi daha təhlükəlidir. Artıq Savaşın yeni mərhələsi başlayır. Hərbi əməliyyatlar başa çatdı, lakin daha böyük savaş başlayır. Böyük dövlətlərin diplomatik və hərbi qarşıdurması Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti üçün problem yarada bilər”.
Müşfiq Abdulla
Anaxebr.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.