İkinci Qarabağ müharibəsi bitəndən və işğal edilmiş ərazilərin böyük bir hissəsi Azərbaycana qayıdandan sonra Ermənistan rəhbərliyi qonşu ölkə ilə münasibətlərin yoluna qoyulması yollarından danışırlar.
Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının çərşənbə günü keçirilən iclasında bildirib ki, uzun illərin blokadası üzündən ölkə regiondan bir qədər uzaqlaşıb. O, Ermənistanın maraqlarına zərər vurmadan "blokadanı yarmağı" təklif edir.
Digər Ermənistan rəsmiləri də ölkənin Azərbaycan və Türkiyə ilə münasibətlərində "bəzi düzəlişlər edilməsini" vurğulayıblar.
BBC News Azərbaycancaya danışan erməni təhlilçilərin bəziləri daha çox qarşı tərəfdən düzəlişlər edilməli olduğunu düşünürlər, digərləri isə hesab edirlər ki, sonuncu müharibədən sonra yaranmış nüfuz müstəvisində Ermənistan öz maraqlarını müdafiə etmək imkanında deyil.
İkinci Qarabağ müharibəsindən əvvəl hazırlanmış Ermənistan Milli Təhlükəsizlik Konsepsiyasında Türkiyə Ermənistana qeyri-dost ölkə kimi nəzərdən keçirilirdi.
Sonuncu müharibə zamanı isə Ermənistan rəsmiləri bəyan edirdilər ki, Türkiyə Azərbaycanın Ermənistana qarşı başladığı müharibədə fəal iştirak edir və hətta erməni əsgərə qarşı döyüşmək üçün muzdlu yaraqlılar göndərir.
Türkiyə və Azərbaycan dəfələrlə bu iddiaları təkzib etmiş və bildirmişdilər ki, rəsmi Ankaranın dəstəyi yalnız siyasidir.
Müharibə başa çatandan bir neçə ay sonra isə Ermənistan rəhbərliyinin siyasi nitqində ritorikanın dəyişdiyi müşahidə olunur.
Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, uzun illərin blokadası üzündən ölkə regiondan bir qədər uzaqlaşıb və əlavə edib ki, Şuranın iclası da Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsinə hədəflənib.
Çərşənbə günü qapalı keçirilən iclasda Nikol Paşinyan deyib ki, onların strateji tərəfdaşı ilə (Rusiya-red.) yeganə quru yolları var və bu yoldan istifadə mövsümi xarakter daşıyır.
"Bu, hava şəraitindən asılıdır və öz növbəsində çoxlu problem yaradır, o cümlədən təhlükəsizliklə bağlı,"- Baş nazir əlavə edib.
O, Ermənistanın maraqlarına zərər vurmadan "blokadanı yarmağı" təklif edir.
"Yaranmış yeni durumda biz gərək Ermənistan üzərindən blokadanın ləğv edilməsi üçün olan imkanları qiymətləndirək və digər tərəfdən qeyd etməliyik ki, bu proses Ermənistan Respublikasının həyati maraqları hesabına icra edilə bilməz. Əksinə, bu prosesdə biz gərək ölkəmizin, Artsaxın (Dağlıq Qarabağın - red.) maraqlarını qoruyaq, müdafiə edə bilək. Və, əlbəttə, müəyyən əməkdaşlığa hazır olmaq lazımdır," - Paşinyan deyib.
Ermənistan Prezidenti Armen Sarkisyan da Rusiyanın RBK agentliyinə yenicə verdiyi müsahibəsində Azərbaycanla münasibətlərin bərpasından danışıb. O, hesab edir ki, Azərbaycanla münasibətlərin normallaşması üçün əvvəlcə bəzi "ağrılı məsələlər" öz həllini tapmalıdır.
Armen Sarkisyan "ağrılı məsələ" deyərkən hərbi əsirlərin Ermənistana qaytarılmasını, Azərbaycanın itkin düşən hərbçilərlə bağlı məlumatları verməsini vurğulayıb.
Azərbaycan Ermənistanın "hərbi əsir" kimi tanıdığı erməni hərbçilərin 44 günlük müharibəni dayandıran 10 noyabr atəşkəsindən sonra ölkəyə daxil olduğunu və onların cinayət məsuliyyəti daşıdığını bildirib.
Nikol Paşinyandan və Armen Sarkisyanın sonuncu açıqlamalarından daha əvvəl isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində "Türkiyə ilə münasibətlərə yanaşmada dəyişiklik etmək lazımdır" demişdi və bu açıqlama sosial şəbəkələrdə və yerli mediada qalmaqala səbəb olmuşdu.
Daşnaksutyun partiyası isə onlarla tərəfdarlarını Ermənistan Təhlükəsizlik Şurası binası qarşısına toplayraq etiraz aksiyası keçirmişdi.
Armen Qriqoryan, "Ermənistan Türkiyəni düşmən ölkə hesab edirmi?" sualına cavab verməkdən üç dəfə yayındıqdan sonra: "Əgər biz regionun blokadadan azad edilməsinə gediriksə, bizim yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir və biz bu istiqamətdə işləyirik" cavabını vermişdi.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya verdiyi müsahibəsində vurğulayb ki, birmənalı "Türkiyədən Ermənistana heç bir təhlükə yoxdur" demək də olmaz, lakin bölgədə baş verən proseslər "başqa imkanlar yaradır".
Şənbə günü isə Baş nazir Nikol Paşinyan Armavir vilayəti sakinləri ilə görüşü zamanı təxminən eyni sözləri deyib:
"Biz, region ölkələri, gərək qarşılıqlı əlaqələrimizə münasibətimizi bütövlüklə yenidən qiymətləndirək".
"Bu yeni situasiyada biz qarşımıza tapşırıq qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın," - Paşinyan deyib.
Həmin çıxışında da Paşinyan Ermənistan iqtisadiyyatının təkcə Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsindən, Rusiyaya gedən və günlərlə bağlı qala bilən yola ümid etdiyini bildirib. Baş nazir dəmiryolunun vacibliyini vurğulayıb, lakin bu halda "müəyyən tədbirlərə getmək lazım olacağına" işarə edib.
"Çünki siz bilirsiniz ki, bizim Rusiyaya və İrana dəmiryollarımız Azərbaycandan keçir. Biz anlamalıyıq ki, belə ola bilməz ki, bizim onların ərazisindən keçən yolumuz olsun, onlara isə bizim ərazimiz üzərindən yol verilməsin. Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik," - Paşinyan deyib.
Baş nazirin müavini Tigran Avinyan Azadlıq Radiosunun erməni xidmətinə bildirib ki, Azərbaycanla Ermənistan arasında qanuni sərhədlər hələ ki, mövcud deyil və hazırda iki ölkə arasında sərhədçilər 1975-1976-cı ilin hərbi xəritəsinə əsasən, müvəqqəti dayanıblar. Onun sözlərinə görə, qanuni sərhədlərin olması üçün ilk növbədə ikitərəfli münasibətlərin qurulması vacibdir.
Regionda sabitlik və iqtisadi inkişaf naminə Ermənistan öz baxışlarında nəyi düzəltməlidir və nə edə bilər?
BBC News Azərbaycancanın Yerevan müxbiri bu sualla yerli siyasi təhlilçilərə müraciət edib.
Şərqşünas Vardan Voskanyan hesab edir ki, ilk növbədə Türkiyə Ermənistanla bağlı öz siyasətində "düzəliş" etməlidir.
"Türk dövləti erməni soyqırımı faktını tanımalı (1915-ci il Osmanlı İmperiyasında - red.), üzrxahlıq etməlidir və gərək zərlərin ödənilməsi - kompensasiya mexanizmləri işlənib hazırlansın, necə ki, vaxtilə Almaniya yəhudi xalqının zərərlərini ödəmək üçün tətbiq etmişdi," - Voskanyan BBC News Azərbaycancanın müxbirinə deyib.
Onun sözlərinə görə, buna qədər isə heç bir əlaqə, təmas ola bilməz.
Voskanyan "Türk dövlətinin ermənilərə qarşı xisləti bu gün də dəyişməyib" deyə, Bakıda Qarabağ müharibəsindən sonra keçirilmiş Zəfər Paradı zamanı Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın tribunadan səsləndirdiyi "indi Ənvər Paşanın ruhu çox şaddır" sözlərini xatırladır.
"Ənvər Paşa Osmanlı Türkiyəsində erməni soyqırımını təşkil edib həyata keçirənlərdən biridir və bu o deməkdir ki, müasir Türkiyədə də həmin şəxslərə qarşı sitayiş var," - o deyir.
Voskanyan Türkiyədə ermənilərə başqa münasibət bəsləyən və "tarixi faktlara dair başqa mövqedə olan və buna görə təqiblərə məruz qalan" şəxslərin də olduğunu deyir.
Onun fikrincə, indiki Türkiyə dövlətinin "rəsmi erməni siyasəti bu gün də dəyişməyib".
Erməni şərqşünası bölgədə kommunikasiyaların açılmasında da yalnız Türkiyənin Iğdır şəhərindən Naxçıvana və Ermənistanın Sünik vilayətinin kiçik bir ərazisi üzərindən Azərbaycanla dəmiryolu vasitəsilə bağlanması məsələsinin həll olunduğunu bildirir.
"Bunun Ermənistana aidiyyatı yoxdur. Ermənistan kommunikasiyalarını açmaq istəsəydi, Kars-Gümri dəmiryolunu bərpa edərdi," - Vardan Voskanyan deyir.
Ermənistanın soyqırım iddialarını rədd edən Türkiyə rəsmiləri etiraf edirlər ki, ermənilərə qarşı qırğınlar törədilib, lakin bu, xristian erməniləri tam məhv etmək üçün sistematik qətllər olmayıb.
Türkiyə bildirir ki, müharibənin zorakılıqlarında çox sayda müsəlman türk də həlak olub.
Politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan deyir ki, Qarabağ müharibəsindən sonra Ermənistan hər hansı danışıqlar prosesinə qatılıb öz maraqlarını müdafiə etmək imkanında deyil.
"Hazırda faktiki olaraq söhbət Ermənistanı o və ya bu üsulla məğlubiyyət nəticələrini yazıb təsbit olunmasına məcbur etmək cəhdindən gedir", - İskandaryan BBC News Azərbaycancanın müxbirinə deyib.
Onun sözlərinə görə, bu tək Ermənistana deyil, həm də tanınmamış "Dağlıq Qarabağ Respublikasına" aiddir və cəhdlər əsasən Azərbaycan tərəfindən və Türkiyənin dəstəyi əsnasında edilir.
"Məqsəd - müharibənin nəticələri olan hərbi məğlubiyyətin şərtlərini qəbul etdirməkdir. Bu, uzun müddətlik razılaşma əldə etmək üçün yaxşı üsul deyil," - İskandaryan deyir.
"Bu gün Ermənistan elə bir vəziyyətdədir ki, danışıqlar prosesində öz maraqlarını müdafiə etmək iqtidarında deyil və bu gün danışıqlara qatılması yalnız özgəsinin maraqlarının təmin edilməsinə xidmət edər," - İskandaryan deyir.
Şərqşünas Ruben Safrastyan da hesab edir ki, Ankara ilə münasibətlərin yaxşılaşdırılmasının vaxtı deyil, Türkiyə-Azərbaycan tandemi qələbə fürsətindən istifadə edərək Ermənistanı daha da sıxışdırmağa, daha böyük, o cümlədən Qarabağ məsələsində güzəştlər almağa çalışır.
Onun sözlərinə görə, münasibətlərin yaxşılaşdırılması üçün Ermənistan deyil, Türkiyə öz siyasətində düzəlişlər etməlidir. Türkiyə Ermənistana qarşı şərtlər qoymaq siyasətindən çəkilməlidir.
Ruben Safrastyan deyir ki, bunun üçün Türkiyə və Azərbaycan qısa müddətdə keçirdikləri iki hərbi təlim, Azərbaycanda saxlanan erməni əsirlərindən təzyiq vasitəsi kimi istifadə edirlər.
"Türkiyə müharibənin hazırlanmasında, idarə olunmasında iştirak edib, Azərbaycan tərəfində döyüşmək üçün muzdlular gətirib. Bu, Türkiyənin Ermənistana qarşı düşmənçilik mövqeyindən xəbər verir," - Ruben Safrastyan deyir.
"Türkiyə parlamentində Qarabağ məsələsi kimi, Ermənistanın Sünik bölgəsinin (Zəngəzur-red) həll olunması çağırışları səslənir. Belə olan halda, fikrimcə, bizim elə bir siyasət (Türkiyə ilə yaxınlaşma - red.) yeritməyimiz səhv olar. Çünki nəticədə bu bizə fayda yox, zərər gətirər," - Safrastyan deyib.
Onun Türkiyə ilə iqtisadi əlaqələrlə bağlı gözləntiləri də nikbin deyil.
Şərqşünasın fikrincə, Ermənistan kiçik bazadı, dənizə çıxışı yoxdur.
"Belə olan halda Türkiyə ilə münasibətlərimizin yaxşılaşdırılmasına, ticarət əlaqələrinə ümid etmək... bu mümkün deyil. Bərabər hüquqlu ölkələr kimi mümkün deyil. Lakin əgər biz bu yolu tutsaq, bu, bizim identikliyimizin böyük bir qismindən imtina etməyimiz olardı," - şərqşünas Ruben Safrastyan deyir.