Azərbaycan "Sputnik V" və "AstraZeneca" şirkətlərinin COVID-19-a qarşı olan vaksinlərin birgə tətbiqi tədqiqatına icazə verib. Kiliniki sınaqların bu ayın sonunadək həyata keçiriləcəyi gözlənilir.
Səhiyyə Nazirliyinin məlumatında Azərbaycanın bu cür tədqiqata icazəni dünyada ilk ölkə olaraq verdiyi xüsusi vurğulanıb. Ancaq sınaqlar Azərbaycandan başqa bir neçə digər ölkədə də keçiriləcək.
Britaniyanın nüfuzlu universitetlərinin alimləri bu birgə tədqiqatın Covid-19 ilə mübarizəyə önəmli fayda verəcəyini bildiriblər.
Son həftələr ərzində Rusiya vaksininin elmi aləmdə reytinqi nəzərəçarpan dərəcədə artıb. Bu, nüfuzlu Lancet jurnalında Sputnik vaksininin sınaqlarda 91 faiz dərəcəsində effektivlik nümayiş etdirməsi barədə məqalənin dərc olunmasından sonra baş verib.
Britaniya və İsveçin müştərək məhsulu olan AstraZeneca vaksini isə sınaqlar zamanı müəyyən dərəcədə ziddiyyətli nəticələr göstərib. Belə ki, vaksinin 1,5 dozasının tətbiqi ikiqat dozadan daha yüksək effektivlik nümayiş etdirib.
İki oxşar peyvəndin qarışdırılması insanlarda daha güclü immunitetin əmələ gəlməsinə səbəb ola bilər.
AstraZeneca ilə əməkdaşlıqda Britaniyada hazırlanmış Oxford peyvəndi ilə Moskvadakı Qamaleya Tədqiqat İnstitutunun hazırladığı Rusiyanın Sputnik V peyvəndi arasında bənzərlik var, çünki hər ikisində Sars-CoV-2 virusunun tikanlı zülalının genetik materialı var.
Biologiya üzrə fəlsəfə doktoru, kliniki diaqnostik laboratoriya rəhbəri Arif Yusifov bu cür tədqiqat proqramının müxtəlif ölkələrdə aparılmasının "normal praktika" olduğunu qeyd edir: "Belə tədqiqatlar nəzarət altında və tibbi protokollar əsasında keçirilir. Həmin protokollarda vaksinin tətbiq edilmə üsulu, hansı məlumatların toplanmasına dair izahatlar verilir."
Vaksinin kliniki sınağını aparmaq üçün müəyyən şərtlərə əməl olunmalıdır.
"Ölkə və ya klinika belə tədqiqatı təşkil etmək üçün müəyyən vasitələrə malik olmalıdır, təlimatların düzgün yerinə yetirilməsi üçün müvafiq şəraiti və imkanı olmalıdır, həkimlərin, laboratoriyaların, infrastrukturun səviyyəsi müəyyən kriteriyalara cavab verməlidir. Ən vacibi isə vaksin tətbiq olunduqdan sonra tələb olunan göstəricilərin düzgün yığılmasıdır," - Arif Yusifov qeyd edib.
BBC-nin səhiyyə və elm üzrə müxbiri James Gallagher deyir ki, elmdə müxtəlif vaksinlərin qarışığının daha güclü və ya daha uzun sürən immunitet yarada biləcəyinə ümidlər bəslənilir.
"Bunun Oxford və Sputnik V vaksinləri üçün faydalı olacağını düşünməyə müəyyən əsaslar var.
Hər ikisi, vaksinin vacib hissəsi olan koronavirusun genetik kodunun bir parçasını xəstənin orqanizminə çatdırmaq üçün zərərsiz viruslardan istifadə edir.
Risk bədənin "virus çatdıran poçtalyona" qarşı immunitet qazana bilməsi ilə bağlıdır ki, bu da ikinci və ya gücləndirici peyvəndin təsirini zəiflədə bilər.
Oxford vaksininin yarım doza, ardından tam doza vurulmasının iki normal dozadan daha yaxşı nəticə verməsinin də izahatı qeyd olunan effektlə bağlı ola bilər.
Fərqli peyvəndlərin qarışığının daha yaxşı nəticə verəcəyinə ümid edildiyindən digər vaksin kombinasiyalarının da sınaqdan keçirilməsi planlaşdırılır".
"Sputnik V" vaksini
"Sputnik V" vaksininin səmərəliliyinin 90 faizdən çox olduğu bildirilir. Bununla belə preparat xəstəliyin ağır hallarına qarşı tam müdafiəni təmin edir. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız "Sputnik V" iki müxtəlif vektor texnologiyasına malikdir.
"AstraZeneca" şirkətinin vaksini
Vaksin "Vaccitech" şirkəti ilə birlikdə Oxford Universiteti tərəfindən hazırlanıb.
Oxford peyvəndi şimpanzeləri yoluxdurmaq üçün istifadə olunan genetik cəhətdən dəyişdirilmiş ümumi soyuq virusdur. Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, Covid-19 simptomlarını inkişaf etdirən insanlarda xəstəliyi dayandırmaqda yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər.
Arif Yusifov bu cür layihələrin Azərbaycan üçün faydalı olduğunu vurğulayır.
"Bu cür proqramlardan qazanılan təcrübə və bilik əvəzolunmazdır, çünki nəzəri kitab oxumaqla praktiki bilik və bacarıq qazanılmır. Vaksinin təsirini, effektini öz ölkənin könüllüləri üzərində müşahidə etmək elmi və tibbi baxımdan çox qiymətlidir. Bu cür beynəlxalq proqramlarda iştirakın digər bir üstünlüyü isə həmin vaksinlərin daxili bazara yol aça bilməsindədir."
Arif Yunusov qeyd edir ki, daxili bazara yeni vaksinlərin yol açması rəqabətin yaranmasına gətirib çıxarır, həmin rəqabətdən udan isə istehlakçı olur - vaksinin həm qiyməti, həm də keyfiyyəti baxımından. Daha çox sərf edən və xaricdə deyil, məhz ölkə daxilində yoxlanışdan keçən vaksini seçmək mümkün olur",- Yusifov deyib.
Onun fikrincə, sınaqdan keçmiş və öz effektivliyini sübut etmiş vaksinin istehsalının Azərbaycanda da təşkil edilməsi prinsipcə mümkün olan bir məsələdir: "Bunun üçün müvafiq laboratoriya və tədqiqat mərkəzləri lazımdır."
Şirkətlərdən birinin Azərbaycanda öz filialını açması perspektivini və burada gələcəkdə vaksin istehsalının təşkilini Yusifov istisna etmir.
"Vaksin istehsalı təkcə daxili bazarla məhdudlaşmır. Bu sahədə qazanılan praktiki təcrübə isə digər vaksinllərin istehsalı üçüçn də qiymətli ola bilər. Vaksinlərə tələbat həmişə olub və belə görünür ki, bu tələbat artmaqda davam edəcək, çünki əhalinin sayı və sıxlığı artdıqca mikroblu patogenlərin miqdarı da çoxalacaq, bununla mübarizə yollarından biri isə vaksinasiyadır."
Alimin sözlərinə görə, koronavirus pandemiyası insan cəmiyyətinin bu xəstəlik qarşısında müdafiəsiz olduğunu göstərdi, hərçənd mikrobioloqlar üçün bu, gözlənilməz deyildi: "Onlar uzun illərdir, xəbərdarlıq edirdilər ki, nəzarətsiz qaydada dərmanların, antibiotiklərin qəbulu gec-tez müxtəlif fəsadlara gətirib çıxaracaq."
Arif Yusifovun təbirincə, koronavirus pandemiyası dünyanı elə bir ciddi sınağa çəkib ki, əvvəllər komos və nüvə silahı sahəsində əzələ nümayişinə vərdiş etmiş supergüclər indi aralarında rəqabəti biologiya müstəvisinə keçirməli olublar.
Rusiyanın "Sputnik V" vaksininin və "AstraZeneca" şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycanda fevral ayının sonunadək başlayacaq kliniki tədqiqatlar zamanı vaksinlərin kombinasiya edilmiş tətbiqinin immunogenliyi və təhlükəsizliyinin qiymətləndirilməsi aparılacaq.
"Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır," - Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Azərbaycanda Moskva və Oxford vaksinlərinin birgə tətbiqinin sınağına yol açan prinsipial razılığın Qamaleya adına Mərkəz, RDIF Rusiya investisiya fondu, AstraZeneca şirkəti və Rusiyanın R-Pharm şirkəti tərəfindən əldə edilməsi dekabrın ortalarında elan olunub.
"Bu pilot tədqiqat COVID-19-un qarşısının alınmasında yeni bir strategiyanın inkişafı üçün vacibdir, bundan əlavə Azərbaycanın aparıcı elmi və klinik mərkəzləri bu məsələyə öz əhəmiyyətli töhfələrini vermək imkanında olacaq," - Rusiyanın aparıcı əczaçılıq şirkətlərindən biri olan R- Pharm idarə heyətinin sədri Aleksey Repik qeyd edib.
Anaxeber.info