Azərbaycan Qarabağ sıra dağlarının cənub-qərb yamacında yerləşən kiçik Laçın şəhərinin qaytarılmasını az qala 30 il gözləyib. Şəhər bu regionda Dağlıq Qarabağın "paytaxtı" Stepanakerti (Xankəndi - BBC News Azərbaycanca) Ermənistanla birləşdirən çox mühüm yol üzərində yerləşir. Yaxın bir neçə il ərzində bu gərginlik qovşağına Rusiya hərbçiləri nəzarət edəcək. Laçında onlar öz qaydalarını tətbiq ediblər.
Kiçik Horadiz şəhərindəki hərbi nəzarət-keçid məntəqəsi sanki Azərbaycanın qaytarılmış ərazilərinə açılan darvazadır. Cəmi altı ay bundan əvvəl şərqdən qərbə gedən bu marşrut keçilməz olub. Yol Araz çayının sol sahili boyunca dövrələnir. Sol sahildə arabir İran yaşayış məntəqələri gözə çarpır.
İlin bu yaz fəslində palçıqlı yolu yalnız hərbi maşınlar çətinlik çəkmədən keçə bilir.
İşıqlaşır, lakin hava tutqundur, ətrafı duman bürüyür. Yolun birinci saatı pəncərədən müharibə mənzərələri görünür. Hərbi texnika, tökülüb qalmış tırtıllar və sonu görünməyən xarabalıq - kilometrlər uzunu bir salamat bina belə yoxdur.
Bu kəndlərdə yaşayan azərbaycanlılar Birinci Qarabağ müharibəsi zamanı öz evlərini tərk ediblər. Dağılmış divarlar, sındırılmış pəncərələr, əyilmiş hasarlar və paslı darvaza qapıları o zamandan bəri bura heç kəsin qayıtmadığından xəbər verir.
Yalnız Laçına gedən yolun yarısında, Qoturbulaq kəndinin yaxınlığında damı salamat qalmış ilk bina göründü. Dörd ay bundan əvvəl burada üzərinə qəsəbənin erməni dilində adı - "Ağadzor" - yazılmış yol göstəricisi dururdu. İndi yolqırağına atılan bu nişan palçıq içindədir, bu yaxınlara qədər ermənilərin yaşadığı binalarda isə Azərbaycan əsgərləri məskunlaşırlar.
Mülkiləri bu ərazilərə hələ buraxmırlar - ərazilər minalanmış ola bilər.
Üç saatdan sonra dağ yolu növbəti nəzarət-keçid məntəqəsinə dirənir. Şlaqbaumun arxasında tikanlı məftilli möhkəm istehkamlar görünür. Gizlədilmiş zirehli maşın gözə dəyir. Hərbçi yolu kəsən bloklar üzərinə qırmızı-ağ zolaqlar çəkir.
Balaca sarı rəngli lövhəyə qırmızı hərflərlə: "Laçın təhlükəsizlik dəhlizi. RF sülhməramlı qüvvələri" yazılıb. Nəzarət-keçid məntəqəsinin üzərində bir neçə Rusiya bayrağı ucalır.
Azərbaycan hərbçilərinin nəzarət-keçid məntəqəsindən keçməsi Rusiya hərbçiləri ilə razılaşdırılmalıdır.
"İlk zamanda Azərbaycan zabitləri keçmək məsələsini bizim sülhməramlılarla razılaşdırmaq lazım olduğuna görə hiddətlənirdilər. Formal olaraq, bura onların ərazisidir. Lakin bizim sülhməramlılar hazırlıqlı oğlanlardır, izah edirdilər ki, sülh razılaşmasının şərtləri belədir. O razılaşmanın altında Azərbaycan Prezidentinin imzası var. Odur ki, zəhmət olmasa, şərtləri yerinə yetirin," - şərh vermək səlahiyyəti olmadığı üçün adının açıqlanmamasını xahiş edən Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi BBC Rus xidmətinə deyib.
Rusiya zabitləri dərhal çəkiliş aparmağa qadağa qoyur, suallara cavab verməkdən imtina edirlər. Müqavilə əsasında qulluq edən əsgərlər kamera və mikrofondan çəkinirlər, lakin fərdi söhbətdə necə yaşadıqları barədə danışmağa hazırdırlar. Çoxları üç aydır dağların üstündəki postlarda durur - xarici aləmlə ünsiyyət çatışmır.
"Bizə internet istifadə etmək qadağandır. Əyləncələrdən - televizor var, lakin burada heç bir kanal tutmur, odur ki, o bizdə daha çox mebel kimidir. Hərdən disklərdə filmlərə baxırıq, - adının açıqlanmasını istəməyən hərbçilərdən biri deyir. - Mən boş vaxtda kitab oxuyuram. İndi Ayn Rand-ın "Həyatın qaynağı"nı oxuyuram. Lakin tezliklə bitirəcəyəm. Təəssüf, daha yeni kitablar yoxdur. Bizdə burada bir neçəsi var, amma onlar xoşuma gəlmir. Mənim Remark çox xoşuma gəlir. Onda, bilirsiniz, həm müharibə, həm məhəbbət barədə var".
Növbətçilikləri bitəndən sonra əsgərlər turnikdə məşq edir, yaxşı havada qaçışla məşğul olurlar, lakin dağlarda çox vaxt duman olur. Əsas təhlükə minalardır. Bəziləri torpaqda 90-cı illərin əvvəlindən qalıb, digəri son yarım ildə peyda olub.
Dekabrda bir Rusiya zabiti Azərbaycanın qaytardığı Şuşada minaya düşüb. Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi xəstəxanada ölüb. Daha sonra başqa bir Rusiya zabiti də minaya düşüb, lakin sağ qalıb, - o, həlak olanların cəsədlərinin axtarışı və mübadiləsi qrupuna daxiliydi. Yerlilər daha bir sülhməramlının minadan təmizləmə işləri zamanı yaralandığını deyirlər, lakin onun adını bilmirlər.
"Burada qördüyüm ən dəhşətlisi "Qızıl Xaç"la birgə həlak olanların axtarışı işidir, - axtarış missiyasının bir üzvü etiraf edir. - Biz mina sahələrinə də girmişik, çaqqalların tikə-tikə diddikləri cəsədlər görmüşük. Yadımdadır, Şuşaya işləməyə gəlmişdik, orada isə bütün yol meyit içindəydi. Gənc 18-19 yaşlı erməni oğlanlar. Dəhşət".
"Haqq üçün demək lazımdır, öz gözümlə görmüşəm, - o davam edi, - azərbaycanlı əsgərlər yeni mövqelər tutarkən, bir çox həlak olmuş erməniləri torpağa basdırırdılar - beləliklə cəsədləri çaqqallardan xilas edirdilər. Harada ki, həlak olanları basdıra bilməyiblər, orda biz bədən hissələri və ayrı-ayrı sümüklər tapırıq".
Laçının küçələri boşdur. Rəsmi rəqəmlərə görə, şəhərdə hazırda 80 yerli var, qalanı hərbçilərdir. Sakinlər jurnalistlərlə həvəssiz danışırlar, nəsə söyləyəndə isə hər ehtimala qarşı adlarını məxfi saxlamağı xahiş edirlər.
Laçına qabaqcadan razılaşdırmamış yalnız Ermənistan pasportu olanlar gedə bilər. Başqaları xüsusi icazə almalıdırlar. Həftədə üç dəfə Laçın dəhlizindən Azərbaycan hərbi maşın karvanı keçir, onlar Şuşada və indi Bakının nəzarətində olan başqa məntəqələrdə yerləşən bölmələr üçün təchizat aparırlar.
Karvanı Rusiya sülhməramlıları müşayiət edir, lakin dar dağ yolunda hər iki tərəf daim bir-birini sıxışdırmalı olur. Azərbaycan karvanı keçdiyi vaxt birdən onu Ermənistan nömrəsi ilə minik avtomobili ötüb keçir. Sərnişin oturacağında əyləşən kişi orta barmağını azərbaycanlılara göstərərək baş verənləri telefonu ilə çəkir.
Karvanın başında gedən Rusiya sülhməramlıları tələb edirlər ki, minik avtomaşını dayansın, lakin maşın hərbçilərin tələbinə məhəl qoymayıb sürətlə ötür. Onu növbəti postda dayandırırlar.
Yerli sakinlər deyirlər ki, azərbaycanlılar da tez-tez burada kimin sahib olduğunu nümayiş etdirməyə çalışırlar - Laçından keçərkən, maşının pəncərəsindən Azərbaycan bayrağını asırlar. Belə halların videosu dərhal sosial şəbəkələrdə peyda olur və yeni münaqişələrə təhrik edir.
Müharibə qurtardıqdan bir neçə ay keçmiş yerlilər tədricən yeni qaydalara öyrəşməyə başlayıblar. Rusiyalı sülhməramlılar da qaydaları pozanlarla çox da bənd olmurlar, ehtiraslar xeyli səngiyib.
"Hər biri qarşı tərəfə bu torpağın kimin olduğunu göstərmək istəyir. Özü də elə axmaq üsullarla bunu edirdilər ki. Həqiqətən, yanımızdan sürüb keçərkən, dillərini göstərirlər. Uşaq bağçası..." - yerli sakin deyir.
Ermənilərlə azərbaycanlılar arasında toqquşma sülhməramlıların yeganə problemi deyil. Bəzən hərbçilər yerli qoyunların taleyini həll etməli olur. Qoyunlar daim sülh sazişini pozmağa can atır. İllərlə çobanlar bu rayonda qoyunları otlaqlara sürəndə dövlət sərhədlərinə o qədər də məhəl qoymayıblar - bütün ətraf ərazilərə ermənilər nəzarət edirdi. İndi Laçın dəhlizinin xaricində Azərbaycan hərbçilərinin nəzarət-keçid məntəqəsi yerləşir.
"Hörmətli yoldaş, kömək et! Yenə qoyunlar dumana gedib, 300 baş! Tez sülhməramlılara zəng elə, yoxsa qoyunlarım o tərəfə gedər. Keçən dəfə azərbaycanlılar 20 baş qoyunumuzu qaytarmayıblar!"
Sabahısı gün qoyun sürüsü yenidən sülhməramlıların yolunu keçib. Çoban sürünü Azərbaycan karvanının keçməsindən bir dəqiqə əvvəl yola çıxarıb. Yaxşı ki, müşayiət edən maşın öz siqnalı ilə qoyunları qorxudub - beynəlxalq qalmaqaldan qurtarıb.
Müqəddəs Dirilmə erməni kilsəsinin oyma naxışlı taxta qapıları bağlıdır. Məbəd ötən ilin noyabrın sonundan işləmir, lakin yerlilər hətta bağlı qapıların qarşısında ibadət etməyə gəlirlər - əbədin perimetri üzrə çıxıntılar üstündə yanıq-yanıq olmuş qəndil və şam qalıqları durur.
"Biz keşişin heç olmasa bazar günü gəlməsini xahiş edirik. Ancaq o gəlmir. Yəqin qorxur", - kənardan keçən yerli sakin deyir.
Yoldan sülhməramlıların maşını sürətlə keçir. "Sağa sıxılın, karvanı buraxın", - səsucaldanla maşından əmr edirlər. Yerli süd satan yavaşıyır və yolun kənarına sıxılır. Deməli, azərbaycanlılar keçir.
Yerli sakinlər söyləyirlər ki, ilk zamanlar sülhməramlılar istisnasız olaraq bütün maşınları yoxlayırdı - təxribatdan, yaxud silahlı toqquşmadan ehtiyatlanırdılar, ona görə, ilk növbədə silah axtarırdılar. İndi ara-sıra, əsasən yük maşınları və mikroavtobusları yoxlayırlar. Deyirlər, beləliklə soyğunçuluğun qarşısını almağa çalışırlar.
"Ailəmizin burada üç evi var. Mərkəzdə yerləşir. Yoldan bir kilometrə yaxın. Biz hər gün ora gedə bilmirik - qapılar kilidlənib. Oğlum bu yaxınlarda gedib, deyir, qapını sındırıblar. Artıq ikinci oğlumunkunu da sındırıblar". Aida Balikyanın özü Laçın mağazasında satıcıdır, bir həftədir, evində olmayıb.
Sülhməramlılar, əlbəttə, asayişə nəzarət edirlər, lakin Aidanın dediyinə görə, soyğunçular bilirlər nə vaxt gəlsinlər ki, patrulla rastlaşmasınlar. Başqa Laçın sakinləri söyləyirlər ki, bir vaxt soyğunçular lap ürəklənmişdilər - günün günorta çağı evlərin damlarını sökürdülər. Onları atəşə tutdular, o vaxtdan oğurluq kəsilib.
"Mən onu bilirəm ki, bunu edənlər azərbaycanlılar deyil, bizimkilərdir", - Aidanın izahatı da var. - "Onlar yaxşı gündən bunu etmir. Elektrik məftillərini belə qopardırlar ki, satıb birtəhər dolasınlar".
"Heç kəs bilmir, bundan sonra nə və necə olacaq. Bir qonşu kənddə belə olub: gecə saat 12-də gəlib deyiblər ki, getmək lazımdır. İnsanlar bilmirdi, özləri ilə nə götürsün". Larisa əri ilə şəhərdə ikinci işləyən mağazanı saxlayır. Burada həm qalmış yerli sakinlər, həm də Rusiya sülhməramlıları alver edirlər.
"Biz heç nəyi həll etmirik. Bizim əvəzimizə böyük dövlətlər həll edir. Bizə bununla birtəhər yaşamaq qalır, necəsə uyğunlaşmaq qalır. Biz çox balaca adamlarıq ki, bundan sonra nə olacağını bilək".
Özü haqqında Larisa deyir ki, Laçından heç vaxt getməyib, çünki "hər yerdə müharibə ola bilər", bir də ki, "doğma evdən hara gedəsən".
O, indi də, şəhər boşaldıqdan və sülh razılaşmasına əsasən, Azərbaycanın bir hissəsi olduqdan sonra, buradan getməyə hazırlaşmır - sonadək burada yaşayacaq, nə qədər mümkün olsa. Azərbaycan Qarabağ sıra dağlarının cənub-qərb yamacında yerləşən kiçik Laçın şəhərinin qaytarılmasını az qala üç onillik gözləyib.
Şəhər bu regionda Dağlıq Qarabağın "paytaxtı" Stepanakerti (Xankəndi - BBC News Azərbaycanca) Ermənistanla birləşdirən çox mühüm yol üzərində yerləşir. Yaxın bir neçə il ərzində bu gərginlik qovşağına Rusiya hərbçiləri nəzarət edəcək. Laçında onlar öz qaydalarını tətbiq ediblər.