Həm ABŞ və NATO, həm də Rusiya çoxlu sayda hərbi texnikanın, canlı qüvvənin cəmləşdirildiyi eyni geopolitik poliqon ətrafında silahlı toqquşma təhlükəsindən yayınmağa çalışır: Bu hərbi-siyasi qarşıdurmada geri çəkilən tərəf beynəlxalq mövqelərini itirmək təhlükəsi ilə də üzləşə bilər...
"Dünya düzəni dəyişəcək" iddiaları reallığa çevrilməyə başlayıb. Hələlik bu proses ilkin mərhələdə olsa da, artıq yeni dünya düzəninin ilkin əlamətləri sezilməkdədir. Və bu prosesin bəzi nəhəng dövlətlərə müəyyən proseslər yarada biləcəyi qətiyyən şübhə doğurmur.Maraqlıdır ki, prezident Co Baydenin hakimiyyətə gəlişi ilə ABŞ Rusiyanı birbaşa hərbi-siyasi hədəfə çıxarıb. Ağ Ev hazırda bütün hərbi-siyasi arsenalını Rusiyanın küncə sıxışdırılmasına yönəldib. Bu baxımdan, ABŞ-Rusiya qarşıdurmasının yekun nəticələri yeni dünya düzəninin ilkin hərbi-siyasi şərtlərini qətiləşdirə bilər.
Artıq ABŞ-ın dünya arenasında Rusiyanın xüsusi rol almasını istəmir. Rusiyanın beynəlxalq məkanda siyasi iradə nümayiş etdirmək imkanlarını məhdudlaşdırmağa cəhd göstərir. Və bu hədəfinə doğru atdığı addımlarda qarşı tərəfə hər hansı güzəşt niyyətində olmadığını da biruzə verir.
Son hadisələrə dayanaraq, ABŞ və Qərbin Rusiya ilə həlledici hərbi-siyasi toqquşmasının məhz MDB məkanında baş verə biləcəyini ehtimal etmək olar. Əslində, son bir neçə ay ərzində Ağ Ev Kremlin beynəlxalq nüfuzuna kifayət qədər sarsıdıcı zərbələr vurmağa nail ola bilib. Qarşılığında isə Rusiyanın ciddi və qətiyyətli reaksiyası ilə üzləşməyib. Kremlin cavab reaksiyası daha çox Ağ Evdən gələn sarsıdıcı zərbə dalğası qarşısında çaşqınlıq ilə məhdudlaşıb.
İndi isə qarşıdurma daha önəmli mərhələyə keçib. Hazırda ABŞ və Qərb Rusiya ilə konkret bir coğrafi məkanda üz-üzə gəlib. Yəni Ukrayna böhranı qarşıduran tərəflərdən hansının bu həlledici savaşdan qalib ayrılan biləcəyini qətiləşdirə bilər. Və bu baxımdan, Kreml bu savaşa xüsusi olaraq, hazırlaşır.
Rusiya üçün bir çox faktorlar üzrə Ukrayna ABŞ və Qərb qarşısında "sonuncu qala" hesab oluna bilər. Əslində, Kremlin davranışları da Rusiyanın Ukraynanın ABŞ və Qərbə tam təslim etməyə hazırlaşmadığını göstərir. Yəni Kreml Ukrayna uğrunda mübarizəyə bütün hərbi potensialını yönəltməyə çalışır.
İndiyə qədər Ukrayna ilə sərhəd bölgələrinə çoxlu sayda hərbi texnika və canlı qüvvə yerləşdirilib. Bu proses hələ də davam etməkdədir. Kreml rəsmi Kiyevin Ağ Evdən aldığı dəstəyə güvənərək, separaçı Donbass bölgəsinə hərbi müdaxilə edəcəyi təqdirdə, Rusiyanın müşahidəçi qalmayacağını mesaj verməyə çalışır. Yəni, rəsmi Kiyev separaçı bölgədə hərbi əməliyyatlara başlayarsa, Rusiya Ukraynaya hərbi müdaxilə edəcəyini gizlətmir.
Təbii ki, rəsmi Kiyev belə bir təhlükəyə olduqca ciddi yanaşır. ABŞ və Qərbdən Ukraynanın Rusiya ilə hərbi qarşıdurmada tək buraxılmayacağına təminat almağa çalışır. Bəzi məlumatlara görə, rəsmi Kiyev artıq ABŞ və Qərbdən belə bir ilkin təminat almağa nail olub.
Onu da qeyd edək ki, ABŞ və Qərb Ukraynaya belə bir təminat vermək məcburiyyətindədir. Çünki rəsmi Kiyev Ağ Evin vədləri olmasaydı, yəqin ki, yaxın gələcəkdə separaçı Donbass ətrafında hərbi vəziyyəti dəyişməyə cəhd göstərməyəcəkdi. İndisə bu istiqamətdə kifayət qədər ciddi addımlar atılıb. Bu prosesin dayandırılması Rusiya qarşısında növbəti hərbi-siyasi məğlubiyyət anlamı da daşıya bilər. Üstəlik, bu məğlubiyyət yalnız Ukraynanın deyil, həm də ABŞ və Qərbin aktivinə yazılmış olacaq.
Deməli, ABŞ və Qərbin geri çəkilməsi artıq yolverilməzdir. Bu, Kremlin həlledici qələbəsi olmaqla yanaşı, həm də Rusiyanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə yol aça bilər.
Maraqlıdır ki, bu reallıq ABŞ və Qərbi Ukrayna məsələsinə daha həssas yanaşmağa sövq edir. Yəni, indi rəsmi Kiyevin daha açıq və konkret dəstək addımlarına ehtiyacı var. Ukrayna Prezidenti Vladimir Zelenski də bu ehtiyacı qətiyyən gizlətmir: "Orduda və müdafiə sistemimizdə islahatlar aparmağa qərarlıyıq. Ancaq yalnız islahatlar ilə Rusiyanı dayandırmaq mümkün deyilb".
Onun fikrincə, bu prosesdə NATO-nun rolu mütləq ön plana çıxarılmalıdır. Eyni zamanda, NATO Ukrayna üçün öz "təhlükəsizlik çətiri"ni artıq əsirgəməməlidir: "Donbasda müharibəyə son qoymağın yeganə yoludur. Ukrayna xəritəsi Rusiya üçün əsl siqnal olacaq".
Belə anlaşılır ki, Ukrayna prezidenti ABŞ və Qərbi qətiyyətli addımlar atmağa tələsdirir. Ukraynanın yalnız beynəlxalq səviyyədə verilən dəstək bəyanatları ilə Rusiyaya qarşı savaşdan qalib çıxa bilməyəcəyini qabartmağa çalışır. Ona görə də, birbaşa hərbi xarakterli dəstəyin ön plana çəkilməsinin vacibliyinə eyhamlar vurur.
Onu da qeyd edək ki, son günlər ABŞ və Qərbin Ukraynaya hərbi dəstək vermək üçün hərəkətə keçdiyi də qətiyyən diqqətdən yayınmır. Belə ki, ABŞ və NATO hərbi gəmilərinin Qara dənizə doğru hərəkət etməyə başladığı barədə məlumatlar mövcuddur. Eyni zamanda, Ukrayna ətrafında, xüsusilə də, Bolqarıstan Rumıniya və Polşa istiqamətində çoxsaylı sayda ABŞ və NATO hərbi texnikasının, canlı qüvvəsinin cəmləşdirildiyi bildirilir. Yəni, həm ABŞ, həm də NATO qoşunları hər an Ukrayna ərazisinə girməyə hazır vəziyyətə gətirilib.
Belə anlaşılır ki, Ukrayna ətrafında hərbi-siyasi gərginlik təhlükəli həddə çatıb. Hər an böyük savaş başlaya bilər. Sadəcə, bu, qarşıduran tərəflərin öz mövqelərində nə qədər israrlı olmasından birbaşa asılı olacaq.
Maraqlıdır ki, belə gərgin hərbi-siyasi situasiyadan mümkün çıxış yolu məhz qarşıduran tərəflərdən hansınınsa son anda geri çəkilməsi ilə inandırıcı görünür. Halbuki, bu, güzəştə gedən tərəfin siyasi məğlubiyyəti kimi də dəyərləndirilə bilər. Bu haldasa, qarşıdurma yenidən başlanğıc mərhələyə qaytarılmış olacaq.
Müşahidələrə əsasən, həm ABŞ və Qərbin, həm də Rusiyanın birbaşa hərbi toqquşmalara həvəsli olmadığı da diqqətdən yayınmır. Hər iki tərəf digərinin geri çəkiləcəyinə ümid bəsləyir. Hətta qarşılıqlı olaraq, bir-birinə geri çəkilmək imkanları yaratmağa da çəhd göstərirlər.
Məsələ ondadır ki, bir neçə gün öncə Pentaqon şefi Rusiyanın müdafiə naziri ilə təmas quraraq, Ukrayna ətrafında yaranmış vəziyyəti müzakirə etmişdi. Həmin müzakirədə Pentaqon şefi ABŞ və NATO hərbi qüvvələrinin bölgədə cəmləşdirilməsinin Rusiyaya qarşı olmadığını vurğulamışdı. Bunun əvvəlcədən planlaşdırılmış hərbi təlimlərlə bağlı olduğunu bildirmişdi.
Halbuki Ukrayna sərhədləri ətrafında cəmləşdirilmiş hərbi qüvvələrin sayı ənənəvi hərbi təlimlərdə ehtiyac duyulandan dəfələrlə çoxdur. Və hərbi təlimlər variantının sadəcə, duruma görə gündəmə gətirildiyi qətiyyən şübhə doğurmur.
Təbii ki, bu reallığı Kremldə də anlamamış deyillər. Ancaq Rusiyaya da ABŞ və NATO hərbi qüvvələri ilə birbaşa toqquşma təhlükəsi qətiyyən sərfəli deyil. Ona görə də, Kreml qarşı tərəfin hərbi təlimlər bəhanəsini öz davranışlarını izah etmək baxımından, yararlı ola biləcəyini düşünür.
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu da ölkə ordusunun döyüş hazırlığının yoxlanılmasına başlanıldığını bəyan edib: "Silahlı Qüvvələrin təlim planına uyğun olaraq, hərbi komandanlıq və idarəetmə orqanlarında, birləşmələrdə və hərbi hissələrdə nəzarət yoxlamaları başlayıb. Qoşunlar taktiki, xüsusi taktiki və ikitərəfli təlimlər üçün poliqonlara çıxarılıb”.
Göründüyü kimi, bütün dünyada tezliklə hərbi toqquşmalar məcburiyyətində qalacağı ehtimal olunan iki nəhəng silahlı qüvvələrin rəhbərliyi mövzunu "hərbi təlimlər" variantı altında arxa plana keçirməyə cəhd edirlər.
Bu baxımdan, Ukrayna böhranının real hərbi əməliyyatlara yol aça biləcəyindən danışmaq hələ bir qədər tezdir. Belə anlaşılır ki, hər iki tərəf mütləq qələbə şanslarından qətiyyən əmin deyillər. Ona görə də, hərbi qarşıdurmanı nisbətən zəiflədib, savaşı siyasi müstəvidə davam etdirməyə üstünlük verirlər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu