Kreml və Ağ Evin bitməyən savaşı: ABŞ-dan təzyiq artdıqca, Rusiyanın qonşularına yaratdığı problemlər çoxalır

10-03-2021, 14:25   


Kreml və Ağ Evin bitməyən savaşı: ABŞ-dan təzyiq artdıqca, Rusiyanın qonşularına yaratdığı problemlər çoxalır

Donbasda döyüşlər səngimək bilmir.
Son sutka ərzində Rusiyadan dəstək alan Dontesk və Luqanskdakı separatçı qüvvələr Ukrayna ordusunun mövqelərini atəşə tutub.
“Krasnoqorovka, Peski, Novozvanovka, Zolotoe-4, Opıtnoe, Lebedinskoe, Avdeyevka, Yujnoye, Troitskoye, Pişevik, Jeleznoye yaşayış məntəqələri ərazisində Rusiya işğalçıları Ukrayna bölmələrinin mövqelərinə Minsk razılaşması ilə qadağan olunmuş 120 mm və 82 mm minaatanlardan, həmçinin qumbaraatanlardan, iriçaplı pulemyotlardan və müxtəlif atıcı silahlardan atəş açıb”- Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyat Qərargahının yaydığı məlumatda belə qeyd edilir.
Həmçinin, Ukrayna ordusunun da qarşı tərəfə atəşlə cavab verdiyi bildirilir. Yaranmış vəziyyətə münasibət bildirən Ukrayna Prezidenti Vladimir Zelenski “Müxalifət Platforması - Həyat Uğrunda” Siyasi Şurasının sədri və Rusiya Prezidentinin “xaç atası” Viktor Medvedçuka qarşı tətbiq olunan sanksiyalardan sonra Donbas cəbhəsində təxribatların sayı artıb. Ancaq dövlət başçısı bunları bir-birinə bağlamaq istəmədiyini deyib. Donbasda vəziyyətin gərginləşməsindən sonra Ukraynanın genişmiqyaslı hərbi əməliyyatlara başlayacağına dair məlumatların sayı artır.
Ukrayna Daxili işlər nazirinin müavini Valeri Patseluyko hazırda qış mövsümü ilə əlaqədar müharibə aparmaq üçün əlverişli şərait olmadığını deyib. O, yaz aylarında yer quruduqdan sonra Donbasın azad edilməsi əməliyyatına başlanacağını istisna etməyib. Qeyd edək ki, Donbasda müharibə başlayarsa, bu, 2014-2015-ci illərdən fərli olaraq daha böyük miqyas ala bilər.
Çünki Ukrayna ordusu həmin dövrdə demək olar ki, pərakəndə və çox zəif vəziyyətdə idi. Lakin ötən 6 il ərzində ABŞ başda olmaqla NATO dövlətləri Ukrayna silahlı qüvvələrini ən müasir latel silahlarla təmin edib.
Son zamanlar bu prosesə Türkiyə də fəal şəkildə qoşulub. Türkiyə Ukrayna Hərbi Hava Qüvvələrini Azərbaycanın 44 günlük Vətən müharibəsində istifadə etdiyi “Bayraktar TB-2” və ondan daha müasir olan “Bayraktar Akıncı” zərbə PUA-ları ilə təmin edib.
ABŞ Konqresi müharibə şəraitində Ukraynaya NATO-ya daxil ölkələrlə eyni statusa malik birbaşa hərbi yardım göstərmək haqqında qərar qəbul edib. Ekspertlərin hesablamalarına görə, həmin PUA-lar separatçıların Donetskdə və Luqanskda yerləşdirdiyi 400-ə yaxın zirehli texnikanı tamamilə məhv etməyə qadirdir. Ona görə də müharibə başlayacağı təqdirdə Rusiya 2014-cü ildən fərqli olaraq, tamamilə başqa mənzərə ilə üzləşəcək. Rusiya tankları ABŞ-ın “Javelin” raketləri və “Bayraktar” PUA-larının zərbələrinə məruz qala bilər.
Bir sözlə, Rusiya və ya onun dəstəklədiyi separatçı qüvvələr ciddi itkilər verə bilər. Ancaq Rusiya ilə genişmiqyaslı hərbi əməliyyatlardan Ukraynanın qalib çıxacağını söyləmək çətindir. Ukrayna Rusiya ilə cənub-şərq sərhədlərinin 400 kilometrlik hissəsinə nəzarət edə bilmir. Bu isə Rusiyaya prosesə fəal müdaxilə etmək imkanı yaradır. Kreml yeni müharibədən Ukrayna üçün strateji əhəmiyyət daşıyan Mariupol, Xerson şəhərlərini işğal etməklə Donbasla bufer zona yaratmaq üçün yararlanmağa çalışa bilər. Onu da nzərərə almaq lazımdır ki, indi ABŞ-da Ukrayna məsələsinə çox həsas yanaşan və “Rusiya qırğısı” adlandırılan Co Bayden hakimiyyətdədir.
Qeyd edilən səbəbdən Ukrayna ərazilərinin yenidən işğalı Putin hakimiyyəti üçün daha ağır problemlər yarada bilər. Bu, 2014-cü ildə Krımın ilhaqından sonra başlanmış “soyuq müharibə”nin daha aktiv mərhələyə keçməsi deməkdir.
Politoloq Fərrux Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ və Rusiya arasında artmaqda olan geosiyasi qarşıdurma Ukraynada vəziyyətin yenidən gərginləşməsinə səbəb ola bilər:

“Çünki Bayden administrasiyası Rusiyanın qonşu postsovet ölkələri üzərində təsirini azaltmağa çalışır. Rusiya isə ABŞ-ın bu strategiyasına “yaxın xaric” hesab etdiyi ölkələrə qarşı təcavüz və təxribatlar törətməklə cavab verir. Bu baxımdan, Donbasda döyüşlərin başlanması Rusiyanın ABŞ-a qarşı müqavimət cəhdidir. Lakin bu müharibədə Ukraynanın Rusiyaya tezliklə qalib gələcəyi hələ inandırıcı görünmür. Co Baydenin ABŞ-da prezident seçilməsindən sonra “İkinci Reyqan planı” adlanan xarici siyasət strategiyasının növbəti mərhələsi başlanılıb. Bu plan Mərkəzi Kəşfiyyat İdaərsi, “Pentaqon” Federal Təhlükəsizlik Bürosu və Milli Təhlükəsizlik Agentliyi tərəfindən birlikdə, yeni mərhələdə həyata keçirir. Çünki bu dörd agentlik yalnız Rusiyanın Ukraynaya qarşı təcavüzünə deyil, həm də ABŞ-ın öz daxilində etdiyi kiberhücumların, ABŞ-ın COVİD-19 pandemiyasına qarşı istehsal etdiyi peyvəndlərin gözdən salınması kampaniyasına qarşı da birləşərək kəşfiyyat və əks-kəşfiyyat mübarizəsinə gətirib çıxartdı. Bu da Prezident Baydenin Rusiya müxalifətinin lideri Navalnıya edilən təzyiqlərə görə Moskvaya qarşı siyasi hərəkat başlatmasına səbəb oldu”.
Həmsöhbətimiz bildirib ki, bu prosesə həmçinin Rusiya təbii qazının Avropa bazarına çıxarılmasını nəzərdə tutan “Şimal axını-2” boru kəməri layihəsinə sanksiyaların tətbiqi də daxildir:
“Baydenin mesajı çox açıq və qəti idi. Bayden administrasiyası son 30 ildə Rusiya Prezidentinin ən yaxın ətrafını sanksiyalar altına saldı. Bunlar Putinin ətrafında önəmli strateji postlar tutan şəxslərdir. Vaşinqton Putini deyil, ətrafını sanksiya altına salaraq onların Rusiya Prezidentinə xəyanət etməsi üsulunu seçir. Beləliklə, onları Qərbdən sıxışdıraraq Putinin reytinqini Rusiya elitasında aşağı salmağa çalışır. Çünki Putini devirə biləcək siyasi qüvvə Rusiya elitasıdır. Ona görə də ABŞ Rusiyaya qarşı sərt sanksiyaların sayını artırmağa başlayıb. Ukraynada baş verənlər də göstərir ki, Bayden administrasiyası “İkinci Reyqan planı”nı Rusiyaya qarşı bütün siyasi, hərbi və iqtisadi cəbhələrdə işə salıb. NATO Baş katibinin “Ukrayna NATO-nun üzvü olsaydı, işğala və ilhaqa məruz qalmazdı” deməsi bu fikri bir daha təsdiləyir. ABŞ Rusiya “dərin dövlət”inin iqtisadi maraqlarını ram edərək passivləşdirməyə çalışır. Böyük Britaniya xüsusi xidmət orqanları da bu prosesdə yaxından iştirak edir”.
Ekspert hesab edir ki, Ukrayna ilə yanaşı, Gürcüstan, Moldova, Belarus və Azərbaycan da Rusiyanın təhlükə törədə biləcəyi “qırmızı zona”ya daxildir:
“Rusiya Ukraynanın başqa şəhərlərini də işğal etməklə ehtiyat ərazilər qazanmaq niyyətindədir. Son vaxtlar Donbasda baş verən döyüşlərin səbəbini də burada axtarmaq lazımdır. Ukrayna ordusu əvvəlki ilə müqayisədə xeyli təkmilləşib. Lakin Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ukraynada milli ruh, milli düşüncə tam formalaşmayıb. Ona görə də belə milli əhval-ruhiyyə ilə qələbədən danışmaq hələ tezdir. Hətta Ukrayna bu müharibədə məğlub ola bilər. ABŞ Ukrayna ordusunu yeni növ silahlarla təmin etməyi və bu ölkənin ordusunu gücləndirməyi düşünür. Çünki Ukraynada baş verə biləcək hər hansı işğal prosesi Avropanın milli təhlükəsizliyini təhdid edir. Bu, Qara dəniz ölkəsi olan Türkiyənin də maraqlarına ziddir. ABŞ Rusiyaya qarşı “İkinci Reyqan planı” adlanan strategiya ilə mübarizə aparır. Rusiyanın ABŞ-a qarşı savaş mexanizmi olmadığına görə cavab tədbiri kimi hərbi aqressiya ilə qonşu dövlətlərə hücum edir, sabitliyi pozan təxribatlar törədir. Rusiya bu yolla ABŞ-a cavab verməyə çalışır. Belə aqressiya beynəlxalq hüquq normaları və BMT-nin müəyyən etdiyi qaydalardan kənara çıxan fəaliyyətdir. Kremlin qeyd edilən siyasəti müstəqil qonşu dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaradır. Ona görə də yaxın gələcəkdə “Reyqan planı”nın miqyası böyüdükcə, Rusiyanın təcavüzkar, dağıdıcı hərəkətləri də artacaq. Amma hər böyüyən təşkilat kimi bunun da partlaması an məsələsi olacaq. Bayden administrasiyası özünün dörd illik hakimiyyəti dövründə Putin erasının təcavüzkar siyasətini minimuma endirməyə çalışacaq. ABŞ Prezident Baydendən ibarət deyil, orada idarəetmə sistemi var. Rusiya hakimiyyəti isə Putindən ibarətdir. Ona görə də Putin başqa ölkələrin ərazisində daha çox problem yaratmaqla özünün xələfinə siyasi bazarlaşma aparmaq üçün miras qoymaq istəyir. Yəni növbəti prezident Rusiyanın ərazi bütövlüyünü qorumaq üçün işğal olunmuş ərazilərdən imtina etməklə daxili təhlükəsizliyi qoruya bilsin. Rusiyanın hazırkı siyasəti bundan ibarətdir”.
Politoloq bildirib ki, Ukrayna elitası oliqarxların təsirindən və korrupsiyadan azad ola bilməyib:
“Vladimir Zelenskiyə böyük ümidlər var idi. O, Reyqan kimi böyük siyasətə incəsənətdən gəlsə də, həmin uğuru təkrarlaya bilmədi. Zelenski prezident olmazdan qabaq daha gözəl rol oynayırdı və insanları özünə inandıra bilirdi. İndi isə onun oynadığı tamaşa maraqlı alınmır. Çünki özü bu siyasi oyuna inanmır. Düşünürəm ki, Zelenskinin xüsusilə daxili siyasətdə daha avtoritar olmasına ehtiyac var. Əks halda, Ukraynada siyasi xaos davam edəcək”.
Müşfiq Abdulla
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.