Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının və xidmətlərin qiyməti bahalaşıb

18-03-2021, 09:07   



Azərbaycanda bahalaşan ərzaq qiymətləriŞƏKLİN MƏNBƏYİ,AZIZ KARIMOV/GETTY IMAGES

Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının və xidmətlərin qiyməti bahalaşıb.

Bu barədə məlumatı Azərbaycan Statistika Komitəsi yayıb.

Qurumun açıqlamasına görə, istehlak qiymətləri indeksi 3,7 faiz artıb.

Bu o deməkdir ki, yanvar ayında toyuq yumurtasının 10 ədədi orta hesabla 1,92 manat idisə, fevral ayında bu qiymət 1,99 manat olub.


Həmçinin, 3,09 qəpik olan şorun qiymətində 5 qəpik, əla növ buğda çörəyinin qiyməti müvafiq olaraq 82, daha sonra 83 qəpik olub.


Buğda ununun qiyməti orta hesabla üç qəpik, makaronun qiyməti isə 2 qəpik bahalaşıb.

Şəkərin qiymətində 7, şəkər tozununu qiymətində isə 5 qəpik artım olub.

Çayın da qiyməti qalxıb: azı 6 qəpik.



   Bundan başqa, toyuq əti və məhsullarında qiymət artımı təqribən 6-9 qəpik arasında dəyişib.

Balıq əti və balıq məhsullarında, balıq konservlərindəki artım 12 qəpiyə qədər olub.

Bundan başqa süd və süd məhsullarında 41, kərə yağı və zeytun yağının qiyməti orta hesabla 10, günəbaxan və qarğıdalı yağının qiymətində isə təqribən 35 qəpik artım olub.

Meyvə tərəvəzlərdən kartof və soğan yanvar ayına nisbətən 3-4 qəpik bahalaşıb.

Mal və qoyun ətinin qiymətində isə orta hesabla 4-5 qəpik ucuzlaşma qeydə alınıb, komitənin rəqəmlərinə əsasən bu qənaətə gəlmək olur.

Bu ilin yanvar-fevral aylarında qiyməti dəyişməyən məhsullar da var, bunlardan siqaret və duzu misal göstərmək olar: filtrli siqaretin və duzun orta qiyməti müvafiq olaraq, 2,13 və 0,73 qəpik olub.

Qeyri ərzaq məhsullarında da artımı açıqlayan Statistika Komitəsi, pambıq parçanın yanvar ayına nəzərən fevralda iki, təbii, sintetik və digər liflərdən hazırlanan ipək parçanınsa bir qəpik bahalaşdığını bildirir.

Bundan başqa geyim məhsullarında 70 qəpiyədək müşahidə olunan bahalaşma, tikinti-təmir materiallarında altı manatadək dəyişir.

İqtisadi təhlilçi Toğrul Vəliyev sosial media hesabında yazır ki, Statistika komitəsinin qiymətlərin sadəcə 3,7 faiz, ərzaq məhsulları isə 5,2 faiz artması ilə bağlı rəqəmlərinə "heç kim" inanmaz.

O yazır ki, Azərbaycanda sonuncu dəfə nəyinsə qiymətinin 5 faiz qalxdığını yada salmaq çətindir.

"Təsəvvür edin ki, yumurta 15 qəpik yox 15,75 qəpiyə satılır, ya da çörək 50 qəpik yerinə 52,5 qəpiyə və sair. Əlbəttə ki, bu orta göstəricidir, hansısa ərzağın qiyməti 50 faiz artıb, digəri isə heç artmayıb. Amma orta göstəriciyə ən azı hesablama üsulu təsir edir", - cənab Vəliyev vurğulayıb.

BBC News Azərbaycancanın fevral ayının ikinci yarısında apardığı monitorinq zamanı ərzaq mağazası satıcıları müxtəlif məhsulların qiymətlərinin 10 qəpikdən 40 qəpiyədək bahalaşdığını bildiriblər.



20 faiz bahalaşan çörək qiyməti

Azərbaycanda fevralın ikinci yarısında satışda olan bəzi çörəklərin qiyməti təqribən 20 faiz bahalaşıb.

Bakıda müxtəlif dükanlarda qiymətlərinə baxdığımız Nömrə 1 və Çörəkçi markalı çörəklərin qiymətində 10 qəpiyə kimi bahalaşma olub.

Bunun səbəbi nədir? - bu suala cavab almaq üçün adıçəkilən markalı çörəklərin istehsalçıları ilə əlaqə saxlamaq mümkün olmayıb. Danışdığımız bir çörək satıcısı isə bizə deyib ki, səbəb unun qiymətinin qalxmasıdır. Onun sözlərinə görə, bəzi çörəklər 5, bəziləri isə 10 qəpik bahalaşıb.

Bir Bakı sakini də BBC-ə deyib ki, hər gün 50 qəpiyə aldığı Binə zavod çörəyi kimi tanınan çörəyi bu gün 60 qəpiyə alıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BBC News Azərbaycancaya deyib ki, rəhbəri olduğu quruma hər gün ölkənin müxtəlif yerlərindən çörəyin bahalaşması və keyfiyyətinin pisləşməsi ilə bağlı müraciətlər daxil olur.

Eyyub Hüseynov bildirib ki, indiki şəraitdə digər çörək növlərinin və markalarının qiymətlərinin də qalxması və yaxud ən pis halda, çörəyin çəkisinin istehsalçılar tərəfindən azaldılması və keyfiyyətin pisləşməsi gözlənilir.

"Şübhə yoxdur ki, ölkədə bahalaşma prosesi gedir və ölkədə bahalaşan qiymət bir daha enmir. Enerji resurslarının bahalaşmasının çörəyə əlbəttə təsiri var. Lakin onu mən deyim ki, çörək biznesi ilə məşğul adamlar bir qırmızı xəttin sərhəddindədirlər. Çünki dünya bazarında buğdanın, unun qiyməti qalxır, Azərbaycanda isə onu süni saxlamaq istəyirlər. Burada dünya bazarındakı bahalaşmanın da rolu var", - Eyyub Hüseynov deyib.

Cənab Hüseynov bildirib ki, Azərbaycan hələ dünya bazarına tam inteqrasiya olunmayıb və ölkədə bu sahədə inhisarçılıq mövcuddur.

O deyib ki, əslində azad bazar şəraitində çörək istehsalçıları çörəyi istənilən qiymətə sata bilər və istehlakçının seçim hüquq var.

Anaxeber.info
BBC erzaq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.