Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda qalan hərbçilərinin geri çəkilmə prosesi artıq başlayıb.Bu barədə “Telegram” kanalının Ermənistanın Baş naziri Paşinyana meyilli mövqeyi ilə seçilən “Bagramyan26” səhifəsi bu “təəssüfedici” məlumatı yayıb:
“Qarabağda yalnız yerli sakinlərdən ibarət bölmələr qalacaq. Ermənistandan çağırılanlar artıq bu bölgəyə xidmətə göndərilməyəcəklər”.
Ermənistanın silahlıları Qarabağdan çıxarılır, ancaq yerli sakinlərdən ibarət bölmələr qalacaq.
Qeyd edək ki, Ermənistandan müddətli həqiqi hərbi xidmətə çağırılanların bundan sonra Dağlıq Qarabağa göndərilməyəcəyinə dair məlumat hələ fevralın 9-da yayılmışdı.
Baş nazir Paşinyanın bu il fevralında imzaladığı fərmanla bundan sonra çağırışçılar həqiqi hərbi xidməti yalnız Ermənistanın öz ərazisində keçəcək. Yəni bununla Ermənistan ordusunun Azərbaycana ərazisinə, o cümlədən Dağlıq Qarabağa göndərilməsi dayandırılacaq.
Ermənistan sosial şəbəkələrinin yaydığı məlumatdan da görünür ki, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə qalan az sayda hərbçilərin də oradan çıxarılmasına başlanılıb. Paşinyanın bu günlərdə Azərbaycanla düşmənçiliyə son qoymağa və kommunikasiyaları bərpa etməyə çağıran açıqlamaları fonunda bu məlumatın yayılması təsadüfi görünmür.
Çox güman ki, Ermənistan hakimiyyəti bununla növbəti dəfə Azərbaycanla müharibəyə girmək istəmədiyini nümayiş etdirir. Əks təqdirdə, növbəti hərbi qarşıdurma Ermənistan ordusunun Qarabağdakı qalıqlarının da tamamilə məhv olmasına gətirib çıxara bilər. Ermənistanın isə Azərbaycan ərazisinə hərbi müdaxilə etmək üçün əlində heç bir əsas yoxdur. Bu Azərbaycana qarşı hərbi təcavüz aktı kimi tanınmaqla yanaşı müharibənin Ermənistan ərazisinə keçməsinə səbəb ola bilər. Rəsmi İrəvan isə hadisələrin belə inkişafında maraqlı deyil.
“Bagramyan26” səhifəsinin yaydığı digər məlumatda isə Ermənistan qoşunlarının dağlıq Qarabağdakı qalıqlarının çıxarılmasının məxfi detalları açıqlanıb. Daha doğrusu, Ermənistanın Qarabağdan Azərbaycanın qoyduğu şərtlər əsasında geri çəkildiyi bildirilir.
Qeyd edilir ki, Azərbaycan üç şərtin yerinə yetiriləcəyi təqdirdə, rəsmi Bakı həbs olunmuş terrorçu adlandırdığı, İrəvanın isə hərbi əsir hesab etdiyi 73 nəfər şəxsi geri qaytarmağa hazır olduğunu bildirib.
Bu barədə hərbi əsir kimi təqdim olunan terrorçularla bağlı Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırmış Siranuş Saakyan açıqlama verib.
Saakyan “əsirlər”in sayının 200-ə yaxın olduğunu desə də, Azərbaycan tərəfi bu məlumatın həqiqətəuyğun olmadığını bildirib, yalnız 73 nəfərin adını təsdiqləyib.
Azərbaycanın mövqeyinin hüquqi əsasa malik olduğu Avropa Məhkəməsinin qərarında da öz əksini tapıb. Ermənistan tərəfinin üç şərtlə bağlı iddiasının nə qədər dəqiq olduğu hələ məlum deyil. Ancaq söhbətin aşağıda qeyd edilən tələblərdən getdiyi bildirilir.
Birincisi, Ermənistan ordusunun qalan hissələri də Dağlıq Qarabağdan çıxarılmalıdır.
İkincisi, Qırmızı Bazar qəsəbəsi boşaldılaraq Azərbaycana geri qaytarılmalıdır. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi hazırda ermənilərin nəzarətindədir.
Qəsəbə Şuşa şəhərinə gedən yolun üzərində yerləşdiyindən strateji əhəmiyyətə malikdir. Bu səbəbdən, Qırmızı Bazarın Azərbaycanın nəzarətinə keçməsi Şuşaya aparan yolun daha təhlükəsiz və qısa məsafəli olması deməkdir.
Üçüncü şərt Ermənistanın işğal etdiyi Sədərək rayonunun Kərki kəndi və digər ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Çox güman ki, digər ərazilər dedikdə, söhbət Qazax rayonunun işğal olunmuş yeddi kəndindən gedir.
Azərbaycanla Ermənistan arasında belə bir müzakirənin gedib-getməməsindən asılı olmyaraq, rəsmi İrəvan Dağlıq Qarabağdan öz silahlı qüvvələrini çıxartmalıdır. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxartmaq öhdəliyinə malikdir. Yəni bunun baş verməsi qaçılmazdır. Ancaq Qarabağda yerli sakinlərdən ibarət bölmələr dedikdə, nəyin nəzərdə tutulduğu aydın deyil.
Qarabağda hanısa erməni silahlı dəstələrinin qalmasına ehtiyac varmı?Onların hansı statusla və ya hüquqi əsasla fəaliyyət göstərəcəyi müəmmalıdır. Əgər Dağlıq Qarabağdakı qanunsuz erməni silahlı dəstələri qalmaqda davam etsə, bölgədə terrorçu dəstələrin növbəti təxribat əməlləri törədəcəyi şübhə doğurmur.
Bu isə bölgədə sülhün və sabitliyin bərqərar olmasına, həmçinin öz evlərinə qayıdacaq məcburi köçkünlərin təhlükəsiliyinə problem yarada bilər. Ona görə də Ermənistan hərbçilərinin çıxması ilə yanaşı, nəzarətsiz silahlı dəstələrin ləğvi məsələsi də gündəmə gəlir.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə
Cebhe.info-ya açıqlamasında bildirdi ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda əksini tapmış öhdəliklərlər tənzimlənir:
“Həmin bəyannamanənin 4-cü bəndinə əsasən, Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çəkir. Bu Ermənistan mətbuatında da ciddi müzakirə edilir və düşmən tərəf öz qoşunlarını geri çəkir. Amma prosesin digər tərəfi ondan ibarətdir ki, Rusiya sülhməramlılarının nəzarət zonasında erməni silahlı birləşmələri qalır. Həmin birləşmələr heç bir ölkəyə tabe olmayan qanunsuz silahlı dəstələrdir. Onlar ilk növbədə terrorçulardır. 10 noyabr Bəyanatına əsasən, Ermənistan silahlı qüvvələri qəti şəkildə Azərbaycan ərazisində qala bilməz. Bu, əlaqələrin normallaşdırılmasına ziddir. Əgər Dağlıq Qarabağda erməni silahlı dəstələri fəaliyyət göstərsə, onlar terrorçulardır. Həmin terrorçu dəstələrin zərərəsizləşdirilməsi Azərbaycanın mütləq hüququdur.Ümumiyyətlə, 10 noyabr Bəyanatında Dağlıq Qarabağın erməni icmasına hər hansı siyasi statusun verildiyi göstərilmir. Qeyd edilən sənəddə münaqişə bölgəsində erməni silahlı birləşmələrinin qalmasına dair razılaşma da yoxdur. Ona görə də erməni silahlı dəstələrinin qalması yenə də sülhün təmin olunmasına təhlükə yaradacaq. Ermənistan ö vədinə əməl edərək öz hərbi qüvvələrini Qarabağdan çıxarırısa, Rusiya sülhməramlılarının məsuliyyət zonasına ordu göndərmirsə, bu zaman yerli əhalidən ibarət silahlı birləşmələr İrəvana tabe olmayacaq. O halda, Azərbaycan erməni terror dəstələrinin öz ərazisində fəaliyyətinə qəti şəkildə son qoymalıdır.Hesab edirəm ki, Azərbaycan bu məsələnin həllində vasitəçi tərəf kimi Rusiya ilə danışmalıdır. Moskva bu prosesi həll etməlidir. Əgər Rusiya bu şərtlərə əməl etməsə, Azərbaycan anti-terror əməliyyatları həyata keçirməlidir. Çünki erməni silahlı birləşmələri Azərbaycan ərazisində qalmamalıdır. Çünki bunun heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən, Azərbaycan Dağlıq Qarabağda separatçıların da fəaliyyətinə son verməlidir. Bu, Bakı-Ankara-Moskva formatında həll ediləcək. Fikrimcə, Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisini tərk etdikdən sonra rəsmi Bakı Qarabağdakı terrorçu dəstələrin tərksilah olunmasını tələb edəcək”./Anaxeber.info/Müşfiq Abdulla
Cebhe.info