“BAYDEN RUSİYANIN DOSTU DEYİL, AMMA...” - “Moskvada onu hələ Brejnevin dövründən tanıyırlar”

18-02-2021, 10:17   




“Rusiyaya qarşı sanksiyalar daha düşünülmüş və ölçülüb-biçilmiş olacaq”
İkinci Dünya Müharibəsindən sonra ABŞ-da hakimiyyətə gələn hər yeni administrasiya bu ölkənin xarici siyasətində müəyyən dəyişikliklər aparsa da, dönüş yaradacaq radikal addımlara rast gəlinmirdi. Amma Donlad Tramp ənənəvi standartlardan kənara çıxaraq, öz sələflərindən tamamilə fərqli siyasət yürüdürdü.
Tramp özünün “İlk öncə Amerika” şüarına uyğun olaraq, əsas diqqətini ABŞ-ın xarici ticarətindəkı balans pozuntusunu aradan qaldırmağa yönəltmişdi. Ona görə də Amerikanın xarici siyasəti əsas etibarıyla buna köklənmişdi.
Beynəlxalq ekspertlərin fikrinə görə, yeni prezident Co Bayden xarici siyasətdə bir sıra çətinliklərlə qarşılaşacaq və onların öhdəsindən gəlmək asan olmayacaq. Baydenin rəhbərlik etdiyi administrasiyanın necə fəaliyyət göstərəcəyi maraqla izlənilir. Belə hesab edilir ki, ABŞ Rusiyaya qarşı sərt tədbirlər planı həyata keçirəcək.
Sözügedən mövzu ilə əlaqədar “Carnegie Moscow Center” analitik mərkəzi “Baydenin xarici siyasət proqramı Rusiyaya nələr gətirəcək” başlıqlı məqalə dərc edib.
“AzPolitika.info” həmin məqaləni təqdim edir:
”ABŞ Prezidenti Co Baydenin xarici məsələlərlə əlaqədar ilk geniş həcmli çıxışında hər hansı sürpriz yer almadı. Hələ ki, öz çıxışlarında ardıcıllıq nümayiş etdirən ABŞ Prezidentinin xarici siyasətlə bağlı nitqindəki əsas bəndlər onun seçkiqabağı kampaniyasındakı vədlərinə uyğun gəlir.
Vaşinqtondakı yeni administrasiya Qərb ölkələrini öz ətrafında birləşdirməyə başlayıb. Hazırda ABŞ və onun müttəfiqlərinin başlıca məqsədləri Çinin ambisiyalı avtoritarizminə və Rusiyanın dağıdıcı fəaliyyətlərinə qarşı çıxmaqdır.
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, əgər Amerikanın həyati vacib maraqları və milli təhlükəsizliyi tələb edərsə, Vaşinqton öz rəqibləri Pekin və Moskvayla müəyyən əməkdaşlıqlardan imtina etməyəcək. Bundan başqa, ABŞ iqlim dəyişikliyi, koronavirus pandemiyası, kütləvi qırğın silahlarının yayılmaması və kibertəhlükəsizlik kimi problemlərdə lider rolunu öz üzərinə götürmək niyyətindədir.

Bayden aydın şəkildə bildirib ki, Vaşinqton qlobal liderliyi Pekinə güzəştə getmək fikrində deyil. Başqa sözlə, ABŞ genişmiqayslı əks-hücuma keçib. Bəs bu, Rusiya üçün hansı anlama gəlir?
Vaşinqtonun diplomatiyanı xarici siyasətin baş roluna gətirmək niyyəti bir qdər qəribə səslənir və belə çıxır ki, hərbi güc öz yerini diplomatiyaya və digər qeyri-zorakı metodlara verməlidir.
Əslində, Trampın dörd illik prezidentliyi çox nadir dövrlərdən birinə təsadüf etdi. Çünki, həmin dövrdə ABŞ heç bir müharibə aparmadı. Ona görə də Baydenin çıxışını belə şərh etmək olar: ABŞ Rusiya daxil olmaqla, öz rəqiblərinə qarşı qeyri-hərbi kampaniya aparmaq üsuluna üstünlük verəcək.
Diqqətlə izləsək, görərik ki, Amerika siyasətinin başlıca xətti heç də böyük dəyişikliyə uğramayıb. Əgər Tramp administrasiyası Çini və Rusiyanı ABŞ-ın dünyadakı təsirinə, nüfuzuna qarşı əsas rəqib sayırdısa, Bayden də onları ABŞ-ın rəhbərlik etdiyi liberal-demokratik qaydalara qarşı çıxan başlıca qüvvələr hesab edir. Deməli, indiki administrasiyanın Tramp dönəmindən fərqlənən tərəfi, özünü yalnız üslubda büruzə verəcək.

Böyük ehtimalla ABŞ Pekinlə münasibətlərində konkretlilik nümayiş etdirəcək və iki ölkə arasındakı prinsipial qarşıdurma əvvəlkitək öz yerində qalacaq. Vaşinqton həmçinin, Rusiyaya qarşı sanksiyaların tətbiqini davam etdirəcək. Amma Bayden hakimiyyəti dövründəki bu sanksiyalar daha düşünülmüş və ölçülüb-biçilmiş olacaq.
Amma öncəki respublikaçı administrasiyasından fərqli olaraq, indiki demokratlar hakimiyyəti strateji sabitlik məsələlərilə əlaqədar Moskvayla qarşılıqlı fəaliyyət göstərmək niyyətindədir. Maraqlıdır ki, onlar bununla paralel olaraq, Rusiyanı ABŞ demokratiyasını məqsədyönlü şəkildə dağıtmaqda ittiham edirlər. Ümid edək ki, bu iki istiqamət heç zaman kəsişməyəcək, əks təqdirdə vəziyyət fəlakətə dönüşə bilər.
Beləliklə, Çinlə Rusiya Amerika və onun müttəfiqlərinin daha mütəşəkkil cəbhəsi ilə qarşılaşacaq. Artıq Aleksey Navalnının dərhal azad olunması tələbi ilə çıxış edən Baydenin ardınca Anqela Merkel, Emmanuel Makron, Boris Conson və digər Qərb liderləri də eyni tələbi irəli sürüblər.
Navalnının məhkəməsində onlarla ölkənin diplomatları iştirak edirdi. Rusiya onların bu davranışlarını ölkənin daxili işinə müdaxilə kimi qəbul edərək, ünvanına söylənilən istənilən ittihamı rədd edir. Buna baxmayaraq, ABŞ-ın başçılıq etdiyi Qərb cəbhəsi çox böyük ehtimalla praqmatik yox, ideoloji məsələlər ətrafında birləşəcək. Moskvanın Qərb müttəfiqləri arasındakı ziddiyyətlər üzrəində oynaması isə müşkül iş olacaq. Artıq Rusiya-Amerika qarşıdurması və Rusiya-Avropa qarşıdurması arasındakı fərq tədricən “yuyulmağa” başlayır.

Qeyd edək ki, Rusiya və ABŞ arasındakı əməkdaşlıq edilə biləcək sahələr təkcə strateji sabitlik və silahlar üzərində nəzarətlə məhdudlaşmır. İqlim dəyişikliyi, pandemiya və nüvə silahının yayılmaması kimi digər mühüm qlobal problemlər də var. Bu sahələr üzrə əməkdaşlığa xeyli əsaslar var. Qlobal istiləşmə digər ölkələrə nisbətən Rusiyaya daha çox təsir göstərir. Bunun Arktikaya asan çıxış əldə edilməsi kimi bəzi təzahürlərini Rusiya üçün faydalı saymaq olar, lakin neqativ nəticələr də az deyil. Çünki daimi buzlaq zonaların ərimə riski getdikcə artır. Bunlarla yanaşı, koronavirusla mübarizədə Rusiya “Sputnik V” peyvəndi hazırlamaqla yaxşı potensialının olduğunu nümayiş etdirib. Hər necə olsa, iqlim və səhiyyə məsələləri çətin ki, böyük dövlətlər arasında sıx əməkdaşlığa aparsın. Nüvə silahının yayılmaması mövzusu isə tamamilə başqa məsələdir. Burada heç də hər şey aydın deyil. Əgər Rusiya Bayden administrasiyasının İranın nüvə sövdələşməsilə bağlı konkret nə etmək istədiyini bilsəydi, buna çox şad olardı.
Baydenin bəyanatındakı bir məqama da xüsusi diqqət etmək gərəkdir. ABŞ Prezidenti deyir ki, Yəmən husiləri ilə müharibədə Səudiyyə Ərəbistanını dəstəkləməyəcək. Məlum olduğu kimi, husilərin arxasında Tehran durur. Ancaq Bayden onu da deyib ki, Vaşinqton ümumilikdə İranla qarşıdurmada Səudiyyə Ərəbistanına yardım göstərməyi davam etdirəcək.
Məlum olduğu kimi, Moskva ilə Tehran arasında sıx əməkdaşlıq mövcuddur və Rusiya İranın nüvə proqramı məsələsində mühüm oyunçudur. Əgər Vaşinqton İranla nüvə müqaviləsinə qayıtmaq istəyirsə, o zaman Rusiyadan yan keçə bilməyəcək. O ki qaldı Şimalı Koreyanın nüvə probleminə, burada Rusiyanın təsir imkanları Çinlə müqayisədə daha azdır. Amma Bayden administrasiyası Şimalı Koreya məsələsilə bağlı öz strategiyasını hələ hazırlamalıdır.
Ümumiyyətlə, Moskva hesab edir ki, xarici siyasət və təhlükəsizlik məsələlərində Bayden administrasiyası Tramp komandasından fərqli olaraq, daha peşəkar fəaliyyət göstərəcək. Rusiyada Baydenin özünü hələ Brejnev dövründən tanıyırlar. Əlbəttə, o, Rusiyanın dostu deyil, amma “soyuq müharibənin adamı” kimi nə edəcəyi öncədən bəlli olan siyasətçidir. 
Tramp dönəmində Amerika rəhbərliyində parçalanma olduğu halda, indi “Ağ Ev”də mütəşəkkillik görünür. Göründüyü kimi, xarici siyasətdəki əsas postları Baydenin köhnə tərəfdaşları tutublar. Onların sırasında dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sullivan var. Hazırda Demokratlar partiyası Konqresin hər iki palatasına nəzarət edir. Bununla yanaşı, ənənəvi KİV-lərin əksəriyyətinin və sosial şəbəkələrin demokratları dəstəkləməsi onların mövqeyini xeyli dərəcədə gücləndirir.

Aydındır ki, Rusiyayla münasibətdə Vaşinqton qarşıdurma siyasətinə üstünlük verəcək və Kremlin opponentlərini açıq şəkildə dəstəkləyəcək. Ancaq bütün bunlara baxmayaraq, Bayden təhlükəsizliklə bağlı məsələlərdə ehtiyatlı davranacaq və hətta Amerikanın maraqları naminə praqmatik addımlar atacaq. Moskvada bu cür yanaşmaya ehtiyatla baxırlar, lakin o da məlumdur ki, Rusiya ABŞ-ın təzyiqlərinə tab gətirmək və öz təhlükəsizliyini təmin etmək iqtidarındadır”
Vaqif Nəsibov
“AzPolitika.info”           
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.