Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Hakim partiyanın ali tədbiri bir sıra istiqamətlər üzrə böyük yeniliklərlə müşayiət edildi. Bu qurultay bir zamanlar hakim partiyanı bütövlükdə nəzarətdə saxlayan şəxslərin mütləq əksəriyyətinin “zərərsizləşdirilməsi” baxımından da əhəmiyyətli sayıla bilər. Uzun illər narazılıq yaradan, hakimiyyətlə xalqın arasını vurmaqla özləri üçün münbit mövqe yaradan bu şəxslər bundan sonra YAP adından istifadə etmək imkanları da itirmiş oldular. Onların əvəzinə gənc və reputasiyası təmiz kadrlar irəli çəkildi."AzPolitika.info" YAP-dakı bu dəyişikliklərlə bağlı veteran YAP-çılardan sayılan professor
Əli Əlirzayevlə söhbətləşib.
Professorla müsahibəni təqdim edirik:
- Əli müəllim, Yeni Azərbaycan Partiyasının (YAP) çox ciddi yeniliklərin qeydə alındığı qurultayı arxada qaldı. YAP-a ilk üzv olan şəxslərdən biri, bu partiyanın inkişafında zəhməti olan sadiq YAP-çı olaraq qurultayla bağlı təəssüratlarınız nədən ibarətdir?- YAP-ın qurultayının keçirilməsi lazım və vacib idi. Neçə illərdir qurultay keçirilmirdi. Həm də partiyanın İdarə Heyətində, digər strukturlarda olanların əvəz olunması prosesi təbiidir. Eyni zamanda ölkə Prezidenti və YAP sədrinin yeni baxışları, konseptual yanaşmaları ali tədbirdə müzakirə olunmalı idi. Bütün bunlar qurultayın keçirilməsini vacib edirdi.
Ancaq qurultayın keçirilməsinin proseduru var. Bildiyim qədər rayon təşkilatlarında iclaslar olmalı, buradan qurultaya nümayəndələr seçilməli idi. Amma birbaşa dəvət olunan şəxslərin iştirakı ilə qurultay keçirildi, YAP sədri də qurultayda çıxış etdi. Burada əsas məqsəd dəyişikliklər idi. Dəyişikliklər də baş tutdu.
- Dəyşiklikləri necə qiymətləndirirsiniz, YAP-da köklü şəkildə yenilənmə oldumu?- Hesab edirəm ki, bu, köklü dəyişiklik deyil. Nə mənada? Mən gedənlər və gələnlər haqqında mənfi bir söz demək niyyətində deyiləm. Hər kəsin öz şəxsiyyəti, mənliyi var. Mənim də nüfuzuma və yaşıma yaraşmaz deyim ki, filankəs niyə seçildi, behmankəs niyə seçilmədi. Amma bütövlükdə deyə bilərəm ki, özlərini təsdiq edə bilməyən, YAP rəhbərliyində olan, amma özünü nüfuzdan salan şəxslərin hamısını dəyişdilər. Ancaq bu, köklü dəyişiklik deyil. Mən qurultaydan əvvəl çıxış edib demişdim ki, bu adamların hamısı getməlidir, lakin çoxu qaldı. Bəziləri Veteranlar Şurasında, bəziləri digər qurumlarda. Əslində, Veteranlar Şurasına xidmətləri olan və yaşlaşan şəxslər salındı. Yəni onlar tamamilə çıxdaş edilmədilər. Ancaq Veteranlar Şurasının hüquqi əsası nədir, səlahiyyəti nədən ibarət olacaq, onlar hansı işlərlə məşğul olacaq məsələsi hələlik bilinmir. Mən Veteranlar Şurasında olanların çoxunu tanıyıram. Onlar hörmət əlaməti olaraq oraya salındı. İdarə Heyətinə gəldikdə isə, deyərdim ki, burada iki istiqamət var. Sanki belə görünür ki, İdarə Heyətinə salınanlar kiminsə dəstəyi sayəsində ora düşüblər. Yəni hansısa nazir və ya başqa vəzifəli şəxslərin dəstəyini alıblar. Onlara dəstək verənlər də Prezident İlham Əliyevin ətrafında olan insanlardır. Diqqət etdikdə görürük ki, İdarə Heyətində bir zamanlar Heydər Əliyevin ətrafında olan şəxslərin sayı çox azdır.
- Amma dövr-zaman da dəyişir. Siz dediyiniz insanlar 30 il partiyada, onun rəhbərliyində olublar. Üstəlik, onlardan heç biri sizin kimi tənqidi fikirlər səsləndirməyiblər və əksəriyyətinin də cəmiyyət arasında müsbət obrazı yoxdur...- Bir daha qeyd edim ki, mənim o yaşım deyil ki, bu adamlar haqqında nələrsə deyim. Sadəcə, gördüklərimi deyə bilərəm. Mən deyirəm ki, YAP-ın yaranmasına gətirən yol vardı. Heydər Əliyev 1987-ci ildə faktiki SSRİ rəhbərliyindən uzaqlaşmışdı. Onda Heydər Əliyevin arxasınca çox az adam gedirdi. Gedənlər də “Əlincə” Cəmiyyətində cəmləşmişdilər, ya da ona kənardan dəstək verirdilər. Sonra Naxçıvan həyatı YAP-ın yaranmasında əsas rol oynayırdı. O adamlar ki, Heydər Əliyevin yanına gəlmişdilər, onların çoxu vəfat edib, on nəfər qala-qalmaya.
Arif Rəhimzadənin xidmətləri olub. Düşünürdüm ki, onu İdarə Heyətinə salarlar. Tahir Budaqovu, onun indiki müavinlərini yaxşı tanıyıram. Hörmətim də var. Amma çoxu YAP-a Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qoşuldular. Baxmayaraq ki, çoxu Heydər Əliyevin Naxçıvanda olduğu müddət onun yanına gəlməmişdilər.
- Bir zamanlar YAP-da sizi tədbirlərə dəvət etməyən, əksinə, mətbuatda sizi tənqid edən şəxslər də rəhbərliyə seçilmədilər. Buna reaksiyanız necədir?- Əli Əhmədov getməlidir. Onun partiya rəhbərliyində qalmasının səbəbini bilmirəm. Əli Əhmədov YAP-a sonradan gəlib. Hələ 2005-ci ildə mən Əli Əhmədova demişəm ki, biz Heydər Əliyevin ətrafında olanda, onu dəstəkləyəndə, siz harada idiniz? Mən heç kimdən qorxmuram. Əli Əhmədov bu gün vəzifədədir, sabah onu da çıxaracaqlar.
Siyavuş Novruzovu götürək. Siyavuş mənim yerlimdir. Ancaq ona-buna daş atmaqla məşğul olurdu. İndi rəhbərliyə buraxmadılar. Bilirsinizmi, mən hesab edirəm ki, həm də xidmətə görə qiymət verilməlidir... Şəxsən məni qurultaya dəvət etmədilər. Canları sağ olsun. Heç olmasa məni Veteranlar Şurasına sala bilərdilər. İndi lap köhnələrdən kimi dindirsəniz, sizə deyə bilər ki, Əli Əlirzayev tapança altında gedib kənd-kənd dolanırdı. YAP-ın birinci iclasını mən keçirmişəm. Rəhmətlik Heydər Əliyev dedi ki, kəndinizdə iclas keçir, gəl mənə izah elə görüm camaatın reaksiyası necədir. Gedib kənddə iclası keçirəndə az qalırdılar məni öldürsünlər. Biri deyirdi İdarə Heyətinə salın, digəri deyirdi Siyasi Şurada olmalıyam. İndiki adamlar o vaxt harada idi? Əli Əhmədov deyir ki, insan ideologiyasını dəyişə bilər. O mənada ki insan öz üzərində işləyir və dəyişə bilər. Lap yaxşı, sən dəyiş, get qabağa, mən dəyişməmişəm, amma qabağa da gedə bilmədim. Mən açıq deyə bilərəm ki, kimki açıq fikirlidir, Prezidentə və ölkəyə kömək edən adamdır, onlar partiyada kənarda qaldılar. O cümlədən də mən. 60 yaşımda məni bütün vəzifələrdən kənarlaşdırdılar. Nə seçdilər, nə də bir vəzifəyə qoydular. Müəllim babayam, axşama qədər də tələbələrlə işləyirəm. Hamı da bilir ki, hansı həyat yolunu keçmişəm. Bunun qarşılığında məni Veteranlar Şurasına da salmadılar. Kim salmır? Əli Əhmədov salmır da. 2005-ci ildə mən Xətai seçki dairəsində İqbal Ağazadə ilə rəqib olanda çıxıb dedilər ki, Əli Əlirzayevə kömək lazımdır, professordur, ziyalıdır. Onda Əli Əhmədov nəsə atdı. Mən də bildirdim ki, mən Heydər Əliyevi müdafiə edəndə, onun yanında duranda, siz harada idiniz. O zamandan mənimlə intriqa aparır. Belə rəhbər olmaz axı.
- Ramiz Mehdiyevə, Əli Həsənovlara YAP-da heç bir vəzifə verilmədi. Bunu necə qarşıladınız?- Bildiyim qədər Ramiz Mehdiyevi Veteranlar Şurasına seçiblər. "Bala" Əli Həsənovu heç yerə seçmədilər. “Qaçqınkom” Əli Həsənovun Veteranlar Şurasında olub-olmadığını dəqiq bilmirəm. Amma bu adamların getməsi lazım və zəruri idi. Çünki tənqid atəşi hədəfində idilər. Əməllərinə görə.
- Onlar həm də zəngin adamlar idi...- YAP-da elə adamlar vardı ki, ümumiyyətlə paxıl idilər. Heç səmimi YAP-çı da deyildilər. Amma öz məqsədlərinə çatmaq üçün YAP-dan istifadə edirdilər. Nə qədər tərif olar? Demirdilər ki, gəlin bu işi görək, nəticəsi yaxşı olar. Nəticədən də hamı bəhrələnə bilər. Amma onlar vəziyyətdən istifadə edərək YAP-a daxil oldular. Heydər Əliyev YAP-ı yaradanda çoxu, xüsusilə vəzifəsi olanlar partiyaya daxil olmaq istəmirdi. Bir növ gözləmə mövqeyində idilər. Düşünürdülər ki, hakimiyyətdə Ayaz Mütəllibovdur, Xalq Cəbhəsidir. Heydər Əliyev bir dəfə Naxçıvan Ali Məclisdə durub dedi ki, Tahir Əliyev, danış da. Çünki portokrat idi. Mən onda Naxçıvanda universitetdə dərs deyirdim, bütün günü də Heydər Əliyevin yanında olurdum, bir sıra iqtisadi məsələləri də mənə tapşırmışdı. Onu hazırlayırdıq.
Mən getdiyim yerdə pul qazanmamışam. Pul verib vəzifəyə getməmişəm. Məndən sözümü dediyimə görə hər zaman ehtiyat ediblər. Sözsüz ki, mən rəhbərlik məsələsində subardinasiyanı da gözləyən insanam. Hesab edirəm ki, əgər mənim rəhbərimdirsə, ona qarşı çıxmamalıyam. Amma həm də görəndə ki, 5 ildən sonra buna görə mənim rəhbərliyimi tənqid edəcəklər, durub deyirdim ki, buna getməyək. O "xırda" Əli Həsənova neçə dəfə demişəm ki, bu düzgün yol deyil. Dərhal qaçırdı Ramiz Mehdiyevin yanına və deyirdi ki, filankəs filan sözü dedi. Aranı vurur, qarışdırırdı. Belə adamlar da qabağa gedirdi.
- Demək istəyirsiniz ki, ara qarışdıranların kitabı artıq bağlandı?...- Onların çoxunun yaşı 65-dən yuxarıdır. Üstəlik, hamısının əmlakı, villası, pulları var. Daha bunlara nə lazımdır? Ömürlük vəzifədə olmaq olmaz ki... Vəzifə müvəqqəti şeydir. Ən yaxşı vəzifə sahibi odur ki, vəzifədən çıxdıqdan sonra gedib camaatın içərisindən, hamının yanından keçib gedə biləsən. Bu əsasdır. Yəni yolda biri sənə sataşmasın, başqası söz atmasın, gördüyün hansısa pis əməlləri üzünə vurmasın. Yaşamaq üçün böyük pullar, var-dövlətdən daha çox yaxşı əməllər, qürur lazımdır. Onlar da ömür boyu əmlak, var-dövlət haqqında düşündülər. Şəxsən mən heç kimə pul vermədim, vəzifədə-prorektor olanda 1 manat almadım. Kafedra müdiri oldum, amma yetişən gənclərdən də pul almadım.
Hər halda YAP-da dəyişiklik lazım idi. Bilirsinizmi, köhnə variantda qalanda insanlar danışır, narazılıq edirdi. Görürdü ki, bu adamlar yaxşı işləmirlər. İmicləri də getdikcə aşağı düşürdü. Həmişə dəyişiklik lazımdır. Prezident Əliyev dəyişiklikləri həyata keçirməklə göstərdi ki, bu hadisələrə biganə qalmır. Əksinə, hadisələri dəyərləndirir və qiymətləndirir. Mən cavan insanlara ehtiram etməyin lazım olduğunu düşünürəm, çünki özümüz də cavab olmuşuq. Amma bu o demək deyil ki, yaşlı adamları da işdən çıxarasan. Hesab edirəm ki, partiyada ümumi sistem dəyişilməlidir. Əli Əhmədov nə qədər orada qalırsa, deməli köhnə sistem davam edəcək.
- Son dəyişilmələr zamanı YAP-ın İcra Katibi strukturu da ləğv edilib axı...- Bilirəm. Siz elə bilirsiniz siyahını Əli Əhmədov tutmayıb? Əli Əhmədov tutaraq partiya sədrinə təqdim edib. Mən bayaq qeyd etdim ki, hər adamın arxasında kimsə dayanır. Əli Əhmədov baş nazirin müavinidir. Hələ vəzifədədir. Əli Əhmədov Ramiz Mehdiyevə də yaxındır. Onlar istəməz ki, mənim kimi adamlar ora düşsün.
- Sizi partiyaya kömək etməyə, məsləhət verməyə dəvət etsələr, gedərsinizmi?- Niyə getmirəm?! Mən bu partiyanın əziyyətini çəkən 5-10 nəfərdən biriyəm. Ən ağır günlərdə onun əziyyətinə qatlaşmışam. Əlbəttə, məni dəvət etsələr əlimdən gələni edərəm. Amma həm də mənim işimə kənardan heç kim qarışmamalıdır. Partiya rəhbərliyindən savayı. Amma məni çağırmazlar. Əgər çağırsalar və imkanım, səlahiyyətim olsa, əlbəttə, əlimdən gələni edərəm.
Nəzərə almaq lazımdır ki, mən partiyamız üçün əziyyətlər çəkmişəm. Məni Siyasi Şuradan çıxardılar, dinmədim. Bir iş vermədilər, dinmədim. Amma imkanım olsa partiyaya köməklik edərəm. Daha demirəm ki, gedib Amerika yarada bilərəm. Sistem daxilində əlimdən gələni edirəm. Bilirsinizmi, bu müddət ərzində əgər istəsəydilər məni məhv edərdilər. Niyə etmədilər? Oğurluğa, rüşvətə, korrupsiyaya getmədim. Hətta müxalifətlə üz-üzə gələndə onlara açıq deyirdim ki, siz burada səhv deyirsiniz, amma bu biri sözünüz doğrudur. Onlarda mənimlə razılaşmalı olurdular.
Vaqif NƏSİBOV"AzPolitika.info"