Rusiyada üç partiyanın birləşməsindən yaranan yeni partiyanın siyasi proqramının bəndlərindən biri yeni ərazilər əldə etməkdir. Virtualaz.org xəbər verir ki, bu haqda “Ədalətli Rusiya-Vətənpərvərlər-Həqiqət uğrunda” partiyasının mərkəzi aparatının rəhbərinin müavini Nikolay Noviçkov keçirdiyi brifinqdə deyib. Məlumatı RBK yayıb.
Partiyanın adının bu cür uzun və müxtəlif mənalı söz birləşmələrindən ibarət olması onunla əlaqəlidir ki, həmin partiya üç fərqli partiyanın birləşməsindən yaranıb. Bu ilin yanvar ayında “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov, “Həqiqət uğrunda” partiyasının lideri Zaxar Prilepin və “Rusiya Vətənpərvərləri” partiyasının lideri Gennadi Semigin birləşmək barədə manifest imzalayıblar.
Fevral ayında keçirilən qurultaydan sonra yeni, birləşmiş partiya yuxarıdakı adı alıb. Mironov, Prilepin və Semigin qarşıdakı duma seçkilərində birləşmiş partiyanın seçki siyahısına başçılıq edəcəklər.
“Bizim üç partiyanın lideri tərəfindən imzalanmış manifestdə yazılıb-“Donbass-Rusiyadır”. Və Rusiyaya birləşmək istəyən bütün ərazilər bunu etmək imkanı almalıdır, rusiyalılar, bizim həmvətənlərimiz isə vətən üzərində haqqa sahib olmalıdır”,-Noviçkov belə deyib.
“Vedemosti” nəşri isə partiyaya Prilepinin gətirdiyi yazıçı Nikolay Starikovdan sitat gətirir. Starikov qeyd edir ki, partiyanın proqramının əsas ideyalarından biri Rusiyanın “mübahisəli ərazilər, məsələn, Abxaziyanın hesabına genişləndirilməsidir”./Anaxeber.info/
Virtualaz.org