ABŞ elə bu həftə İrana nüvə sahəsində yeni sövdələşmə təklif etməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda “Politico” nəşri ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır. “Sövdələşmə təklifində İranın nüvə fəaliyyətlərinin bəzi növlərini dayandırmasına dair xahiş yer alır, bura sentrifuqaların təkmilləşdirilməsi və uranın 20 faizə qədər zənginləşdirilməsi proqramları daxildir. Əvəzində ABŞ-ın sanksiyalarının müəyyən qədər yumşaldılması nəzərdə tutulur”,-mənbə deyib.
O əlavə edib ki, detallar hələ müzakirə olunur. Amma İranın bu təklifi qəbul edəcəyinə əminlik yoxdur. Bildirilir ki, bundan əvvəl Tehran ABŞ-ın bir sövdələşmə təklifini qəbuledilməz sayaraq rədd edib. Əvəzində öz təklifini verib, amma həmin təklifi də ABŞ qəbul etməyib. Mənbələrdən biri deyib ki, Vaşinqton Tehrana uranın 20 faiz zənginləşdirilməsi proqramını dayandırmağın əvəzində dondurulmuş aktivlərin bir qisminə çıxış imkanı təklif edib. Lakin İran bu təklifi rədd edərək cavab təklifində göstərib ki, uranın zənginləşdirilməsini bir ay dayandıra bilər, əvəzində ABŞ bütün sanksiyaları ləğv etməlidir. ABŞ isə bunu ciddi təklifdən daha çox meydanoxuma kimi qarşılayıb. Bununla belə qəzet yazır ki, hər iki ölkənin rəsmiləri qarşıdakı bir neçə həftə ərzində nüvə sövdələşməsinə dair heç bir irəliləyişin olmaması halında ən azından sentyabra qədər prosesin donacağını dərk edirlər. Sonra isə sövdələşməni ümumiyyətlə xilas etmək mümkün olmayacaq. Ona görə də ABŞ-ın bu həftə irəli sürəcəyi təklif daha çox Tehranla danışıqların bərpasına nail olmağa hesablanıb. Qeyd edək ki, Donald Trampın dövründə ABŞ İranla nüvə razılaşmasından çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib, üstəlik yeni sanksiyalar tətbiq edib. Bu arada Tramp Floridada gözlənilmədən qonşularının toy mərasimində peyda olub və mikrofonu götürərək siyasi çıxış edib, İranı, Çini, Meksikanı və İrana sanksiyaları yumşaltmağa hazırlaşan Cozef Baydeni tənqid edib. O bildirib ki, xəbərləri diqqətlə izləyir. “Meksika ilə sərhəd, Çinlə münasibətlər, İranda situasiya. Bunların hamısını izləyirəm. Biz İranla sövdələşmə bağlamağa hazır idik, onlar isə hər şeyə hazır idilər ki, bu sövdələşmə baş tutsun. Və indi bu oğlan gedir və sanksiyaları yumşaldır, sonra isə deyir ki, danışıqlara hazırdır”,-Tramp Baydeni nəzərdə tutaraq bildirib. Anaxebr.info