“NATO UKRAYNAYA KÖMƏK GÖSTƏRSƏ, ALOV BÜTÜN QARA DƏNIZI BÜRÜYƏCƏK” - “Putinə görə, “Ukrayna” deyilən bir yer, “ukraynalılar” deyilən xalq yoxdur...”

7-04-2021, 16:19   




“2008-ci ildə Tbilisidə etdikləri kimi Kiyevin arxasından çəkilib, Ukraynanı ortalıqda qoya bilərlər”

“Krımsız Rusiya Qara dənizdə ancaq balıq ovlaya bilər”
Ukrayna-Rusiya sərhədində hələ müharibə alovlanmasa da, artıq “qılınclar qınından çıxarılıb”. Gərginlik günbəgün artaraq, ən yüksək həddə çatıb. Hər şey müharibəyəmi aparır? Müharibə başlayacağı təqdirdə nəticə necə olacaq? Ukrayna işğal və ilhaq edilmiş torpaqlarını geri qaytara biləcəkmi, yoxsa Rusiya daha çox torpaq işğal edəcək?
2014-cü ildə Qərbin dəstəyilə Ukraynada hakimiyyət dəyişikliyi baş verdi. Rusiyapərəst prezident Yanukoviç devrildi. Xalq üsyanının arxasında Qərb dayanırdı, hədəf isə Rusiyaydı. Moskva bunu cavabsız buraxmadı və Ukraynaya məxsus Krım yarımadasını ilhaq edərək, öz ərazisinə qatdı. Krım Qara dənizdə strateji nöqtədir. Bundan başqa, Rusiya Ukraynanın şərqindəki Donbas bölgəsinin Donetsk və Luqansk şəhərlərini işğal etdi.Bu şəhərlərdə rusiyapərəst muxtar administrasiyalar yaradıldı.

Son doqquz ayda isə atəşkəs rejimi qüvvədə olub. Ancaq əslində, bu atəşkəsə heç də lazımi qaydada riayət edilməyib. Çünki Rusiya tərəfindən çoxsaylı pozuntular baş verib. Buna cavab kimi Ukrayna Donbasda hərbi aktivliyi artırıb.
Azərbaycanın Ermənistanla müharibədə Qarabağın işğalına son qoyması Ukrynanı öz ərazilərini azad etməyə həvəsləndirdi. Qarabağ müharibəsində Rusiya birbaşa Azərbaycanın qarşısında dayanmamışdı. Ancaq Ukraynanın qarşısında dayanan işğalçı birbaşa Rusiyadır.
Son zamanlar Ukrayna Türkiyə ilə münasibətləri gücləndirib və ondan Qarabağ müharibəsində həlledici faktora çevrilən “Bayraktar” zərbə PUA-ları alıb. Bununla yanaşı, Türkiyə və Rusiya arasında sıx əlaqələr qurulub. Ancaq iki ölkə arasında mövcud əməkdaşlıqla bərabər, fikir ayrılıqları da var. Bunlardan birincisi Krımın ilhaqıdır.

Ukrayna ABŞ, NATO və Avropa Birliyi ilə sıx bağlara malikdir. Bayden administrasiyasının hakimiyyətə gəlməsilə ABŞ və Rusiya bir-birindən daha çox uzaqlaşıblar. Hətta Bayden Rusiya prezidentini “qatil” adlandırıb və əksər regionlar üçün Rusiya əsas təhlükə elan edilib. Onlardan birincisi Ukraynadır.
Bir tərəfdən Ukrayna Donbasdakı hərbi aktivliyini artırır, digər tərəfdən isə Putinin yaxınlarına məxsus televiziya kanallarını bağlayır. Ukrayna həmçinin Krımın işğaldan qurtarılması strategiyasını qəbul edib. Belə bir vəziyyət Rusiyanı bərk qəzəbləndirir. Ukrayna və Rusiya arasında doqquz ay sürən atəşkəs rejimi 1 apreldə pozulub. 
Moskva atəşkəs müqaviləsini yenidən uzatmayacağını bəyan edib. Hələ 31 mart gecəsindən başlayaraq, Rusiya Donbasa və Krıma xeyli sayda hərbi güc yollayıb. Rusiya üçün prioritet və əsas məsələ Krımdır, çünki Krımsız Rusiya Qara dənizdə ancaq balıq ovlaya bilər.

Rusiya zəngin kömür mədənlərinə malik olan Donbası elə-belə əldən buraxmaz. Rusiyanın həmin regiona cəlb etdiyi hərbi birləşmələrin gücü də bunu sübut edir. Donbasın tamamilə ruslaşdırılması cəhdi yeddi ildir ki, davam edir. Həm də referendum yoluyla bu iki şəhərin və ətraf ərazilərin Rusiyaya birləşdirilməsi varinatı da mövcuddur. 
Digər ssenari isə belədir: Rusiya Donbasdan imtina edə bilər, amma bir şərtlə ki, Krımın ilhaqı mövzusu həmişəlik qapadılsın. Başqa sözlə, Rusiya Donbası verməklə Krımı özündə saxlayır. Moskvadan baxdıqda önümüzə açılan mənzərəyə diqqət edək. Putinə görə, “Ukrayna” deyilən bir yer, “ukraynalılar” deyilən xalq yoxdur, ora Rusiyadır və həmin yerdə ruslar yaşayır. Elə məhz bu məntiqə görə də Krım işğal olunub.
Ruslar deyirlər: ”Ukraynalılar qaşınmasınlar, Donbası nəinki işğal edərik, hətta onu Rusiya Federasiyasının xəritəsinə qatarıq”.
Əgər Ukrayna ilhaq və işğal olunmuş rayonları azad etməyə cəhd göstərsə, o zaman mütləq müharibə başlayacaq. Belə olan təqdirdə NATO-nun mövqeyinə baxmaqda yarar var. Düzdür, indiki anda Qərb tamamilə Ukraynanı dəstəkləyir, amma müharibə baş verərsə, onlar 2008-ci ildə Tbilisidə etdikləri kimi Kiyevin də arxasından çəkilib, Ukraynanı ortalıqda qoya bilərlər. Bu isə Ukraynanın real parçalanmasına yol açar.
Əgər müharibə alovlanarsa və NATO Ukraynaya kömək göstərərsə, onda bu alov bütün Qara dənizi bürüyəcək və beləliklə də böyük miqyaslı münaqişənin fitili yandırılacaq.
Türkiyə bu prosesləri çox yaxından izləyir. Rusiya və NATO arasındakı güc balansını nəzərə almaq lazımdır. Bundan əlavə, Bayden administrasiyası ərazi bütövlüyü pozulmuş Ukrayna və Gürcüstanı NATO-ya üzv etmək niyyətindədir. 
Əgər bu baş tutarsa və həmçinin Ukrayna və ya Gürcüstan itirilmiş əraziləri geri qaytarmaq üçün ruslarla döyüşərsə, onda NATO ilə birlikdə Türkiyə də Rusiyayla qarşıdurmanın ortasında qala bilər.
“Haber7” - Türkiyə
Tərcümə: “AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.