Fevralın sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan informasiya bombasını partlatdı. Və elə bomba ki, partlayan bu virtual bombanın effekti bütün regiona səpələndi.Paşinyan tamamilə utanmaz və müəyyən dərəcədə də açıq formada, diplomatik ibarələrdən istifadə etmədən erməni liberal KİV-lərinə müsahibəsində bildirdi ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistan “İsgəndər” operativ-taktiki raket komplekslərini tətbiq edib. “Lakin raketlər partlamadı, yaxud 10 faiz partladı”,-baş nazirin müsahibəsindən bu sitat nəinki Yerevanda və Bakıda, eləcə də regionda baş verənləri izləyən dünyanın başqa paytaxtlarında heyratamiz effekt doğurdu.Bu raket kompleksləri ilə mülki əhaliyə zərbələr endirilməsinin bütün miqyasını təsəvvür etmək üçün “İsgəndər”ləri istehsal edən ölkənin hərbi ekspertlərinə müraciət etmək kifayətdir. Bir diviziyon “İsgəndər”in yaylım atəşi dünyanın aparıcı ölkəsi ABŞ-ın raketdən müdafiə sisteminin mövqe rayonunu məhv etməyə qadirdir.Moskvada Paşinyanın bəyanatına qəzəbli reaksiya verdilər. Rusiya Müdafiə Nazirliyinin narazılığı da özünü çox gözlətmədi və Paşinyanın dediklərini nazirliyin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov təkzib etdi. Bildirdi ki, Ermənistanda “İsgəndər” komplekslərinin bütün raketləri anbardadır və döyüşlərdə heç bir raket tətbiq edilməyib. Bir-birinin ardınca Rusiyanın nüfuzlu hərbi ekspertləri və siyasi xadimləri Paşinyanı yalan danışmaqda, hərbi sahədən başı çıxmamaqda günahlandırdılar. Dedilər ki, bu ola bilməz, çünki mümkünü yoxdur.
Paşinyan Moskvadan gələn bu qəzəbli reaksiyalardan sonra ona “İsgəndər”lərin tətbiqi barədə “yanlış məlumat verildiyini” deməli oldu. Coşan ehtiraslar səngidi, erməni hökumətinin rəhbərinin sensasion açıqlaması yavaş-yavaş tarixə yuvarlanmağa başladı. Paşinyanın həm Yerevanda, həm Bakıda Moskva ilə münasibətlər baxımından birmənalı qarşılanmayan bu əcaib bəyanatı barədə heç kim xatırlamazdı. Əgər Şuşada iki “İsgəndər” raketinin qalıqlarının aşkarlandığı barədə bu gün yayılmış sensasion məlumat olmasaydı.
Belə ki, martın 15-də Azərbaycanın minaların təmizlənməsi üzrə Agentliyinin əməkdaşları Şuşada partlamamış mərmilərin və minaların təmizlənməsini həyata keçirərkən “İsgəndər” raket kompleksinin qalıqlarını aşkar ediblər. Raket qalıqlarının üzərində onların “İsgəndər”ə aid olduğunu təsdiqləyən 9M723 identifikasiya nömrəsi yer alır.
Minaların təmizlənməsi üzrə Agentlikdən başqa hələlik heç bir başqa Azərbaycan dövlət strukturu və hökumət rəsmiləri minatəmizləyənlərin sensasion tapıntısını şərh etmir. Moskvada da susurlar. Agentliyin Paşinyanın dediklərini təsdiq edən bəyanatına Yerevanda da reaksiya vermirlər.
Ortaya nə çıxır? Doğrudanmı Nikol Paşinyan müharibənin gedişində Azərbaycana qarşı “İsgəndər” raketlərinin tətbiq edildiyini bəyan etməklə düz danışıb? Erməni baş nazirinin sözləri indi təkzibedilməz sübutlarla möhkəmləndirilir.
Ancaq bu işdə Azərbaycan hökuməti ziddiyətli məqamları aydınlaşdırmalı olacaq. Şuşaya atılan raketin identifikasiya kodu təsdiq edir ki, raket “İsgəndər-M” kompleksindən atılıb. Stop! Həqiqət anı yetişir! Açıq mənbələrdə yer alan məlumatlara əsasən Ermənistan ordusunun silahlanmasında ancaq “İsgəndər-E” kompleksləri yer alır. Mahiyyətcə, “İsgəndər-E” “İsgəndər-M” komplekslərinin ixrac və sadələşdirilmiş variantıdır. “İsgəndər-E” komplekslərinin raketlərinin uçuş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri isə 500 kilometr mənzillidir. Hərçənd amerikalı ekspertlərin mövqeyinə görə, “İsgəndər-M” komplekslərinin mənzili bilərəkdən aşağı göstərilir, kiçik və orta mənzilli raketlərin ləğvi barədə Müqavilənin şərtləri ilə ziddiyyət yaranmasın deyə. Pentaqonun mütəxəssisləri “İsgəndər-M” raketlərinin uçuş məsafəsinin 2 min kilometrə qədər çata biləcəyini deyirlər.
Şuşada aşkarlanmış qalıqların ilkin ekspertizası raketin “İsgəndər-M” kompleksindən atıldığını təsdiq edir. Yəni Şuşaya bu komplekslərdən atəş açıblar.
Beləliklə, biz xoşagəlməyən nəticəyə gəlib çıxırıq. Belə çıxır ki, Paşinyan səmimi idi və Azərbaycan şəhərinə kiçik və orta mənzilli raket atıldığı haqda həqiqəti demişdi. Və belə çıxır ki, təkcə Şuşaya yox, Gəncəyə də bu raketlərdən atıblar. Ola bilsin başqa Azərbaycan şəhərlərinə də. Sadəcə olaraq Azərbaycan üçün xoşbəxtlikdən Sərkisyanın dövründə alınmış silahlar, əgər Paşinyana inansaq, nasaz olub. Üstəlik Azərbaycanı İsraildən aldığı “Barak-8” qabaqcıl hava hücumundan müdafiə sistemi qoruyub.
Lakin ikinci versiya da var. Hansı ki, inanmağımız gəlmir. Hər halda bu versiyaya inanmaq istəməzdik. Tutaq ki, Paşinyan yalan danışır. Və Rusiya Müdafiə Nazirliyinin və Azərbaycana dost ölkənin hərbi ekspertlərinin sözlərinə inanaq. Lakin belə olan halda başqa məntiq zəncir alınır. Əgər biz Rusiya Müdafiə Nazirliyinə inanırıqsa deməli Paşinyan yalan deyir. Lakin o zaman Şuşada tapılan raket qalıqları necə olsun? Əgər Rusiya Müdafiə Nazirliyinin bəyanatının səmimiliyinə inansaq o zaman Ermənistan Silahlı Qüvvələrinin arsenalında “İsgəndər-M” kompleksləri olmalı deyildi. Axı Rusiya Ermənistana ixrac üçün nəzərdə tutulmayan kompleksi Ermənistana verə bilməzdi, elə deyilmi? Yəni onlarda “İsgəndər-E” kompleksləri idi. O zaman belə olan halda Azərbaycanın şəhərlərinə, Şuşaya Ermənistandan atəş açmayıblar.
Sual yaranır-bəs haradan?Virtualaz.org