Azərbaycan Silahlı Qüvvələri Türkiyə-NATO tipində modernləşdirilir - Prezident anons vermişdi...; Rusiya nəşri: “Azərbaycan və Türkiyənin birgə təlimləri artıq hər ay keçirilir və müntəzəm xarakter alıb...”
Məğlub Ermənistan kapitulyasiyadan 5 ay ötməsinə rəğmən, hələ də bölgədə haqq elədiyi yeri ilə barışmağa tələsmir. Əksinə, “ağzı” əməllicə yansa da, ara-sıra yenə də başından böyük iddialar səsləndirir. Bakı və Ankara ilə şərt dilində danışmağa, Rusiyanın köməyi ilə regionda özünə sərfəli geosiyasi gündəm formalaşdırmağa cəhdlər edir. Şübhə yox ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamayınca, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qonşu ölkələrin ərazi bütövlüyünü tanımayınca bölgədə müharibə riski aradan qalxmış sayılmayacaq. Dərin böhran işində olan ölkədə son vaxtlar iqtisadiyyatdan çox, ordu quruculuğundan dəm vurulması bu xüsusda narahatlıq doğurmaya bilməz. Diqqəti çəkən həmçinin odur ki, yeni ordunun zəruriliyi barədə yalnız revanşist-radikal qüvvələr yox, Ermənistan rəhbərliyi də ucadan danışmağa, Rusiyaya böyük ümidlər bəslədiyini izhar eləməyə başlayıb. Söz düşmüşkən, baş nazir N.Paşinyanın son Moskva səfərindəki hədəflərdən biri də darmadağın edilmiş erməni ordusunun təzədən “yığılması” üçün kömək istəməklə bağlı olub.
*****
İstisna deyil ki, erməni tərəfi orduya indi ən çox ona görə ehtiyac duyur ki, kapitulyasiyadan sonra Azərbaycanla masa arxasında özünü bir azca inamlı hiss eləsin. Ancaq bu, bizim yaxşı tanıdğımız ermənidirsə, onun əlində yeni silahla baş qaldırmasına əsla imkan vermək olmaz. Çünki gec-tez yeni ərazi iddiası ilə üstümüzə gələcək. Necə ki, indinin özündə ermənilərin əksər hissəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa eləməsi ilə barışa bilmir.
Bu mənada ayıq-sayıqlığımızı daima yüksək səviyyədə saxlamaqda fayda var. Paralel surətdə qardaş Türkiyə ilə, strateji tərəfdaş İsraillə hərbi quruculuq sahəsində əməkdaşlığımızı genişləndirib, döyüş hazırlığımızı daha da yüksəltməliyik. Nə yaxşı ki, 2-ci Qarabağ müharibəsindən sonra bu yöndə fəaliyyət intensiv şəkildə davam etdirilir. O sırada Türkiyə və Azərbaycanda keçirilən birgə hərbi təlimlər ara vermir. Silahlı Qüvvələrimiz 44 günlük savaşda qazandığı qiymətli döyüş təcrübəsini cilalamaqda və təkmilləşdiməkdədir.
Bu tendensiya hətta Rusiyada da marağa səbəb olub və aparıcı KİV-lərin diqqəti cəlb edib.“Yeni ildə iki ölkənin - Azərbaycan və Türkiyənin müdafiə nazirlikləri demək olar ki, hər ay hərbi manevrlər təşkil edib”.
Bu, barədə “Exo Moskvı” (“Moskvanın əks-sədası”) nəşri yazıb.“Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri son vaxtlar müntəzəm xarakter alıb. Fevral ayında təlimlərdə tank, artilleriya və aviasiya bölmələri, mart ayında isə xüsusi təyinatlılar iştirak etdi. Qarabağdakı hərbi məğlubiyyətdən sonra silahlı qüvvələrdə islahatlara başlayan İrəvan isə bu mövzuda Kremllə sıx əməkdaşlıq etmək niyyətindədir. ” - məqalədə deyilir.
*****
Bu da hamısı deyil. Türkiyənin müdafiə nazirləri Hulusi Akar srağagün azərbaycanlı həmkarı Zakir Həsənovla videoformatda görüşü zamanı deyib ki, Azərbaycan Ordusunun modernizasiyası üçün “yol xəritəsi” hazırlanıb.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda həmçinin bildirilir ki, türkiyəli nazir iki ölkənin tarixi və mədəni baxımından bir-birinə bağlı olduğunu, keçmişdə olduğu kimi bu gün də bir-birinin yanında olduğunu söyləyib. Azərbaycan Ordusunun 44 günlük Qarabağ zəfərinə toxunan Akar “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, Qarabağın azad olunmasında da sadiq qalındığını, bunu bütün dünyanın gördüyünü deyib: “Türkün yumruğu erməninin başına endirildi. 30 ildən bəri davam edən haqsızlıq, oradakı qardaşlarımızın sıxıntıları çox şükür ki, sona çatdı. Buradakı qalibiyyət tarixə qızıl hərflərlə yazılacaq”.O, qazanılmış qələbə münasibətilə Azərbaycanı bir daha təbrik edərək deyib ki, Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün “yol xəritəsi” hazırlanıb və reallaşdırılmasına başlanılıb.
*****
Bu əlbəttə ki, çox mühüm mesajdır. İlk növbədə də Ermənistanda revanşist planlar quran və işğalçı ordunu təzədən diriltməyi xəyal edən qaynar başlara. Eyni zamanda qisasçı qüvvələrin Rusiyadakı havadarlarına, eləcə də Azərbaycanın Dağlıq Qarabağ coğrafi bölgəsində bizim razılığımızla və müvəqqəti (!) yerləşdirilmiş sülhməramlıları daimi hərbi baza saymağa başlamış məkrli çevrələrə. Yəni söhbət həm də Rusiyanın hakimiyyət eşelonlarında yuva salmış ermənipərəstlərdən gedir.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevralında yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycanda Türkiyə-NATO tipli mini-ordu qurulacağının anonsunu vermişdi. Sitat: “Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız davam edəcək. Türkiyə Ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Biz Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq fikrindəyik. Türk Ordusunun müasir modeli bizim üçün ən məqbul modeldir”.
Bütün bunların real nəticəsini bir azdan separatçı ünsürlər əyani görəcəklər. Etibarlı mənbələrin əminliyinə görə, yazda (mayda) Azərbaycan Qarabağdakı separatçı-quldurların qalıqlarına qarşı antiterror əməliyyatına başlayacaq. Madam ki, bu terrorçuları Rusiya hərbçiləri tərk-silah eləməyib, yaxud eləmək istəmir, üstəlik də onlar özlərini rusun arxasında daha inamlı hiss eləməyə başlayıblar, o zaman çarə yenə əlahəzrət “Dəmir yumruğa” qalır.
*****
“Azərbaycanın peşəkar bir ordusu olması çox vacibdir. Dünyadakı geosiyasi hadisələrin yerdəyişməsi bizim xeyrimizə olan istiqamətdədir. Azərbaycan qlobal əhəmiyyətli bir bölgənin mərkəzindədir. Gələcəkdə peşəkar orduya sahib olmamız beş-on il sonra üzləşə biləcəyimiz təhdidləri təsirsiz hala gətirəcək”.
Rauf Rəcəbov“Yeni Müsavat”ın məlumatına görə, bunu “3-rd View” (“3-cü baxış”) İnformasiya-Analitik Agentliyinin baş redaktoru Rauf Rəcəbov Minval.az-a müsahibəsində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin davam edən təlimlərini şərh edərkən deyib.Siyasi təhlilçi deyib: “Açıq danışaq. Qarabağ problemi tam həllini tapmayıb. Keçmiş DQMV-nin 55%-i hələ də Azərbaycan Konstitusiyasının yurisdiksiyasında deyil. Və əgər Ermənistanda Nikol Paşinyan, Robert Köçəryanın timsalında əsas oyunçular guya desələr də ki, revanşizm erməni gündəmində üstünlük təşkil etməməlidir, erməni cəmiyyətində müəyyən qüvvələr, məsələn, radikal ”Sasna Tsrer" hərəkatı və bir sıra az tanınan partiyalar var ki, “Artsaxın bütövlüyünü bərpa etmək” lazım olduğunu bəyan edirlər. Yaxud erməni separatçılarının lideri Arayik Harutyunyan Şuşa və Hadrutu “geri qaytarmaq” lazım olduğunu deyib. Bu aspekti nəzərə alsaq, bizim yeni metodları təcrübədən keçirməyimiz tamamilə doğrudur. Bütün bu hərbi təlimlər onun göstəricisidir ki, Azərbaycan Ordusu artıq hərbi ustalığın yüz faizlik səviyyəsinə çatıb. Digər tərəfdən, biz peşəkar Azərbaycanın Ordusuna doğru irəliləyirik. Ola bilsin, müəyyən müddətdən sonra müqavilə əsasında orduya keçmək qərarı verildi".
Niyə də olmasın? Ermənistandan fərqli olaraq Azərbaycanın bundan ötrü maliyyə resursları yetərlidir...
Analitik xidmət,“Yeni Müsavat”