Donbasda və Ukrayna-Rusiya sərhədində vəziyyət gərgin olaraq qalır.Oktyabrın 7-də Donbasdakı separatçıların atəş açması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 4 əsgəri həlak olub. Günorta saatlarında isə Ukrayna Silahlı Qüvvələrinin 54-cü ayrı mexanikləşdirilmiş briqadasının K-2 kəşfiyyat qrupu Donetsk vilayətində yaraqlıların müşahidə məntəqəsi və istehkamının aviazərbələrlə məhv edilməsini əks etdirən videomaterial yayıb. Hədəfə alınan bütün separatçı dəstənin məhv edildiyi bildirilir.
Bu arada Rusiya Federasiyası, Ukraynanın dövlət sərhədi boyunca və müvəqqəti işğal olunmuş ərazilərdə 28 tabor taktiki qrupu cəmləşdirib. Eyni zamanda, təlimlərə hazırlaşmaq adı altında daha 25 tabor silahlı qüvvə gətirməyi planlaşdıır.
Kremlin sözçüsü Dmitri Peskov yenidən Rusiyanın Ukraynanı təhdid etmədiyini, ancaq ordunun məqsədəuyğun olduğu müddətdə sərhədlərdə qalacağını bildirib. İki ölkə arasında müharibənin baş verməsi ehtimalı isə hər gün artır.
Çünki Ukrayna ərazilərini işğaldan azad etməkdə israrlı görünür. Rusiya da öz növbəsində, güc nümaiyiş etdirməklə bu savaşı cavabsız qoymayacağını bildirir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Rusiya Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının üzvüdür.
Əgər Rusiya müharibəyə başlasa, KTMT-dən bu müharibədə dəstək istəyə bilər. Çünki Rusiya KTMT-də əsas söz sahibidir və NATO-nun dəstək verdiyi Ukraynaya qarşı blok şəkilndə müharibə aparmağa çalışa bilər. Ancaq KTMT üzvü olan dövlətlərin Ukraynaya qarşı döyüşməyə razı olacağını söyləmək çətindir.
Politoloq Natiq Miri
Cebhe.info-ya açıqlamasında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu münaqişəyə müdaxilə edə bilməz. Çünki hərbi əməliyyatlar Ukraynanın ərazisində gedir. Ukrayna öz ərazilərini işğaldan azad etmək uğrunda mübarizə aparır və Rusiya ərazisinə hücum etmir:
“Bu müharibə başlayarsa, Ukraynanın ərazisində baş verəcək. Rusiya Krımı, Sevastopolu işğal və ilhaq etməsilə kifayətlənməyib, Ukraynanın suveren ərazilərinə doğru irəliləyərək orada bufer zona yaradıb. Yəni Donetsk və Luqansk vilayətləri Rusiyanın işğalı altındadır. Müharibə olacaqsa, bu əməliyyatlar Donbasda baş verəcək. Donbas isə Ukrayna ərazisinin tərkib hissəsidir. Müharibə Ukrayna ərazisində getdiyinə görə Rusiyanın davranışı beynəlxalq hüquqa ziddir. Rusiya hüquqi baxımdan Ukrayna ərazisində müharibə apara bilməz. Çünki Ukrayna separatizmə, rus terrorizminə qarşı öz ərazilərini azad etmək hüququna malikdir. Qarabağda işğal altında olan torpaqları Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq necə azad etdisə, eyni addımı Ukrayna da ata bilər. Çünki Ukrayna müstəqil subyekt olaraq dünya dövlətləri və BMT tərəfindən tanınan zaman Sevastopol və Krım da həmin sərhədlər çərçivəsində qəbul edilib. Bu gün işğal olunmuş Krım və Sevastopol nə dünya dövlətləri, nə də BMT tərəfindən Rusiyanın ərazisi kimi tanınıb. Ona görə də KTMT-nin nizamnaməsinə görə bu təşkilat münaqişəyə müdaxilə edə bilməz. Azərbaycan ərazisində, Qarabağda hərbi əməliyyatlar zamanı KTMT münaqişəyə qarışmamaq mövqeyini seçdiyi kimi Ukraynada da bu prosesə müdaxilə etməyəcək. Çünki müharibə Ukraynanın ərazisində gedir. Hesab edirəm ki, Rusiya qoşunları yalnız sülhmərmalı statusu adı altında həmin ərazilərə daxil ola bilər ki, bu mandatı da dünya gücləri və beynəlxalq təşkilatlar tanımayacaq”.Müşfiq Abdulla
Cebhe.info