Bərdədə ekoloji terror: növbəti Kür daşqınını kimlər yaxınlaşdırır? - Foto/Video

7-04-2021, 08:56   


Dövlət Təhlükəsizlik Xidmətinə 
                                          surəti Baş Prokurorluq yanında Korrupsiyaya 
                                          qarşı Baş Mübarizə İdarəsinə 
                                          surəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 
                                          surəti Meliorasiya və Su Təsərrüfatı ASC-yə 

 



                       MÜRACİƏT 
                  

Düz 11 il bundan əvvəl, 2010-cu ilin mayında Azərbaycanın Aran zonasını əhatə edən dəhşətli bir ekoloji fəlakət yaşananda yuxarılardan tutmuş sadə kəndlilərə qədər heç kim bu kataklizmi gözləmirdi.
Və nəinki gözləmirdi, eyni zamanda müvafiq qurumlar, sahə üzrə mütəxəssislər, ekoloqlar, meliorasiya işlərinin başbilənləri Aran zonası üçün hansı bir fövqəladə hadisənin yaxınlaşdığını hesablamamışdılar.
Nəticə olaraq nə baş verdi - genişmiqyaslı daşqın zamanı Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmirin çay sahili boyu ərazilər suyun altında qaldı, 20 mindən çox ev suyun altında qaldı, 300-dən çox ev tamamilə dağıldı, 10 minlərlə insan ev-eşiklərini tərk edərək çadırlara yerləşməyə məhkum oldu. 
Elə o zaman müstəqil ekspertlər qeyd edirdilər ki, Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndvurma işləri etibarlı aparılsaydı 2010-cu ilin yazında bu daşqınları baş verməyə bilərdi. 
Beləliklə, çox uzaq olmayan keçmişdə yaşanan ekoloji fəlakət nəticəsində dövlətə və əhaliyə ciddi ziyan dəydi, məsuliyyət sahibləri barəsində ciddi tədbir görülmədi, sadəcə, fəsadlar aradan qaldırıldı. 
İndisə Azərbaycanın Mərkəzi Aran bölgəsi analoji təhlükə ilə üz-üzə qalmaqdadır və zamanında həyəcan təbili çalınmağa başlanıb ki, aidiyyatı orqanlar gecikmədən, yubanmadan problemin qarşısını çevik şəkildə almaq üçün hərəkətə keçsinlər, sonra “demədiniz” deməsinlər. 
Nədən ibarətdir bu qorxulu və vahimə doğuran fəlakətin astanası - ilk növbədə demək lazımdır ki, problem son bir ay içində dərinləşib. 
Ölkənin meşə təsərrüfatını, su sahələrini, nadir heyvanlarını qıra-qıra məhv edənlər bu dəfə oxşar vandalizmi, ekoloji terroru Bərdənin Məmmədli kəndində həyata keçirirlər və kimsənin “dur” əmrinə tabe olmurlar. 
Əslində bu özbaşınalığa yol verənlərə yerli sakinlərdən savayı “dayan” deyən də yoxdur və müvafiq qurumların məlumatsızlığı fürsətindən sui-istifadə edənlər Məmmədli kəndində meşə təsərrüfatını, su sahələrini sıradan çıxarmağa yönəlik addımlar atırlar, bölgəni ciddi daşqın təhlükəsi ilə qarşı-qarşıya qoymaqdadırlar. Tələsmək lazımdır!
Belə ki, adıçəkilən kəndin yuxarı hissəsindən axan Kür çayının hövzəsində yerləşən, təbii şəkildə formalaşan unikal bir ada məhv edilir. 
Amma necə - dövlət strukturları agah olsunlar ki, bu qanunsuzluğu və cinayəti edənlər sözügedən ərazidə olan bütün ağaclar kəsiblər, çayın suyu gündən-günə çirkləndirilib, “Qırmızı kitab”a salınmış yüzlərlə nadir yulğun ağacları - təbiətin ağciyərləri yox edilib. 
Nəticədə 100 hektardan çox ərazi məhv edilməkdədir. Yeri gəlmişkən, elə 2010-cu ildə baş verən Kür daşqınları zamanı Məmmədli kəndinin əhalisi də ciddi əziyyət çəkdi, nə az, nə çox 3 min hektar ərazisi su altında qaldı. O dövrdə bəndlər tikdilər, təhlükənin qarşısını önlədilər. İndisə həmin bəndləri söküblər, əvəzində isə heç bir qurumun icazəsi, rəyi olmadan, Fövqəladə Hallar Nazirliyinin yerli komissiyasının təhlükəsizliklə bağlı zəmanəti verilmədən, FHN-nin Tikintiyə nəzarət İdarəsinin mövqeyi, Sabirabaddakı bəndvurma İdarəsinin razılığı yox ikən Məmmədli kəndindən adaya doğru dağıdılan bəndlərin üzərindən kustar, əldəqayırma, riskli və qanunsuz körpü çəkilib. 
Ölkədə rəsmi icazə alınmadan daşı daş üstə qoyub tikinti aparmaq mümkün olmadığı halda həmin möhtəkirlər, işbazlar, təbiət və ekologiya, su hövzələrinin və meşələrin düşmənləri, qənimləri foto faktlardan da göründüyü kimi, təhlükəsizliyinə təminat verilməyən körpü salıblar.  
Eyni zamanda yüzlərlə nadir yulğun ağaclar mişarlanıb, qanunsuz şəkildə çay hövzələri salınıb, şumlanaraq əkin sahəsinə çevrilib. Bunu kimlər edibsə, elə kimlərsə də göz yumub. 
Üstəlik, ən gülməlisi budur ki, meşəyə qapı qoyublar. Ən azından Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli Meşə İdarəsinin rəhbərliyindən soruşa bilərdi ki, orada hara və nəyə baxırsınız...
Hazırda ada içində əkin işləri aparırlar. Əgər su gəlsə, məlumdur ki, bəndlər də sökülüb, o halda Kür daşacaq, növbəti fəlakət yaşanacaq. 
Məmmədli kənd sakinləri dövləti, onun orqanlarını vaxtında məsələdən agah etməklə, 2010-cu il Kür daşqınlarının təkrarlanmaması nöqteyi-nəzərlə ayıq-sayıq olmağa çağırır. 
Əgər vaxtında müdaxilə olunmasa, bölgə böyük fəlakət yaşaya bilər. Çünki bir aydır ki, bu adamlar özlərini ərazinin ağası kimi aparır, cəngəllik qanunlarına uyğun hərəkət edirlər. 
Bərdə və onun Məmmədli kəndi həm öz təhlükəsizliyini, həm təbiəti düşünərək, eləcə də Prezident İlham Əliyevin çağırışına səs verməklə ictimai nəzarətin təmin olunmasında fəallıq göstərərək bu özbaşınalıqlarla bağlı təcili tədbirlər görülməsini xahiş edir. 
Bu işləri araşdırmaq ilk növbədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni rəhbərliyinin üzərinə düşür. Məmmədli kənd sakinləri dəfələrlə yerli qurumları şifahi şəkildə məlumatlandırıblar, artıq qulaqardı edilməsindən yorulublar. Ona görə də artıq mərkəzi strukturların məsələyə qarışmasına əlahiddə ehtiyac var. Əks halda demədi deməyin, indidən xəbərdar edirik, region daşqınların qabağında tab gətirə bilməyəcək. 
Heç bir halda tamahkarlığa, məmur və onun adamlarının acgözlüyünə, qanunları ayaqlar altına atıb bəndləri sökərək, özü istəyən formada körpü salıb adanın ərazisini şumlamasına belə göz yummaq olmaz. 
Üstəlik, Azərbaycan dövlətinin başçısının bu məsələlərlə bağlı çox qəti, konkret mövqeyi, tapşırığı var. Elə bu günlərdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədrini video-formatda qəbul edən ölkə başçısı qeyd etmişdi ki, su hövzələrindən qeyri-qanuni istifadə olunur. Ölkə başçısının qeyd etdiyi bu faktlardan biri də sözügedən ərazidə baş verir. 
Kür çayına özbaşına müdaxilə edənlər və minlərlə sakinin həyatını təhlükəyə atanlar ola biləcək fəlakətin indidən memarlarıdırlar. Dövlət qurumları dərhal hərəkətə keçməli, Ə.Əhmədzadənin başında dayandığı “bəndsökmə əməliyyatı”na müdaxilə etməli, zamanında prosesin qarşısını almalı, həmin şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.
Biz çox xahiş edirik ki, dövlət orqanları səsimizə səs versinlər, 11 il əvvəl yaşanmış hadisənin təkrar olunmaması üçün günü sabahdan komissiya təşkil edib yerindəcə araşdırma aparsınlar. Bu yöndə kənd əhalisi də dəstək verməyə hazırdır. 



Əhmədov Natiq Sakit oğlu
Anaxeber.info

[media=https://www.youtube.com/watch?v=X3xMYdltzAE]


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.