“Sinovac” vaksini az effektlidir" - Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru etiraf etdi

12-04-2021, 14:15   



Çinin yoluxucu xəstəliklər üzrə aparıcı rəsmisi ölkənin koronavirusa qarşı vaksinlərinin az effektli olduğunu etiraf edib. Hökumətin effekti artırmaq üçün vaksinləri qarışdırmağı nəzərdən keçirdiyini bildirən rəsmi az sonra dediklərini təkzib edib.
Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Gao Fu aprelin 10-da deyib ki, ölkəsi mövcud vaksinlərinin effekti yüksək olmadığından problemin həllini nəzərdən keçirir.
“Hazırda immunlaşdırma prosesi üçün müxtəlif texniki göstəriciləri olan fərqli vaksinlərdən istifadəni nəzərdən keçiririk”, – Gao deyib.
Onun sözlərinə görə, bir strategiya dozaların sayını və onlar arasındakı müddəti dəyişmək ola bilər. O həmçinin "Moderna" və "Pfizer-BioNTech" vaksinlərində istifadə olunan mRNA texnologiyasının nəzərdən keçirilə biləcəyini deyib.
“Hər kəs "mRNA" vaksinlərinin bəşəriyyətə verə biləcəyi faydaları nəzərdən keçirməlidir. Bunu diqqətlə öyrənməliyik, artıq müxtəlif vaksin istehsal etdiyimiz üçün bunu gözardı etməməliyik”, – Gao deyib.
İlk dəfədir Çin rəsmisi COVID-19 vaksininə qarşı istehsal etdiyi vaksinlərin az qoruma təmin etdiyini etiraf edir. Konfransdan sonra bu deyilənlər elə təzəcə yayılmağa başlayan kimi Çin dərhal sosial media postlarında mövzunu senzura edib.

Aprelin 11-də “Global Times” dövlət qəzetində dərc olunmuş məqalədə Gao deyib ki, onun vaksinin effekti haqda dedikləri “tamamilə yanlış anlaşılıb”.
Çin bir sıra ölkələrə, o cümlədən Meksika, Türkiyə, İndoneziya, Macarıstan, Serbiya, Braziliya və Çiliyə milyonlarla doza peyvənd satışı ilə bağlı razılaşma əldə edib. Elə Çinin özündə 35 milyon nəfərə hər iki doza, 65 milyona nəfərə bir doza peyvənd vurulub. Pekin hələlik, Çində istifadə üçün hər hansı xarici vaksini təsdiqləməyib.
Hazırda Azərbaycanda da vaksinasiya əsasən Çin peyvəndi ilə aparılır. 1.1 milyondan çox şəxsə peyvənd vurulduğu açıqlanıb. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 590 min 914, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 356 min 831 nəfərdir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov ötən həftə “APA” agentliyinə demişdi ki, hələlik ölkədə yalnız Çində istehsal olunan peyvənd istifadə edilir: “Uzun müddət də “CoronaVac” peyvəndinin istifadə olunması üçün kifayət qədər rezervimiz var”.
Braziliyada bir tədqiqat “Sinovac” vaksininin simptomatik yoluxmaları 50.4 faiz önlədiyini aşkarlayıb. Çili Universitetinin araşdırması isə “Sinovac”ın hər iki doza vurulandan iki həftə sonra 54 faiz effektli olduğunu üzə çıxarıb.
Dünya Səhiyyə Təşkilatı hər hansı bir vaksin üçün minimum 50 faiz effektliliyi keçərli sayır.
"Moderna" və "Pfizer-BioNTech" vaksinləri isə 95 faizə qədər effekt ortaya qoyub. Çin vaksinlərində öldürülmüş viruslar vasitəsilə ənənəvi qoruma metodundan istifadə olunub.
"Sinovac" şirkətinin "CoronaVac" vaksini də inaktiv peyvənddir. O, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.
Çin "mRNA" vaksinini təsdiqləməyib, amma rəsmilər bu il birini hazırlamaq üzərində iş getdiyini deyirlər. Gao daha öncə "mRNA" vaksinlərinin təhlükəsizliyini sorğulamışdı. Çinin dövlət mediası da Qərb vaksinlərini şübhə altına almağa çalışır. (azadliq.org)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.