Ermənilərə cangüdənlik edən sülhməramlılar: Azərbaycanlıları Xankəndinə niyə aparmır?

30-03-2021, 13:45   


Ermənilərə cangüdənlik edən sülhməramlılar: Azərbaycanlıları Xankəndinə niyə aparmır?

Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. “İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyirlər. Atəşkəs bütün təmas xəttində müşahidə olunur”, - nazirliyin məlumatında belə deyilir.
Nazirliyin məlumatında həmçinin qeyd olunub ki, Xankəndidən Xudavəng - Vəng və Yuxarı Veysəlli monastırlarına erməni zəvvarların müşayiəti təmin edilib.
Məsələnin diqqətçəkən hissəsi də məhz bundan barətdir. Rusiya sülhməramlarının bu cür səfərlərə icazə verməsinin, erməniləri müşayiət etməsinin məqsədi nədir? Rusiya sülhməramlılarının daha önəmli, vacib işləri yoxdurmu?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, bu, Rusiyanın Azərbaycana verdiyi heç də xoş olmayan mesajdır:

“Ermənilər hər dəfə Rusiya sülhməramlılarına müraciət edirlər ki, biz hansısa məbədi ziyarət etmək istəyirik. Rusiya sülhməramlıları da vaxt istəyir, müəyyənləşdirir və deyir ki, biz sizin təhlükəsizliyini təmin edəcəyik.
Əslində sülhməramlılar olmasa, ermənilər o məbədlərə gedə bilməzlər. Bizim sualımız belədir ki, Rusiya sülhməramlıları niyə hər dəfə ermənilərin cangüdəni rolunu oynayır?
Deyə bilməzlər ki, hələ vəziyyət gərgindir, məbədlərə getmək vaxtı deyil. Kommunikasiya xətləri açılsın, iki dövlət arasında təmaslar başlasın, ortam yumşalandan sonra artıq bu məsələlər həll oluna bilər. Aydındır ki, ermənilər təxribat etmək istəyirlər.
Bilirlər ki, o məbədlər Azərbaycanın nəzarəti altındadır, gedək onlara acıq verək deyə düşünürlər. Bunu ruslar da başa düşür. Əslində bu, Rusiya tərəfindən Azərbaycana qarşı xoş olmayan mesajdır. Bu məsələni gərək Rusiya qarşısında qaldıraq”.
“Deyək ki, biz də Xankəndini ziyarət etmək istəyirik, o zaman Rusiya sülhməramlıları bizi də müşayiət edəcəkmi və ya etməlidirmi?” sualına cavab olaraq isə Elxan Şahinoğlu qeyd edib ki, bu, çox əla təklifdir, sadəcə biz məqsədimizi deməliyik:
“Çox yaxşı ideya səsləndirirsən. Məsələn, sovet dövründə Xankəndində yaşayan azərbaycanlılardan 100 nəfəri istəyir ki, evini görsün. 100 nəfərdən ibarət bir qrup formalaşdırılır və Rusiya sülhməramlıları da onların təhlükəsizliyinə təminat götürür. Beləcə, həmin 100 nəfər sülhməramlıların müşayiəti ilə gəlir Xankəndiyə evləri ilə tanış olur, şəhəri gəzir və geri dönür. Bu də biz tərəfdən müsbət addım olar. İlk növbədə göstərərik ki, biz Xankəndiyə qayıdacağıq. Əslində sənin təklifin çox yaxşıdır və hesab edirəm ki, bunu reallaşdırmaq lazımdır”.
Vilayət Muxtar
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.