Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Araqatson vilayətində çıxışı zamanı Rusiyadan alınan 4 Su-30SM qırıcısının silahsız olduğunu etiraf edib. Bildirib ki, qırıcıları üçün döyüş komplektini almağa fürsət tapmayıblar və Qarabağda müharibə başlayıb.
Qarabağ müharibəsindən əvvəl Ermənistan Rusiyadan Su-30SM qırıcıları əldə etsə də müharibə ərzində onları tətbiq etmədi, Azərbaycanın zərbələrindən qorumaq üçün Şirak aerodromunda gizlətdi. Daha sonra keçmiş Baş qərargah rəisi Movses Akopyan bildirdi ki, Paşinyanı bu təyyarələri almamağa çağırmışdı. Əvəzində hava hücumundan müdafiə sistemləri almağı təklif etmişdi. Lakin baş nazir hansısa maraqlarını üstün tutaraq bu qırıcıları aldı, üstəlik döyüş komplektləri olmadan.
“Bizi ittiham edirlər ki, kifayət qədər silah almamışıq, əvəzində təyyarələr almışıq. Bəli, biz təyyarələri aldıq və bəli, müharibəyə qədər onlara raketlər almağa imkan tapmadıq”,-Paşinyan etiraf edib.
Paşinyan onu da deyib ki, müharibə ərzində Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini tam yerinə yetirib. “Sadəcə olaraq biz uzun müddət Rusiyanın üzərinə əslində ona aid olmayan müttəfiqlik öhdəlikləri yükləyirdik. Rusiya keçmiş sovet respublikalarının özəyi kimi həm Ermənistan, həm Azərbayca qarşısında öhdəliklərə malikdir. Rusiya Ermənistanın strateji müttəfiqidir, amma Azərbaycanın düşməni deyil”,-o bildirib.
Virtualaz.org