Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq?

18-02-2021, 13:58   


Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq?

Azərbaycan xalqının haqq davası olan 44 günlük Vətən savaşı zamanı son 30 ildə ilk dəfə ümummilli həmrəylik yarandı.
Xalq görünməmiş fədakarlıq göstərdi. Hər kəs əlində nə var- nə yox, hamısını cəbhəyə yollamağa çalışdı. Xalq-hakimiyyət birliyi formalaşdı. Hətta 52 siyasi partiya öz ölkədaxili siyasi fəaliyyətlələrini dayandırıb, birmənalı şəkildə Ali Baş Komandanın yanında yer aldıqlarını bəyan etdilər.
Gözlənilirdi ki, müharibədən sonra normal biznes mühiti yaranacaq, bank faizləri, gömrük rüsumları azalacaq, səhiyyə və təhsil islahatları aparılacaq. Hesab edilirdi ki, qazanılan parlaq qələbə Qarabağın taleyində dönüş nöqtəsi olduğu kimi, ölkədəki mövcud vəziyyət üçün də eyni effekti göstərəcək.
Lakin bu, hələlik baş tutmadı. Sanki bir qrup məmur əsəbləri tarıma çəkməklə Qələbənin yaratdığı milli barışığı zədələməyə çalışır. Təbii ki, yaranan bütün narazılıqlara eyni müstəvidən baxmaq olmaz. Lakin cəmiyyətin haqlı narazılığını da görməzdən gəlmək də mümkün deyil.
Bütün bu narazılıqları aradan qaldırmaq üçün iqtidar hansı addımları atmalıdır? Bu məsələdə siyasi partiyaların üzərinə hansı yük düşür?
“Milli birliyi qorumalıyıq”
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Cümhuriyət”ə açıqlamasında deyib ki, iqtidar mövcud problemləri həll etməklə yanaşı, milli birliyi də qoruyub saxlamalıdır:

“Hesab edirəm ki, müharibə zamanı qazandığımız qələbə heç nə ilə müqayisə edilməməli və bundan sonra baş verən hər hansı bir hadisə bu qələbəmizə kölgə salmamalıdır. Biz həqiqətən bir yumruq şəklində birləşib parlaq qələbə qazanmışıq. Bu qələbədə Azərbaycan xalqının hər bir nümayəndəsinin payı var. Həmin dövrdə siyasi partiyalar olaraq, biz də heç bir problemlə bağlı çıxışlar etmədik və “Öncə Vətəndir” şüarını öndə tutduq. Bu gün də elədir.
Lakin cəmiyyəti də narahat edən müəyyən problemlər var və onların aradan qaldırılması vacibdir. Mən müharibədən əvvəl də Milli Məclisdə təmsil olunarkən bu problemlərlə bağlı çıxış etmişəm. Hazırda mövcud problemlərin həlli istiqamətində də müəyyən addımlar atılıb. Məsələn, bəzi problemli kreditlərin bağlanması, sosial rifahın yaxşılaşdırılması ilə bağlı atılan addımlar, şəhid ailələrinə və qazilərimizə diqqət bu qəbil addımlardandır. İndi və bundan sonra yaranan sosial problemlər ki, olacaq, razıyam, bunlar aradan qaldırılmalıdır. Amma bu milli birliyimizin pozulmasına əsas olmamalıdır.
Ölkə daxilində nə baş verirsə versin, dövlət hamımızın babasıdır. Hakimiyyət bu dövləti idarə edən bir menecerdir. Bu gün bəzi məsələlər həll olunaq da, olunmaya da bilər. Lakin bütün hallarda biz mövcud milli birliyi qorumalıyıq”.
“Kredit faizləri aşağı salınmalıdır”
F.Quliyev yeni biznes sahələrinin qurulmasına və gənclər üçün iş yerlərinin açıqlmasına şərait yarada biləcək təklif də səsləndirib:
“Çatışmayan cəhətləri qeyd etməliyik. Siyasi partiyalar olaraq, alternativlərimizi təklif etməliyik, çıxış yollarını göstərməliyik. Mən də arzulayıram ki, müəyyən məsələlərlə bağlı addımlar atılsın. Məsələn, Azərbaycan tərəfi Neft Fondunun vəsaitlərini xaricdə üç faizlə işlətməyə verir. Mən parlamentdə olanda təklif etmişdim ki, Neft Fondunun vəsaitlərini gətirib Azərbaycan gənclərinə 3 faizlə vermək lazımdır. Bizim 3 milyona yaxın vətəndaşımız Moskvada, Türkiyədə işləyir.
Onlara burada layihə verilsin. Həmin layihəyə uyğun olaraq 3 faizlə kredit verilsin. Eyni zamanda kənd və şəhər yerlərində olan insanlara torpaq sahəsi ayrılsın. Beləliklə, həmin insanlar ölkədə istehsal sahələri açsın. Nəticədə, həm öz rifahı yaxşılaşsın, həm bir neçə insan iş yeri yaransın, həm də istehsal sahəsi inkişaf etsin. Bu gün həmin təklif üçün daha münbit şərait var. Çünki 17 min kvadrat kilometr ərazimiz işğaldan azad edilib. Həmin gəncləri bura qaytarıb eyni şəkildə davranmaq olar.
Onlar yerlərdə istehsal sahəsi açarlar. Sovet dönəmində Baykal- Amur magistralı vardı. Ora Azərbaycanın hər yerindən gənclər göndərilirdi. Onlar gedib orada böyük abadlıq işləri həyata keçirdilər. İndi də gənclər briqadalarını eyni siyasətlə işğaldan azad edilmiş ərazilərə göndərmək üçün həvəsləndirici yanaşmalar lazımdır. Dövlət axtarışda olmalı və bu sosial problemləri, digər problemləri aradan qaldırmalıdır. Biz tənqidi də yanaşmalı, təkliflərimizi də verməliyik, amma milli birliyimizi də mütləq qorumalıyıq. Qarabağ məsələsində proseslərin tam şəkildə bitmədiyini nəzərə alsaq, biz siyasi partiyalar olaraq, mövcud problemlərə tənqidi mövqe sərgiləməklə yanaşı, həm də milli birliyimizi qorumaq istiqamətində çalışmalıyıq. Mövcud reallıq bizdən bunu tələb edir”.
“Konstitutsion islahata ehtiyac var”
Məsələyə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də münasibət bildirib. O deyib ki, ölkədə həqiqətən konstitutsion islahata ehtiyac var:

“Vətən müharibəsində qazandığımız parlaq qələbədən sonra hesab edilirdi ki, döyüş meydanında qazandığımız uğurlar çox şeyi yaxşı istiqamətdə dəyişəcək. Amma biz müharibə meydanında qalib gəlsək də, qalib xalq ölkə daxilində məmurlara uduzur. Vəziyyət yenə də köhnə qaydada davam edir. Bu, həm iqtisadi, həm də sosial sahədə eynidir. Ölkədə vəziyyətin dəyişməsi üçün əsasdan başlamaq lazımdır. İlk növbədə idarəçilik sistemində ciddi islahat aparılmalıdır. Ölkədə həqiqətən konstitusion islahata ehtiyac var. Əks halda məmurların yerdəyişməsi ilə heç nə dəyişməyəcək. Təəssüflər olsun ki, hakimiyyətin islahatlara meyli yoxdur. Kadr dəyişikliyini bizə islahat kimi təqdir edirlər. Xeyr, islahat bu deyil. Bütün hakimiyyət mərkəzi icra hakimiyyətinin əlində toparlanıb.
Hakimiyyətin digər qolları olan Parlament və Məhkəmə hakimiyyəti ikinci dərəcəli rolu ifa edirlər. Onlar bir növ mərkəzi hakimiyyətin tapşırıqlarını yerinə yetirirlər. Problemin də kökü məhz buradan qaynaqlanır. Son vaxtlar yaranan qurumlarda bir adama bir neçə vəzifə verilir. Təbii ki, onun gördüyü iş effektiv olmayacaq. Ölkədə bazar iqtisadiyyatı yoxdur. Dövlət kapitalizmi əsasında formalaşan bir iqtisadiyyat var. O da nəticə etibarı ilə məmur kapitalizmidir. Əgər orada zərərçəkən varsa, o da xalqla dövlətdir. Bütün dövlət şirkətləri demək olar ki, aldıqları subsidiyaları talan ediblər və dövləti borclu çıxarırlar.
Yaxşı olan həmin şirkətlərin rəhbəri üçün, pis isə vətəndaşla dövlət üçündür. Yaxud rüşvətxorluq və korrupasiya ilə təqsirləndirilərək həbs olunan məmurların cəzalandırılmasından vətəndaşın cibinə heç nə getmir. Amma həmin məmurlar vətəndaşı soyublar. Onların qeyri- qanuni yolla əldə etdiyi milyardlar ortaya qoyulmalı, vətəndaşlara dəyən zərərlər ödənilməlidir. Digər tərəfdən bahalaşma baş alıb gedir. Dövlət şirkətləri istehlak məhsullarının qiymətlərini qaldırmaqla öz borclarını bağlayırlar. Yeni yaradılan qurumlar var ki, bunlar işlək mexanizmlər əsasında qurulmalıdır”.
“İlk növbədə ölkədə idarəetmə sistemini dəyişməliyik”
E.Musayev hesab edir ki, siyasi partiyalar yalnız tənqidlə kifayətlənməməlidir:
“Siyasi partiyalar bu istiqamətdə yalnız tənqidlə kifayətlənməməlidir, təkliflər verməlidir. Onlar narazı olduqları məsələlərə alternativ təkliflər verməlidirlər. Əgər ölkədə mövcud social problemlər həll olunmazsa, yeni nəsil qaçıb xaricə gedəcək. Problem bundadır. Çünki gənc nəsilin tələbləri ödənilmir. Biz ilk növbədə ölkədə idarəetmə sistemini dəyişməliyik. Yəni ölkədə fundamental, konstitutsion islahatlar aparılmalıdır. Əks halda proses belə davam edəcək. Qazanılan bütün vəsaitləri dövlət kapitalizmi yeyib, bitirəcək”.
Əli Bədir
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.