“Onların arxasında çox böyük oliqarxlar dayanır”

28-03-2021, 09:23   





Artıq bir neçə gündür xarici turistlərin Azərbaycanda qanunsuz ovla məşğul olması və “Qırmızı kitab”a (“Qırmızı Kitab”- Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir)düşən quşların öldürülməsi ilə bağlı silsilə görüntülər yayılır. Video və fotolarda nadir quşlarının ovlanması, daha sonra da qənimət kimi təqdim edilməsi öz əksini tapıb.
Suallar, suallar…
Ətraf mühitinin qorunması sahəsində çalışan bir sıra fəallar həmin kadrların bir çoxunun Qax rayonun ərazisində çəkildiyini iddia edirlər.
Bu ovçular koronavirus pandemiyasına görə, turistik vizaların verilmədiyi vaxtda Azərbaycana necə gəlib? Onlara ov mövsümü bitdiyi bir vaxtda ov üçün icazəni kim verib?
Cavablar, vacablar…
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti-ndən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir. Qurumdan qeyd olunub ki, xarici turistlərin istirahətinn təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyətləri daxilində hərəkət etməlidir və bunun qaşısını almalıdırlar:
«Qeyd etdiyiniz məlumatlar bizə daxil olanda araşdırma aparıldı. Araşdırmanın nəticəsində məlum oldu ki, 2017-ci ildə Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur».
“4 min manat məbləğində cərimələniblər»
Xidmətdən vurğulanıb ki, xarici turistlər ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına görə, cərimə olunub:
«Nazirlik məsələyə dərhal reaksiya verib. Martın 21-də xarici vətəndaşlar heyvanlarla rəhmsiz rəftarı ilə bağlı cərimələnib. Sonra isə bizə həmin ərazidə hətta ov aparılması ilə bağlı məlumat daxil olub. Fakt qismən təsdiq edildi və iki əcnəbi turisti cərimələnib. Çünki yalnız onların ov fəaliyyəti sübuta yetirilib. Onlar İnzibati Xətalar Məcəlləsinin ov qaydalarının kobud şəkildə pozulması maddəsinə əsasən təqribən 4 min manat məbləğində cərimələniblər».
“Çadırlar sökülüb”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şurasından isə “Turan” Agentliyinə bildirilib ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində xarici turistlərin qurduğu çadırlar sökülüb və ekoloji problem müvafiq qanunlar çərçivəsində həll edilib.
Ova qarşı olduğunu bildirən və özünü xarici turist kimi təqdim edən biri isə Facebook sosial şəbəkəsində yazıb ki, bu tipli «ov turları» artıq 10 ildir ki, davam edir. Üstəlik, onun qeyd etməsinə görə, bu illə müqayisədə əvvəlki illərdə bu, daha kütləvi olub. Özünü turist kimi təqdim edən həmin şəxs həm də iddia edir ki, Azərbaycana gələn şəxslər ov icazəsi üçün qeyri-rəsmi ödənişlər edirlər. Onun qeyd etməsinə görə, Azərbaycana gətirilən şahinlərin də öz qiyməti var.
Amma bu iddialara, hələlik, rəsmi qurumlardan cavab almaq cəhdlərimiz bir nəticə verməyib.Üstəlik, belə hallarin mövcudluğu, ölkədə indiyənə kimi rəsmi təsdiqlənməyib.
“Fevralın 28-də ov mövsümü bitməsinə baxmayaraq…”
Ətraf mühitinin qorunması sahəsində çalışan fəal Cavid Qara  bildirib ki, Azərbaycana ov məqsədilə gələn turistlər qış boyu ölkədə olub:
«Qış boyu xarici, əsasən də Ərəb ölkələrindən qruplar Azərbaycanda olub və ov aparıb. Fevralın 28-də ov mövsümü bitməsinə baxmayaraq bunların ovu dayanmayıb və bu günlərə qədər davam edib».
Fəal deyir ki, koronavirus pandemiyası zamanı turistik vizaların verilməsinin dayandırıldığı bir vaxtda həmin turistlərin ölkəyə gəlməsi suallar doğurur:
«Onlar böyük ehtimal ki, turist vizaları ilə yox, biznes vizası adı ilə gəlirlər. Ölkədə şirkətlər var ki, saxta biznes vizaların verilməsini təşkil edirlər və çox güman ki, həmin turistlər bu yolla gəliblər».
“Dövlət qurumların xəbəri olmadan…”
C.Qara deyib ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində və ətrafında ov qadağandır:
«Ov qadağan edilən yerlərdə ovu qadağan edilən heyvan növlərini ovlamaq bütün qaydaların pozulması deməkdir. Dövlət qurumların xəbəri olmadan Qoruğa girib bunları etmək mümkün deyil».

“Heç kim adekvat cəzasını almayıb”
Fəal hesab edir ki, ov turları ilə ölkəyə gələn şəxslərin arxasında oliqarxlar dayanır.O, hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bunun qarşısını almağa iradəsi çatmır:
“Çünki rüşvət məsələsi olsaydı, ov üçün gələnlər məsələ ictimailəşdiyi ilk gündən ordan çıxarılardı. Amma bu baş vermədi, bu şəxslər hələ 6 gün orada qalıb və bu o deməkdir ki, onların arxasında çox böyük oliqarxlar, məmurlar dayanır».
C.Qara vurğulayıb ki, bu tipli qanunsuz ov turları əvvəlki illərdə də təşkil olunub.Onun qeyd etməsinə görə, qansuz ovla məşğul olanlar ərazidən çıxarılsa da, məsələ birməyib:
«Çünki bu boyda özbaşınalıq qarşısında heç kim adekvat cəzasını almayıb. Nə onlar, nə də onları gətirənlər. Təbiətə də daha çox ziyan dəydi…»
Azadlıq radiosu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.