Gömrük Komitəsi ötən il xalqın dərisini belə soyub - faktlar

28-02-2021, 09:36   


Pandemiyanın iqtisadiyyatı məhv etdiyi 2020-ci ildə Gömrük Komitəsi 1.1 milyard manat artıq pul yığıb. Nəyin hesabına? Vergi və rüsumlarının arıtırlması, bahalaşmaya süni nəfəs verməklə.
Bu barədə iqtisadçı Nemət Əliyevin hazırladığı analizi təqdim edirik.

Vergi ödəyicilərinin vergi yükü 39%, o cümlədən gömrük rüsumu 43% artıb.
Gecəsini gündüzə, gündüzünü də gecəyə qatıb dünyanın dörd bir yanından Azərbaycana mal gətirən sahibkarların, iş adamlarının, müəssisə və təşkilatların, sadə insanların gömrükdə dərisini soyublar. Dövlət Gömrük Komitəsinin topladığı vergilərin həcmi ilə idxal göstəriciləri arasındakı asılılığın təhlili belə nəticəyə gəlməyə əsas verir. 
Faktiki bazar qiymətləri ilə 2019-cu ildə 13,7 milyard, 2020-ci ildə isə 10,7 milyard dollarlıq mal gətirilib Azərbaycana (bax: mənbə-1; mənbə-2). İdxal göstəricisi 2020-ci ildə 3 milyard dollar azalıb. Gömrük Komitəsinin topladığı vergilər (gömrük rüsumu+ƏDV+aksiz+yol vergisi)  isə 2020-ci il ərzində 4,4 milyarddan 3,9 milyarda düşərək 500 milyon manat məbləğində azalıb (bax: mənbə-3; mənbə-4). İdxaldakı nominal azalmanın yığılan vergilərin azalması ilə müşayiət olunması dərhal gözə çarpdığına görə burada sanki hər şey qaydasında görsənir. Lakin bu, aldadıcı təəssüratdır. Əgər hər 1000 dollar idxal malına düşən vergiləri hesablayıb müqayisəyə çəksək, məlum olar ki, bu göstərici 2019-cu ildə 321 manat olduğu halda 2020-ci ildə 365,0 manat təşkil edib (4,4/13,7∙1000≈321; 3,9/10,7∙1000≈365). Yəni hər 1000 dollar idxal malından Gömrük Komitəsinin tutduğu vergi 2020-ci ildə orta hesabla 44 manat və ya 14% artıb. 
Vergilərin bu dərəcədə artması, sözün həqiqi mənasında, heyrət doğurur. Düzün-dünyanın canı ilə əlləşdiyi bir vaxta, pandemiya-karantin səbəblərindən istehsalın və idxal-ixrac əməliyyatlarının kəskin ixtisar olunduğu bir ilə, əhali və sahibkar gəlirlərinin gözlə görüləcək dərəcədə azaldığı bir zəmanəyə təsadüf etdiyinə görə “Gömrük Komitəsinin qaz vurub, qazan doldurmaq  "istedadı", görəsən, nəyin hesabına mümkün olub?” kimi suallar əsaslı şəkildə aktuallaşır. Dünya iqtisadiyyatı üçün çox ağır il sayılan 2020-ci ildə hər şeyin tənəzzül etdiyi bir dövrdə Gömrük Komitəsinin vergi yığımlarında əks-diametral trend nümayiş etdirməsi xeyli əlavə suallar oyadır. Lakin bu 14%-lik artım Komitənin ortaya qoyduğu nəticələrin hələ hamısı deyil. “1000 dollar idxala düşən vergi” göstəricisi müəyyən qədər aydınlıq yaratsa da, vergilərin nə dərəcədə artıb-azalması və vergi yükünün miqyası haqqında tam təəssürat yarada bilmir. Bu məsələyə əhatəli şəkildə aydınlıq gətirmək üçün idxalın fiziki həcmi ilə konkret vergi yığımları arasındakı əlaqəni nəzərdən keçirmək, analiz etmək gərəkdir.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlardan məlum olur ki, 2019-cu ilin qiymətləri ilə 2020-ci ildə 8,8 milyard dollar, 2019-cu ildə 13,7 milyard  həcmində mal idxalı həyata keçirilib (bax: mənbə-5). Bu iki göstərici eyni qiymətlərlə hesablandığına görə aradakı fərq idxalın fiziki çəkisinin (kütləsi də demək olar) 2020-ci ildə necə dəyişməsini ifadə edir. Göstəricilərin müqayisəsi göstərir ki,  idxal mallarının fiziki çəkisi 2020-ci ildə 36% və ya 5 milyard dollar dəyərində azalıb (8,8/13,7∙100-100≈-36%). İdxalın fiziki çəkisi bu dərəcədə azaldığına görə vergihesablama və vergitutma basası da bu dərəcədə daralmalı və Gömrük Komitəsinin 2020-ci ildə vergi yığım göstəricisi bu enmə tempinə uyğun şəkildə azalmalıydı ki, vergi ödəyicilərinin vergi yükü artmasın. Başqa sözlə desək,  2019-cu ildə 13,7 milyard dollarlıq idxal malından 4,4 milyard manat vergi yığan Gömrük Komitəsi 2020-ci ildə 8,8 milyard dollar ekvivalentində, yəni 2,8 milyard manat vergi toplamalı idi (4,4:13,7∙8,8 ≈2,8). Amma Komitə vergi ödəyicilərindən 2,8 milyard manat deyil, 3,9 milyard manat vergi tutub. Aradakı fərq 1,1 milyard manat və ya 39%-dir (3,9-2,8=1,1;  3,9/2,8∙100 ≈39%). Təsəvvür edirsinizmi, eyni həcmdə idxal malından Gömrük Komitəsi 2019-cu ildə 2,8 milyard manat, 2020-ci ildə isə 3,9 milyard manat vergi tutub. Oxuculara aydın olsun deyə, sadə nümunə çəkirəm: "1 ədəd maldan 2019-cu ildə 100 manat vergi alan Gömrük Komitəsi  1 ədəd maldan 2020-ci ildə 139 manat vergi alıb". Gömrükdə bu şərtlərlə tutulan vergilər ümumi vergi yükünü 2020-ci ildə 39%  və ya 1,1 milyard manat artırıb. Yüklü fərqdir! Var-yoxdan çıxaran artımdır! Öz təbii axarı ilə idxal mallarının 2-3% bahalaşa biləcəyini ehtimal etsək, bu, vergi yığımı nəticələrində ən yaxşı halda 100-120 milyon manat səviyyəsində artırıcı təsir yarada bilərdi. Gömrük Komitəsi isə 1,1 milyard manat və ya 39% yükartırıcı təsir yaradıb. 
Bəs Gömrük Komitəsi bunu necə və nəyin hesabına edib? Bu sualların cavabı faktiki bazar qiymətləri ilə hesablanmış idxal göstəricisinin mahiyyətində gizlənib. 2020-ci ilin idxal göstəricisi faktiki bazar qiymətləri ilə 10,7 milyard dollar, müqayisəli qiymətlərlə 8,8 milyard dollardır. Aradakı 2 milyarda yaxın fərq 2020-ci ildə idxal mallarının ümumi bahalaşma səviyyəsini göstərir. İri məbləğdən daha çox  vergi hesablamağın mümkünlüyü əvvəlcədən bilindiyinə görə daha çox vergi yığmağa həvəsli olanlar müxtəlif yollarla bahalaşmaya süni nəfəs veriblər (bax: mənbə-6). Hesablamalar göstərir ki, 1,1 milyard manatın 642 milyon manatı və ya 60 faizi  (4,4/13,7∙2≈0,642 milyard manat;  0,642/1,1∙100≈60%) birbaşa bahalaşmanın təsiri ilə, qalan 40 faizi isə 2020-ci ildə fərqli vergi hesablama prosedurlarının tətbiqi ilə əlaqədar əmələ gəlib. Aydın olur ki, 2019-cu ilin sonlarından başlayaraq  Nazirlər Kabinetinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələrində apardığı dəyişikliklər bəzi mallara “0” dərəcə ilə vergi hesablama güzəştləri nəzərdə tutsa da, nəticə etibarı ilə ümumi vergi dərəcələrinin yüksəlməsinə xidmət edib. Gömrük rüsumları ilə idxalın həcmi arasındakı asılılığın təhlili göstərir ki, hökumətin bu “yenilikləri” yalnız gömrük rüsumları üzrə vergi yükünə 300 milyon manat ölçüsündə və ya orta hesabla 43% artırıcı təsir göstərib. 
Beləliklə, 2020-ci ilin vergiyığma siyasəti  yekun etibarı ilə vergi yükünün 39% artması və Azərbaycana gətirilən malların 23%-ə yaxın bahalaşması ilə nəticələnib.  Ölkənin əmtəə bazarında böyük çəkiyə malik idxal mallarının bu dərəcədə bahalaşmasının digər malların, iş və xidmətlərin daxili bazar qiymətlərinə zəncirvari qaydada necə böyük impils verməsi təsəvvür ediləndir. Odur ki, bu gün daxili bazarlarda əhalini var-yoxdan çıxaran bahalaşmaya görə Gömrük Komitəsi və Nazirlər Kabineti birlikdə məsuliyyət daşıyır. Ölkədaxili qiymətlərin ümumi sabitliyinə görə vəzifə məsuliyyəti daşıyan isə Mərkəzi Bankdır. Lakin bu Bank da daxili bazarlarda qiymətlərin kəllə-çarxa qalxmasına xidmət edən addım və qərarlara səsini çıxarmayıb, necə deyərlər  “ac qulağım, dinc qulağım” zərb məsəlinə nöqtə-vergülünə qədər əməl edib. 

Mənbə-1: https://customs.gov.az/.../FILE_52662D-C09A06-5A4C18... ;
Mənbə-2: https://customs.gov.az/.../FILE_384438-D492B7-78F6B0... ;
Mənbə-3: https://customs.gov.az/.../FILE_4A9D8C-5B4D1A-34831F... ;
Mənbə-4:  https://customs.gov.az/.../FILE_E7B3B9-B46FB9-AA0331... ;
Mənbə-5: https://www.stat.gov.az/news/index.php?id=4810 
Mənbə-6: https://www.facebook.com/nemat.aliyev.18/posts/426993357635618

Nemət Əliyev

Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.