Rusiya yaxın vaxtlarda Ermənistan ordusunu modernləşdirmək qərarını daha geniş şəkildə izah etmək məcburiyyətində qala bilər: Baş nazir Nikol Paşinyanın da dediyi kimi, hələ "alt paltar problemi" belə, həll edilməyən Ermənistan ordusunun Rusiya üçün strateji əhəmiyyəti böyük maraq doğurur...
Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək niyyətində olduğunu qətiyyən gizlətmir. Kreml son illərdə itirilmiş geopolitik dayaqlarının yenidən bərpasına cəhd göstərir. Və bu məqsədlə Rusiyanın malik olduğu yeganə seçim üzərindən hərəkət etmək məcburiyyətindədir.Hazırda Ermənistan Rusiyanın Cənubi Qafqazda yerləşə biləcəyi yeganə geopolitik plastdarm kimi görünür. Əslində, bu, Ermənistanın Rusiya üçün önəminin artdığını ifadə edən faktor deyil. Əksinə, Rusiyanın belə bir yeganə məcburi seçim variantı qarşısında qalması həm də Kremlin yanlış regional siyasətinin nəticəsidir.
Məsələ ondadır ki, Kreml məhz öz hegemonluq iddialarının girovuna çevrilib. Gürcüstan ilə təlimat və sifariş üzərindən qurulan təmaslar son nəticədə bu Cənubi Qafqaz ölkəsini Kremldən uzaqlaşdırıb. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, rəsmi Tiflis birmənalı şəkildə Kreml ilə məsafə saxlamağa üstünlük verir. Gürcüstanın Cənubi Osetiya və Abxaziya münaqişələri ilə təhdidvari şantaş olunması da artıq işə yaramır.
Azərbaycana qarşı diqtə siyasəti isə heç əvvəldən baş tutmadı. Çünki ötən əsrin 90-cı illərində atəşkəs anlaşmasından dərhal sonra rəsmi Bakı öz enerji resursları üzərindən reallaşdırılan geoiqtisadi layihələrlə Azərbaycanı Rusiya təhlükəsindən böyük ölçüdə sığortalaya bildi. Və hətta tranzit ölkə kimi, Gürcüstanı belə, bu "enerji təhlükəsizliyi çətiri"nin altına aldı.
Nəticədə Kremlin regional hegemonluq can-fəşanlığı Rusiyanı sadəcə, Ermənistan ilə baş-başa buraxdı. Yəni, Rusiyanın Cənubi Qafqazda söykənə biləcəyi başqa "divar" qalmadı. Ermənistan bu müddətdə Rusiyanın könüllü for-postu olsa da, Kreml vaxtaşırı rəsmi İrəvanın minnətinə də dözmək məcburiyyətində qaldı.
Ancaq son 30 ildə baş verənlər də təsdiqlədi ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı maraqları baxımından, faydasız müttəfiqdir. Kremlə geopolitik proseslərdə elə bir ciddi üstünlük qazandıra bilmir. Halbuki Ermənistanla müttəfiqlik Rusiyaya külli miqdarda geriyə dönüşü olmayan xərclər hesabına başa gəlir.
Yalnız elə Ermənistan ordusunun son 30 il ərzində silahlandırılması Rusiyanın onmilyardlarla dolları "dibi görünməyən quyu"ya atması ilə nəticələnib. Azərbaycanın 44 günlük savaşda Rusiyanın böyük xərclər çəkdiyi Ermənistan ordusunu darmadağın etməsi isə indi Kremli hər şeyi yenidən başlamaq məcburiyyətində buraxıb. Yəni, Kreml 30 illik yanlış regional siyasi kursu yenə də davam etdirmək niyyətini sezdirir.
Belə anlaşılır ki, Kreml öz hegemonluq iddialarının girovunda qalmağa qərar verib. Bu isə o deməkdir ki, Rusiya hələ də Cənubi Qafqaz ölkələri ilə bərabərhüquqlu ortaqlıq münasibətlərinə həvəsli deyil. Rusiyaya indiyə qədər heç bir faydası olmayan və bundan sonra da olmayacaq Ermənistanı yenidən dirçəltməyə cəhd edir. Ancaq bu, Rusiyanın regional maraqları baxımından, Kremlin 30 illik səhvləri yenə də təkrarlamasından başqa heç anlam daşımayacaq.
Son 30 ildə Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri idi. Ancaq Ermənistan ordusunu intensiv şəkildə silahlandırırdı. İndisə Rusiya Azərbaycan ərazisində sülhməramlı missiyanı öz üzərinə götürüb. Ancaq qəribə də olsa, yenə Ermənistan ordusunu silahlandırmağa hazırlaşır. Və bu, Rusiyanın mövqeyində kəskin ziddiyyətlər yaratmaqla yanaşı, Kremlə olan etimadı zədələyir.
Deyəsən, bu dəfə Rusiyanın işi əvvəlki dövrlərdən fərqli olaraq, daha ağır olacaq. Çünki, Ermənistan ordusu demək olar ki, yoxdur. Onun yenidən qurulmasına külli miqdarda maliyyə vəsaiti tələb olunur. Keçmiş prezident Robert Köçəryan bunun üçün ən azı 3 milyard dolların lazım olduğunu vurğulayıb.
Rəsmi İrəvan hazırda belə bir məbləğə sahib deyil. Və Ermənistanın üzləşdiyi ağır sosial-iqtisadi böhranı nəzərə aldıqda, yaxın 15-20 ildə də olmayacaq. Bəs onda Kremlin yenidən qurmağa qərar verdiyi Ermənistan ordusu üçün bu xərcləri kim ödəyəcək?
Belə anlaşılır ki, yenə də Kreml "əlini öz cibinə salmalı" olacaq. Halbuki bu dəfə Rusiya Ermənistan ordusu üçün son 30 ildə çəkdiyi xərclərdən qat-qat daha artıq maliyyə vəsaiti sərf etməli olacaq. Və bu, başqalarının deyil, məhz Ermənistan baş naziri Nikol Paşinyanın xəbərdarlığıdır: "Ermənistan ordusunda hətta alt paltarı problemi belə, həll edilməmişdi".
Yəqin ki, Kreml də Ermənistan ordusunun modernləşdirilməsi prosesinə məhz "alt paltarı" mövzusundan başlayacaq. Çünki, "alt paltarı" olmayan erməni əsgəri Rusiyanın "İsgəndər"ini necə partladacaq? Yəni Kremlin işləri bir xeyli çətindir. Hər halda, Rusiya vətəndaşlarından toplanan vergi vəsaitlərinin bir xeyli hissəsini yenə Ermənistana ordu qurmaq üçün xərcləməlidir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu məsələdə xüsusi fəallıq göstərir. O, tez-tez Ermənistan müdafiə naziri Vaqarşak Arutunyanla "modernləşdirmə mövzusu"nu müzakirə edir. Hətta bəzən S.Şoyqunun Ermənistan ordusu ətrafında baş verənləri diqqətlə izlədiklərini deyib, V.Arutunyanı əməlli-başlı danladığı da bildirilir: "Ermənistan ordusunun dağılmasına yol verməyəcəyik”.
Rusiya kimi nəhəng bir dövlətin balaca Ermənistanın ordu adlandırılan silahlı dəstələri üzərində belə əsməsi istər-istəməz təəccüb doğurur. Bunun səbəbini isə Ermənistan mətbuatı açıqlayıb. Guya S.Şoyqu Rusiyanın bölgədəki maraqları baxımından, Ermənistan ordusunun böyük strateji əhəmiyyət daşıdığını vurğulayıb. Hətta onun baş nazir Nikol Paşinyanın silahlı qüvvələrə qəsdi etdiyini, bu barədə sifarişin Qərbdən verildiyini dediyi də iddia olunur.
Əlbəttə, Ermənistan mətbuatının iddiaları məqsədili şəkildə şişirdilmiş də ola bilər. Çünki Rusiyanın bölgədəki maraqları üçün Ermənistan ordusu strateji əhəmiyyət daşıyırsa, deməli, Kremlin bu regionda elə bir ciddi hədəfi yoxdur. Hər halda, Ermənistanı belə, müdafiə etməyə qadir olmayan silahlı dəstələrin Rusiyanın regional maraqlarında strateji əhəmiyyətini təsəvvür etmək o qədər də asan deyil. 44 günlük savaşın başlanğıcında Ermənistan ordusundan 10 min əsgərin döyüş mövqelərini tərk edərək, qaçdığı rəsmən təsdiqlənib. Bu barədə yəqin ki, S.Şoyqunun da məlumatı olmamış deyil.
İndi bu dezertirlər dəstəsinin Rusiyanın Cənubi Qafqazdakı maraqlarını ABŞ və Qərbdən qoruduğuna Kremldə kimsə inanarmı? Əgər, Ermənistan mətbuatının dedikləri doğrudursa, onda bu, S.Şoyqunun inandığı anlamına gəlir. Guya ABŞ və Qərb Cənubi Qafqazda Rusiyanı küncə sıxışdırmaq üçün əvvəlcə Ermənistan ordusunu dağıtmaq niyyətinə düşüb. Və bu işi də məhz Ermənistanın baş naziri Nikol Paşinyana tapşırıb.
Təbii ki, bütün bunların Ermənistan mətbuatının uydurması ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, ABŞ və Qərbin baş nazir Nikol Paşinyana Ermənistan ordusunu dağıtmaq təlimatı verməsi üçün elə bir ciddi səbəb yoxdur. Çünki, Ermənistan ordusunu Azərbaycan 44 gün ərzində tamamilə darmadağın edib. Yenidən qurulmasına isə yəqin ki, onilliklər lazım olacaq.
Ancaq Rusiyanın Ermənistan ordusunu modernləşdirmək niyyətində olduğu barədə məlumatlar hər halda, ciddidir. Ona görə də, Kremldən Azərbaycan Prezidenti İlham Əliyevin sualına açıq şəkildə izahat verilməsi vacibdir. Çünki, Azərbaycan Prezidenti müharibə bitdiyi halda, Ermənistan ordusunun modernləşdirilməsi niyyətinin səbəbləri ilə maraqlanmışdı. Və bu niyyətin kimə qarşı yönəldiyini soruşmuşdu.
Göründüyü kimi, Kreml 30 illik yanlış siyasi kursunu yenə də davam etdirir. Rəsmi Bakının bu davranışlardan məmnun olmadığını, Kremldən narazılığını nəzərə aldıqda, Rusiyanın Cənubi Qafqazdakı maraqlarının ciddi problemlərlə üzləşə biləcəyi istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu