'Azərbaycanda media azadlığı siyasi problemdir' - 'Hökumət istəyir ki, media daimi hakimiyyətdən asılı vəziyyətdə qalsın'

8-04-2021, 19:47   



Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində ABŞ Dövlət Departamentinin insan hüquqları və azadlıqları ilə bağlı illik hesabatında Azərbaycanda mətbuat azadlığının durumu barədə yazılanlara münasibət bildirib.
Amerikanın Səsi: ABŞ Dövlət Departamentinin insan hüquqlarının durumu ilə bağlı hesabatında bildirilir ki, ötən il ərzində hakimiyyət kütləvi informasiya vasitələrinə və xaricdə olan jurnalistlərə, hətta onların qohumlarına təzyiq göstərməkdə davam edib. Ümumiyyətlə hesabatın Azərbaycanda mətbuat azadlığı ilə bağlı hissəsi reallığı əks etdirirmi?
Şahin Hacıyev: Təbii ki, reallığı kifayət qədər əks etdirir. Bu monitorinq uzun illərdir davam etdirilir. Demək olar ki, bütün ciddi insidentlər, problemlər və hansısa bir problemin inkişafı bu hesabtda daim öz əksini tapır. Ona görə də, demək olar ki, bu, tamamailə obyektiv qiymətləndirmədir.
Amerikanın Səsi: Hesabatda deyilir ki, “Amerikanın Səsi”, "Azadlıq" radiosu və BBC də daxil olmaqla, xarici kütləvi informasiya vasitələri hələ də FM-Radio tezliklərində yayımlanmır, hərçənd Rusiyanın "Sputnik" agentliyinə yerli radioda xəbərləri yayımlamağa icazə verilib. Buna münasibətiniz necdir?
Bu, kifayət qədər diplomatik dillə hökumətin siyasətini nəinki söz azadlığı və mətbuat istiqamətində, eyni ilə də xarici siyasətininin diplomatik tənqididir.
Şahin Hacıyev: Bu, kifayət qədər diplomatik dillə hökumətin siyasətini nəinki söz azadlığı və mətbuat istiqamətində, eyni ilə də xarici siyasətininin diplomatik tənqididir. Yəni, azad fikir, azad ifadə rəmzi olan KİV-lərin məhdudlaşdırılması, eyni zamanda Rusiya yönümlü və yaxud Rusiya tərəfindən maliyyələşdirilən KİV-lər üçün şərait yaradılması və onlara dəstək. Bu faktın göstərilməsi dolayısı yolla, yenə də deyirəm, bu, əslində tənqiddir. Demokratik, azad, Avropa Şurasının üzvü olan ölkə üçün bu, belə deyək, qəbuledilməzdir.
Amerikanın Səsi: İndi, hazırda Azərbaycanda hansı xarici kütləvi informasiya vasitələrinin ofisi fəaliyyət göstərir? Bunlar hansı yönümlüdür? İslam ölkələri yönümlüdür, Qərb yönümlüdür, Rusiya yönümlüdür?
Yəni, burada xaricvi KİV-lərin ofislərinin olması çox məhduddur. Qeyd olunduğu kimi, Rusiya KİV-lərinin nümayəndələridir.
Şahin Hacıyev: Azərbaycanda fəaliyyət göstərən jurnalistlər, xarici KİV-lərlə əməkdaşlıq edənlərin əksəriyyəti azad jurnalsitlərdir (freelance). Yəni, burada xarici KİV-lərin ofislərinin olması çox məhduddur. Qeyd olunduğu kimi Rusiya KİV-lərinin nümayəndələridir. Lakin qərb, ümumdünya KİV-lərinin, böyük KİV-lərin buradakı nümayəndələri yalnız müxbir səviyyəsindədir. Eyni zamanda, xarici, Rusiya olsun fərq etmir, dövlətin mövqeyi, siyasəti ondan ibarətdir ki, Azərbaycan iqtidarına loyal olan KİV-lər işləyə bilər. Yəni, burada yalnız hansısa bir dövləti təmsil edən yox, məhz Azərbaycan hökumətinə, onun siyasətinə loyal olan KİV-lərin işləməsindən söhbət gedə bilər.
Amerikanın Səsi: Hesabatda Azərbaycanda internet azadlığı ilə bağlı məqamlar da var. Sənəddə bir sıra tənqidçi media vasitələrinin saytlarının bloklanması, həmçinin tənqidçi blogerlərin təzyiqlə üzləşməsi barədə danışılır. Sizin baxışınız necədir?
Bəli, internet var, lakin internetdə fəaliyyət kifayət qədər nəzarət altındadır və məhduddur.
Şahin Hacıyev: Bu da hökumətin uzun illərdir yeritdiyi siyasətin nəticəsidir. Bu, nədən ibarətdir? Bəli, internet var, lakin internetdə fəaliyyət kifayət qədər nəzarət altındadır və məhduddur. Yəni, sən nə istəyirsən edə bilərsən, lakin dövlətin siyasətini tənqid etmək, hansısa məmurları tənqid etmək, insan haqlarını qaldırmaq, demokratiyanın pozulmasını qeyd etmək, korrupsiyadan danışmaq, hakimiyyəti, hökumətin üzvlərini tənqid etmək, bu, qadağandır. Ona baxmayaraq ki, internetə çıxış var, o yayılır. Lakin sən əgər, misal üçün, Facebook istifadəçisi kimi hansısa bir problem haqqında danışırsansa, o saat cəzalandırılırsan. Ona görə də əslində, internet azad deyil. İnternetdə ifadə azadlığı yoxdur. Texniki cəhətdən hökumət orqanları əllərindən gələni edirlər ki, bu sahəni daimi nəzarətdə saxlasınlar, lazım olanda məhdudiyyət yaratsınlar. Misal üçün, bu yaxınlarda, Qarabağ müharibəsi zamanı internet demək olar ki, kifayət qədər məhdudlaşdırılmışdı, sosial şəbəkələr bloklanmışdı. Bu gizlədilmirdi və açıq elan edilmişdi.
Amerikanın Səsi: Hökumət media ilə məşğul olan strukturlarda bir sıra kadr dəyişiklikləri etdi. Vəziyyət necə, dəyişdimi?
Şahin Hacıyev: O dəyişmə prinsipial xarakter daşımır. Söhbət özünü pis aparan və yaxud dünənki düşüncədə olan kadrlardan gedir. Söhbət siyasi istiqamətdən qətiyyən gedə bilməz. Yəni, hər bir rəhbər kadr məhz, ilk növbədə sırf hökumətyönümlü adam olmalıdır. Burada söhbət yalnız dövlət KİV-lərindən getmir. Ümumiyyətlə dövlət KİV-i anlayışının özü demokratik dövlət üçün qeyri-normaldır. Misal üçün, İctimai Televiziya kimi bir qurum kifayət qədər dövlət nəzarəti altındadır. Ondan əlavə, bütün başqa KİV-lərdə siyasət elə aparılır ki, onlar dövlətlə əməkdaşlıq etməlidir. Əməkdaşlıq etməsə maliyyə cəhətdən problem olacaq və sairə. Bu, hökumətin uzunmüddətli siyasətidir və indiyəcən davam edir.
Amerikanın Səsi: Siz ölkədə media azadlığı sahəsində islahatları necə görürsünüz? Nə edilməlidir?
Dövlət üçün, Azərbyacan hökuməti üçün media siyasi mübarizənin bir instrumentidir.
Şahin Hacıyev: Media sahəsi söz azadlığı yox, bu, siyasi problemdir. Dövlət üçün, Azərbyacan hökuməti üçün media siyasi mübarizənin bir instrumentidir. Azad mətbuatın olması o deməkdir ki, hakimiyyətin ictimai rəyin formalaşmasına təsir qüvvəsi xeyli azalacaq. Ona görə də Azərbyacan hökumətinin siyasi iradəsi yoxdur ki, real azad mətbuat sistemi yaradılsın. İqtisadi cəhətdən mətbuat bir biznes növü kimi əlverişli olsun. Yəni, hökumət istəyir ki, media daimi hakimiyyətdən, hökumətdən asılı vəziyyətdə qalsın ki, onu idarə etmək mümkün olsun.
Qeyd: Azərbaycan hökuməti beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəsmiləri bütün fundamental azadlıqların, ö cümlədən söz və media azadlığının tam təmin edildiyini bəyan edir.
Anaxeber.info




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.