ABŞ-ın Rusiyadakı səfiri
Con Sullivan deyib ki, Rusiya müxalifətçisi
Aleksey Navalnının kimyəvi maddə ilə zəhərlənməsi və həbs edilməsi yalnız Moskvanın daxili işi ola bilməz.
AzadlıqRadiosunun Current Time layihəsinə videobağlantı ilə müsahibə verən Sullivan bunu da bildirib ki, “Birləşmiş Ştatlar Rusiya ilə mübahisə qızışdırmaqda və ya adamları etirazlara sövq etməkdə maraqlı deyil”.
ABŞ səfiri habelə, Rusiyada AzadlıqRadiosu da daxil media qurumlarının hədəflənməsini, Rusiyanın ziddiyyətli “xarici agent” qanununu tənqid edib.
O əlavə edib ki, Birləşmiş Ştatlar da bu qanunla əlaqədar adekvat addımlar atacaq.
Cənab Sullivan bildirib ki, Navalnının kimyəvi maddə ilə zəhərlənməsi və Rusiyanın da tərəf olduğu müqavilənin qadağan etdiyi zəhərdən istifadə edilməsi “Moskvanın daxili işi” olaraq qala bilməz.
Səfir deyib ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 16-da Navalnının həbsinin qanunsuz olması barədə qərar çıxarıb və Rusiya bu məhkəmənin də üzvüdür.
Lavrov: “Onlar bizi xoşlamırlar, çünki…”AİHM fevralın 16-da Navalnının dərhal azadlığa buraxılmasını tələb edən qərar çıxarıb.
Rusiya Ədliyyə Nazirliyi bu qərarı icra etməyəcəyini bəyan edib.
Ötən həftə Rusiyanın xarici işlər naziri
Sergey Lavrov Qərbi, Rusiyaya qarşı “kollektiv aqressivlikdə” ittiham edib:
“Onlar bizi xoşlamırlar, çünki dünyada baş verənlərə bizim öz münasibətimiz var”.Səfir Sullivan deyib ki, Birləşmiş Ştatlar bütün dünyada insanların təməl azadlıqlarının müdafiəsini davam etdirəcək.
O AzadlıqRadiosunun sözü gedən qanun və ağır cərimələrlə hədəflənməsini kəskin tənqid edib.
“Kafkasayağı” qanun düzəlişləriÖtən ay ABŞ-da hər iki partiyadan olan millət vəkilləri, əgər sözü gedən cərimələr ləğv olunmazsa, Kremlə qarşı yeni sanksiyaların tətbiqinə çağırıblar.
Rusiyada ilk dəfə 2012-ci ildə qəbul edilmiş “xarici agent” qanunu hökumətə QHT-ləri, insan haqları qruplarını və xəbər mediasını “xarici agent” damğası ilə təqib etmək səlahiyyəti verir.
Qanun xarici media qurumlarını və onların materiallarını təkrar dərc edən yerli medianı xarici agent kateqoriyasına salmaq imkanı yaradır.
Sullivan deyib ki, sözü gedən qanun Moskvaya, rəsmən ABŞ hökuməti tərəfindən nəzarət olunmayan AzadlıqRadiosunun redaksiya siyasətinə qarışmaq imkanı verir və bu səbəbdən də tamamilə yolverilməzdir.
Rusiya Dövlət Duması fevralın 16-da “xarici agent” qanununa Sərhədsiz Müxbirlər təşkilatının “kafkasayağı” adlandırdığı düzəlişləru qəbul edib.