Rusiyanın əsas dərdi: düşmənlər uzaq olsun, qonşular itaət etsin, əhali az işləsin, rahat yaşasın

2-04-2021, 13:01   



  • Dünya dövlətləriylə, qonşularıyla zaman-zaman ağac-ağaca duran Rusiyanın dərdi ərazi məsələsi deyil. Zatən, o, ərazisinə görə dünyanın ən böyük dövlətidir, 17 milyon 125 min 191 kvadrat kilometr ərazisi var. Bu o deməkdir ki, dünyadakı 200-dən artıq dövlətin 100-dən çoxu Rusiyanın ərazisinə yerləşə bilər.
Təxminən bir ay öncə Rusiyanın tərkibindəki yüzlərlə vilayətdən biri olan Kostromadan bəhs etmişdik. Ərazisi Azərbaycanınkından iki dəfə böyük olan Kostromada, eləcə də başqa vilayətlərdə milyonlarla hektar əkin-biçin sahəsi yiyəsiz qalıb, əkilib-becərilmir. Halbuki oralardan səmərəli şəkildə istifadə olunsa təkcə heyvandarlıq məhsullarının istehsalında İsveç, Hollandiya, İsveçrə kimi ölkələri ötüb keçə bilərlər.
Yəni Rusiyanın öz torpaqları dünyadakı bütün ruslara, eləcə də dünya əhalisinin üçdə birinə yetəcək miqyasdadır. Prinsipcə, bu dövlətin başqa ölkələrin torpağında gözü olmamalıdır.
1.png (243 KB)
Eyni fikri maddi sərvətlər, təbii resurslar haqqında da demək olar. Rusiyanın intəhasız ərazisində Mendeleyev cədvəlinə daxil olan elementlərin tam məcmusu var – bol oksigendən urana, almaza qədər. Buraya neft, qaz, kömür, torf kimi zəngin yanacaq ehtiyatlarından tutmuş, bütün faydalı qazıntılara dair hər şey daxildir.
Prinsipcə, rusların başqa ölkələrdəki təbii sərvətlərə də tamahı olmamalıdır, çünki heç özlərininkini istismar edib çatdıra bilmirlər.
Dünyanın şirin su ehtiyatlarının ən böyük sututarları Rusiyadadır: ən bolsulu çaylar Rusiyada axır, ən dərin və geniş göllər bu ölkənin ərazisindədir. Torpağı 1-2 metr qazanda su çıxır.
4.jpg (52 KB)
Dünyadakı 4 okeanın 3-nə birbaşa çıxışı olan, dənizlərlə əhatələnmiş Rusiyanın dəniz məhsulları problemi də yoxdur, planetin ən nadir və əti delikates sayılan balıqları Rusiya sularındadır. Rusiya meşələrinin vəhşi heyvanları, xüsusilə xəz dərili heyvanları dünyadakı bütün ölkələrdə olduğundan çoxdur.
Rusiyanın dünyayla dərdi slavyan təəssübkeşliyi faktoruyla da bağlı deyil. Elə olsaydı, Kreml 2000-ci illərdə Serbiyanı dünya nəhənglərinin önündə tək buraxmazdı, Ukraynaya hücum etməzdi, neft-qaz borcuna görə Belorusun xirtdəyini sıxmaz, gecəylə üstümüzə borca göndərməzdi.
73d3de5beb5624a76191757605bccab3.jpg (33 KB)
Rusiyanın öz xarici siyasətində din qardaşlığı faktoruna dayanması versiyası da zəifdir. Bu, rus cəmiyyətində müəyyən sanbala malik olsa da, rəsmi Moskva öz siyasətini dini birgəlik müstəvisində formalaşdırmır. Rusiyanın öz din qardaşlarını “şillələdiyi” faktları da az olmayıb – məsələn, gürcüləri, moldovanları, erməniləri, ukraynalıları və s.
Bəs bu qədər zəngin, böyük sərvətli, bol resurslu ölkə nəyə görə başqa ölkələrə aqressiv münasibət bəsləyir, onlarıa dalaşır və Avropayla, Qərblə sonsuz intriqa içində yaşayır?
Rusiyanın dərdi öz dövlət mənafeyi ilə, əsas da dünya ağalığı ambisiyasıyla bağlıdır. 20-ci əsrdə dünyadakı imperiyaların, demək olar ki, hamısı öz müstəmləkələrini itirdikləri halda, Rusiya yeganə dövlətdir ki, bu təbii mərkəzdənqaçma prosesi ilə barışmaq istəmir, SSRİ dönəmindən əvvəl, çar Rusiyası dövündə malik olduğu torpaqları belə yenidən özününkü etmək istəyir.
8.jpg (34 KB)
Onun bu ərazilərə ehtiyacı yoxdur, bir o ərazilərin düşmənlərə qalmasını istəmir, bir də həmin ərazilərdə yaşayan əhalinin əməyinə ehtiyacı var. Başqa sözlə, Rusiya min bir fitnə-fellə daxil olduğu torpaqlarda ötən əsrlərdə olduğu kimi slavyan mənşəli xalqların koloniyalarını yerləşdirmək, oraları özünün federal subyektinə mevirmək fikrində deyil, əsasən oralarda bastion, hərbi baza qurmaq istəyir. Rusiya umur ki, bütün yaxın qonşuları onun böyüklüyünü qəbul etsinlər, ona bu və ya digər şəkildə xərac ödəsinlər, onun əhalisinin firavan yaşamasına öz insan resurslarıyla qulluq etsinlər.
6.jpg (36 KB)
Rusiyanın şəhər və qəsəbələrində, eləcə də kəndlərində işçi qüvvələrinin demoqrafik tərkibinə baxaq. Ən ağır işlərdə əmək miqrantları – qastarbayterlər işləyir. Tikinti sektorunda əsasən özbəklər, qazaxlar, moldovanlar, təmizlik, xidmət sektorunda taciklər, iaşə sekturnda ermənilər, ticarətdə azərbaycanlılar və gürcülər çalışırlar. Məhz onlar səhər saat 6-dan gecə saat 10-a qədər qarışqa kimi işlədikləri halda yerli ruslar rahat işlərdə əl-ayağı təmiz şəkildə, 7 saatlıq iş rejimində fəaliyyət göstərirlər, ya da ümumiyyətlə, tənbəllik edib işləmirlər. Hər bir halda güc miqrantlara düşür, onlar rusların şəhərlərini tikməli, təmir etməli, təmiz saxlamalı, əhalinyə bol və ucuz ərzaq məhsulları çatdırmalı, ölkənin demoqrafik durumuna öz töhfələrini verməli, bir sözlə, hər cür qulluq göstərməlidirlər, üstəlik, hər dəqiqə deportasiya olunmaq qorxusu altında yaşamalıdırlar. (Maraqlıdır ki, ruslar ən yüksək səviyyədə miqrantlara ehtiyacları olduqlarını etiraf edirlər, bunsuz ölkənin demoqrafik fəlakətə sürüklənəcəyini bəyan edirlər, amma yenə də vaxtaşırı antimiqrant dalğaları qabardırlar).
Bu dövlət onun ərazisini, daxili sabitliyini, gələcəyini təhdid edən bütün faktorlara qarşı kəskin mövqedədir. Onun Ukrayna və Gürcüstanla düşmənçiliyi bu dövlətlərin Rusiyanın orbitindən aralanıb NATO-ya yaxınlaşmalarıyla bağlıdır. 44 günlük müharibədə Ermənistana verilən dərs (aktiv dəstək verməmək) də İrəvanın Qərbə meyllənməsinə görəydi.
67.jpg (1.32 MB)
Rusiyanın hazırda Türkiyə və Azərbaycanla ilıq münasibəti bu dövlətlərin Qərbə, NATO-ya, ənənəvi rus düşmənlərinə müttəfiq olmayacaqlarına inandığı üçündür. Türkiyə NATO üzvü olsa da, bu alyansın və ABŞ-ın fitvasıyla Rusiyaya qarşı addımlar atmaqdan imtina edir və Kremldə bunu məmnunluqla izləyirlər. Azərbaycan isə hələ 7-8 il öncədə ABŞ emissarlarının Bakını su yoluna döndərmələrinə, şirin vədlərinə, axırda isə bəzi kəşfiyyat məlumatlarının mətbuata sızdırılması kimi basqılarına baxmayaraq, Qərblə müttəfiq olmadı, ölkənin Rusiya və İrana qarşı plasdarma çevrilməsinə razılıq vermədi.
Bir sözlə, bütün böyük dövlətlərin rəhbərləri kimi, Rusiyanı idarə edənlər də dövlətin gələcəyini düşünür, ölkənin parçalanmasını, kiçilməsini istəmir, əksinə, daha da böyüməsini, çiçəklənməsini, əhalinin daima firavan və qürurlu yaşamasını istəyir.
Fəqət rus siyasilər bu ülvi arzularını başqa xalqları, nisbətən kiçik ölkələri əzmək, itaətdə saxlamaq və istismar etməklə həyata keçirmək, necə deyərlər, öz xoşbəxtliklərini başqalarının bədbəxliyi üzərində qurmaq istəyirlər. Kim buna qarşıdırsa, rus siyasilər onları düşmən sayırlar. Rus cəmiyyəti də bu "düşmən"lərin hərəsinə bir həqarətli epitet yapışdırır.
1496090525189233188.jpg (76 KB)
Hazırda Rusiyanın öz ətrafında apardığı davanın mahiyyəti budur.
 

Xalid KAZIMLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.