Asim Mollazadə: “İmperiyaların parçalanması yeni müharibələrlə müşayiət oluna bilər”
ABŞ siyasətinin əsas prioritetlərindən və kontorlarından biri nəhəng rəqiblərini sıradan çıxarmaq, onları daim böhranlı vəziyyətdə saxlamaq, iqtisadi cəhətdən çökdürmək, zəif iqtidarlar qurulmasına, daxildə parçalanmaya müvəffəq olmaqdır.Bu yolla zəiflədilmiş supergüc dövlətlərin hegemonluğuna son qoyaraq özünün dünyada liderliyini saxlamaq, ambisiyalarını reallaşdırmaq, imperialist siyasətini bütün coğrafiyalarda genişləndirmək niyyəti güdüb.
ABŞ siyasətində Yaxın Şərqdə, Afrikada, Cənubi Amerikada, Qafqazda və postsovet məkanında, təbii ki, Avropada əsas söz sahibi olmaq qarşıya qoyulmuş hədəflərdir.
Lakin bu coğrafiyalarda heç də həmişə uğur qazanmaq mümkün olmayıb. Vaşinqtonun siyasi-iqtisadi, o cümlədən strateji siyasəti tez-tez ayrı-ayrı bölgələrdə rəqibləri ilə toqquşub, bəzi hallarda mövqelərini itirib, dominantlığı qazana bilməyib.
“Yeni Müsavat” təhlil edir ki, ABŞ xüsusən keçmiş SSRİ məkanında və Şərqi Avropada Rusiya ilə kəllələşir.Suriya, Liviya, İraq, Əfqanıstan siyasətində kifayət qədər böyük paya sahib olan Amerika Rusiyanı, İranı dağıtmaq istəyində olub.
Amma bu gün ABŞ-ın özündə siyasi böhran müşahidə olunur. Son seçki göstərdi ki, Amerika demokratiyası problemli dövr yaşayır və bu illər ərzində nə Rusiyanı, nə İranı yerlə-yeksan edə bilib.
Əgər dünyanın ən nəhəng və bir-birindən hər baxımdan fərqlənən bu 3 dövlətində dağılma prosesi getsə, sonu necə olar? Rusiyada, İranda, ABŞ-da ayrı-ayrılıqda vəziyyət necədi?İlk baxışdan görünən budur ki, məsələn, Rusiya daha monolitdir, İranda da daxili vəziyyət stabil görünür. İran üçün ən ciddi təhdid oradakı 30 milyonluq azərbaycanlı əhali sayılır.
Onların böyük hissəsi İran dövlətindən yanadır, ölkənin parçalanmasını istəmir. Əslində Azərbaycana İranla Rusiyanın dağılması sərf eləmir.
Hər iki ölkə böyük bir binadı sanki, yaxınımızda belə iki böyük “bina” uçsa, toz-torpağından boğularıq. Bir sözlə, Amerika Rusiyanı və İranı dağıtmaq istərkən, özündə böhranlı proses başlayıb.Pandemiya onun iqtisadiyyatını ağırlaşdırıb, dünyadakı imici və reputasiyası əvvəlki deyil, “demokratiya qaranquşu” nüfuzunu itirib, Ukraynanı və Gürcüstanı Rusiya qarşısında qoyub, İranla artıq yumşalmaya getməyə hazırlaşır.
Ancaq bu nəhəng güclərin parçalanması, xüsusən qonşularımızın daxilində ixtilaflar, nifaqlar baş verməsi nə dərəcədə sərfəli ola bilər?
Separatizm, dezinteqrasiya, terror, xaos kimi təhlükəli tendensiyalar tək bir ölkə, region üçün yox, bütün dünya üçün təhlükəlidir və biz bu təhdidlərə yox deyirik.Eyni zamanda dövlətlərin daxili işlərinə müdaxilə, silahlı dövlət çevrilişi, hakimiyyətin güc yolu ilə dəyişdirilməsi daxildə sabitliyin pozulmasında çox mənfi nəticələrə gətirib çıxarır.
Dünyada elə bir misal göstərmək olmaz ki, bu vasitələr hər hansı bir ölkənin rifahına və tərəqqisinə səbəb olsun. Əksinə, onsuz da mürəkkəb olan indiki şəraitdə belə hallar vəziyyəti daha da çətinləşdirə bilər.
Bu baxımdan xüsusilə də eyni coğrafiyada yerləşdiyimiz, tarixi bağlarla yaxın olduğumuz Türkiyə, Rusiya, İran kimi ölkələrdə sabitliyin pozulması bizə yaxşı heç nə vəd etmir.
Doğrudur, qardaş Türkiyə istisna olmaqla, digər iki ölkə tarixən və bu gün də Azərbaycana qarşı ədalətli mövqe tutmayıblar, amma sərhədlərimizdə dağıdıcı proseslər bizə nə vəd edə bilər?Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, dünyada xaosun yaradılması, qaşrıdurmaların artması Azərbaycanın maraqlarına uyğun deyil. Onun fikrincə, Azərbaycana maraqlıdır ki, stabillik olsun.“Yaxşı olar ki, imperiya iddialı ölkələr də öz xalqları barəsində düşünsünlər, onların inkişafına çalışsınlar. Azərbaycanın məqsədi iqtisadi-sosial nöqteyi-nəzərdən ölkəsini müasirləşdirməkdir.
Ona görə bizim sərhədlərimizdə də, dünyada da stabillik, əməkdaşlıq lazımdır, Azərbaycan bunun tərəfdarıdır", - deyə deputat bildirdi.
A.Mollazadənin sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi layihələr stabillik tələb edir: “Azərbaycan Avropa Birliyi ölkələrinin enerji təchizatında iştirak edir, yeni dəhlizlər formalaşdırır, şimal-cənub, şərq-qərb platformaları yaradır, ticarətin artmasının tərəfdarıdır, əməkdaşlıqların genişlənməsini istəyir.
Ona görə hansısa imperiyaların daxilində qarşıdurmalar olacaqsa, bizim maraqlarımıza uyğun deyil. Biz tərəfdaşlıq üzərinə siyasət qurmuşuq".
A.Mollazadə Rusiya və İranda hansısa kataklizmlərin olmasını istisna etmir: “Həyatda hər şey mümkündür. Sadəcə, arzumuz ondan ibarətdir ki, qarşıdurmalar olmasın. Gözlənilmədən imperiyaların parçalanması yeni müharibələrlə müşayiət oluna bilər.
Biz düşünürük ki, mədəniyyətlə insanları birləşdirə bilərik və bu istiqamətdə töhfə verməyə hazırıq. Çünki Azərbaycan özü separatizmdən zərbələr alıb, o səbəbdən inkişafı hüququn aliliyinin təmin edilməsində görür. Bizə lazım deyil ki, sərhədlərimizdə qeyri-qanuni hərbi əməliyyatlar görək".
Emil SALAMOĞLU,“Yeni Müsavat”