Çin rəsmisinin Türkiyəyə səfəri zamanı uyğur lider ev həbsində saxlanıb
27-03-2021, 12:09
Çinin xarici işlər nazirinin bu həftə Türkiyəyə səfəri zamanı uyğur liderinin ev dustaqlığına salınması Türkiyədəki böyük uyğur qaçqın icmasında Ankara ilə Pekin arasındakı əlaqələrin dərinləşməsi ilə bağlı narahatlıq doğurur. Vanq Linin Türkiyəyə səfəri zamanı Şərqi Türkistan Milli Məclisinin sədri, uyğurların lideri Seyit Tümtürk evində həbs olunub. Amerikanın Səsinə müsahibəsində Tümtürk çinli nazirin ziyarətinə etiraz çağırışından sonra səhiyyə orqanlarının COVID-19 testi olmadan onu karantinə aldığını deyib.
“Bu dəfə onlar mənim etiraz etməyimin qarşısını almaq üçün COVID izləmə metodundan istifadə etdilər, növbəti dəfə başqası gələndə [Çin] səfirliyi qarşısında etiraz etməyimə necə mane olacaqlar. Təhlükəsizliyim, sağlamlığım və azadlığımla bağlı ciddi narahatlıq keçirirəm”- deyə, Tümtürk bildirib. Vanq Linin cümə günü sona çatan üç günlük səfəri zamanı uyğurlar Ankara və İstanbulda etiraz aksiyaları keçirib. Bir çox uyğur Türkiyəyə sığınıb. Lakin Türkiyənin ənənəvi qərb müttəfiqləri ilə münasibətləri getdikcə gərginləşdikcə Ankara Çinin uyğurlara qarşı davamlı təqiblərinə baxmayaraq, Pekinlə iqtisadi və maliyyə əlaqələrini dərinləşdirir. Vanqın səfəri zamanı hər iki ölkə strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində birlikdə çalışmağa söz verib. Pekin Uyğur dissidentlərin geri dönməsini istədiyi üçün Ankaranı yeni bir ekstradisiya müqaviləsini təsdiqləməyə çağırıb. Türkiyədə uyğurları təmsil edən insan haqları üzrə vəkil İbrahim Ergin həyəcan keçirdiyini deyir. “Bu ekstradisiya müqaviləsi parlamentdə təsdiqlənsə, bunun müştərilərimizin bir qisminin və ya hamısının ölümü ilə nəticələnəcəyini təxmin edə bilərik” – deyə, vəkil bildirib. Amerikanın səsi