Elxan Şahinoğlu:
“Ərdoğan Ukrayna-Rusiya müharibəsinin qəti əleyhinədir, çünki bu, Türkiyəyə xarici və təhlükəsizlik siyasətində problemlər yarada bilər”Şahin Cəfərli: “Türkiyənin
“Krım Platforması”na qoşulması və ilk toplantıya yüksək səviyyədə qatılma sözü verməsi Moskvanın narazılığına səbəb ola bilər”Məhəmməd Əsədullazadə:
“Ərdoğanın Krım məsələsindəki prinsipiallığı və “Krım Platforması”nda iştirak edəcəyilə bağlı mövqeyi Moskva ilə Ankara arasında müəyyən böhrana yol açasa da, tərəflər əməkdaşlığı qoruyub saxlayacaq”
Bugünlərdə, daha dəqiq desək, aprelin 10-da Ukrayna prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ölkə başçıları regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparıblar. Görüşdən sonra hər iki lider Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclasında iştirak edib. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, iki ölkə arasındakı müqavilələrin imzalanma mərasimindən sonra Ərdoğan və Zelenski birgə mətbuat konfransı keçirib.
Qeyd edək ki, brifinqdə çıxış edən Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini güclü şəkildə müdafiə etdiyini bildirib:
“Krımın ilhaqını tanımamaq barədə prinsipial qərarımızı bir daha təsdiqlədik. Ukraynanın beynəlxalq ictimaiyyəti Krım mövzusunda bir araya gətirmək üçün təşəbbüs göstərdiyi “Krım Platforması”nı dəstəklədiyimizi bildirdik”. Türkiyə prezidenti onu da əlavə edib ki, ATƏT-in Ukrayna üzrə Xüsusi Müşahidə Missiyası Donbasda atəşkəsin əldə olunması ilə bağlı fəaliyyətini davam etdirməlidir. Ərdoğan qeyd edib ki, missiyanın fəaliyyətini hər hansı bir maneə olmadan yerinə yetirməsi vacibdir:
“Zəruri şəraitin yaradılması və müşahidəçilərin həyat təhlükəsizliyinin təmin edilməsi problemin sülh yolu ilə həlli üçün əhəmiyyətlidir”. Vladimir Zelenski isə öz növbəsində, bildirib ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü bərpa etmək üçün Türkiyənin dəstəyi son dərəcə vacibdir:
“Cənab Ərdoğandan bu dəstəyin davam etdiyini və gələcəkdə də Türkiyənin mövqeyinin dəyişməyəcəyini eşitdiyimə sevindim. Türkiyə tərəfinə Ukraynanın müvəqqəti işğal olunmuş Donbas və Krım əraziləri barədə məlumat verdim”.Bu arada, ABŞ-ın nüfuzlu
“Vaşinqton Post” qəzeti iddia edir ki, Rusiya hökuməti daxili problemlərdən diqqəti yayındırmaq məqsədiylə Ukrayna ilə gərginliyi artırır:
“Putin Rusiyanın durğun iqtisadiyyatı və koronavirusa pis cavab reaksiyası sayəsində artan ictimai narazılıqla toqquşur. Sentyabrda keçirilməsi planlaşdırılan parlament seçkisi yaxınlaşır və müstəqil sorğular göstərir ki, yalnız 27 faiz hakim partiyaya səs verəcək, 41 faiz isə Putinin yenidən prezident olmasını istəmir. Bu isə rekorddur”.“Ankara Moskva ilə münasibətlərində yeni gərginlik mövzusunun yaranmasını istəmir, ancaq Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək və bu ölkəyə modern hərbi texnika satmaq siyasətindən də imtina edən deyil”Beləliklə, “
Hürriyyət” xəbər verir ki, mözvuya dair fikirlərini bölüşən
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Zelenski-Ərdoğan görüşünün gözlənildiyindən çox çəkməsinin səbəbsiz olmadığını vurğulayıb:
“Liderlər xeyli mövzu müzakirə ediblər. Bu sıraya müdafiə sənayesinin, azad iqtisadi ticarət müqaviləsinin, regionda sülh və sabitliyin qorunmasından tutmuş, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına aid layihələrin reallaşdırılması aiddir. Ancaq böyük ehtimalla, əsas mövzu Ukrayna-Rusiya gərginliyi və müharibə ehtimalının artması olub. Ərdoğan Zelenskini qəbul etmədən bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Telefon danışığının təşəbbüskarı Kreml sahibi olub. Əslində, Vladimir Putin bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün təfərrüatı barədə Ərdoğanı məlumatlandırmaq məqsədilə türkiyəli həmkarına zəng etmişdi. Ancaq Putin fürsətdən istifadə edərək, Ərdoğanın Ukrayna ilə bağlı mövqeyini də öyrənməyə çalışıb. Putin Rusiya-Ukrayna gərginliyində Ərdoğanın neytral qalmasını istəyir. Ankara Moskva ilə münasibətlərində yeni gərginlik mövzusunun yaranmasını istəmir, ancaq Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək və bu ölkəyə modern hərbi texnika satmaq siyasətindən də imtina edən deyil”. ABŞ-ın hərbi gəmilərinin Qara dənizə yaxınlaşmaq üzrə olduğunu deyən politoloqun sözlərinə görə, Amerikanın hərbi gəmilərinin boğazlardan Qara dənizə girişinə icazə verib-verməmək Türkiyənin əlindədir: “Çətin seçimdir. Ankara tərəzinin bir gözünə Rusiyanı, o birisinə Amerika ilə Ukraynanı qoyduqda ikincinin ağır gəldiyi aşkardır. Ancaq Ankara icazənin və nəticədə Rusiya ilə münasibətlərdə soyuqluğun artması qarşılığında Amerikanın Türkiyə siyasətinin müsbətə doğru dəyişməsinə ümid edə bilərmi? Çətin”.“Ukrayna ilə Rusiya arasında müharibə başlasa, bu, yalnız Donbasdakı ərazi ilə məhdudlaşmayacaq, qarşıdurma Qara dənizdə də davam edəcək”Rəsmi Ankaranın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Rəcəb Tayyib Ərdoğanın Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Ukraynanın şərqindəki gərginliklə bağlı bir neçə önəmli fikir söylədiyini də bildirib:
“Birincisi, Ərdoğan dedi ki, Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır: “Narahatıq, doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”. İkincisi, Türkiyə cümhurbaşqanı dedi ki, Qara dəniz sülh dənizi olaraq qalmalıdır: “Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik”. Üçüncüsü, Ərdoğan Rusiya ilə Ukrayna arasında yaranan münaqişənin Minsk anlaşmaları əsasında dialoq yolu ilə həll olacağına ümid etdiyini vurğuladı: “Son zamanlar regionda gərginliyin artması arzuolunan deyil. Mövcud böhranın Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq hüququn tələbləri çərçivəsində sülh şəraitində və diplomatik yollarla həll olunmasının vacibliyinə inanırıq”. Beləliklə, Türkiyə cümhurbaşqanı Ukrayna-Rusiya müharibəsinin qəti əleyhinədir. Çünki mümkün müharibə Türkiyəyə xarici və təhlükəsizlik siyasətində problemlər yarada bilər. Digər tərəfdən, Türkiyə Ukraynanın şərqindəki gərginliyin Qara dəniz hövzəsinə inikasının da qəti əleyhinədir. Çünki Ukrayna ilə Rusiya arasında müharibə başlasa, bu, yalnız Donbasdakı ərazi ilə məhdudlaşmayacaq, hər iki ölkənin Qaradənizə çıxışı var, qarşıdurma dənizdə də davam edəcək. Bu isə Türkiyənin maraqlarına ziddir”.“Türkiyə Azərbaycanın işğal altındakı torpaqların müharibə yolu ilə azad edilməsi üçün ölkəmizə hərtərəfli dəstək verdi, Ukrayna nümunəsində isə ərazi məsələsinin yalnız danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır”Türkiyə üçün Ukrayna ilə Azərbaycanın fərqinin göz qabağında olduğunu deyən Elxan Şahinoğlunun fikrincə, Ankarada da anlayırlar ki, Donbas məsələsini danışıqlar yolu ilə həll etmək çətinləşib:
“Türkiyə Azərbaycanın işğal altındakı torpaqların müharibə yolu ilə azad edilməsi üçün ölkəmizə hərtərəfli dəstək verdi və Ankara bunu doğru strategiya kimi əsaslandırdı. Ankara Ukrayna nümunəsində isə ərazi məsələsinin yalnız danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Halbuki, Ankarada da anlayırlar ki, Donbass məsələsini danışıqlar yolu ilə həll etmək çətinləşib, Krımdan isə danışmağa dəyməz. Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə avqustun 23-də Kiyevdə “Krım platforması” adlı beynəlxalq konfrans keçiriləcək. Aydındır ki, bir konfransla Krım problemini həll etmək mümkün deyil. Ancaq Kiyev istəmir ki, beynəlxalq aləm Krımı unutsun və konfrans vasitəsilə diqqəti yarımadaya cəlb etməyə çalışır. Vladimir Zelenski Türkiyəyə səfəri zamanı cühurbaşqanı Rəcəb Təyyib Ərdoğanı da adıçəkilən konfransa dəvət etdi və o, dəvəti qəbul etdi. O da aydındır ki, “Krım platforması” Kremlin qıcığına səbəb olub. Kremlin minimum və maksimum hədəfi var. Minimum hədəfi budur ki, böyük dövlətlər Krımı unutsunlar. Maksimum hədəfi isə budur ki, yaxşı halda Rusiyaya tərəfdaş ölkələrdən bir neçəsi Krımı Rusiyanın ərazisi kimi tanısın. Kiyevin məqsədi isə Kremlin minimum və maksimum hədəflərinə çatmağa mane olmaqdır. Krımı beynəlxalq hüquq normalarına uyğun Ukrayna ərazisi tanıyan, ancaq Kremli qıcıqlandırmamaq üçün Kiyevdəki tədbirə qatılmayanlar da olacaq”.“Ərdoğan Ukraynanı Moskva ilə problem yaratmayacaq səviyyədə dəstəkləməyə diqqət edir”Siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının prezidentlər səviyyəsində keçirilən toplantısının yekunlarına dair imzalanan bəyannamədə önəmli müddəalar var:
“Əvvəla, Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstəyini bir daha ifadə edir. Tərəflər Ukraynanın ərazi bütövlüyünün bərpası – Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin, eləcə də Donetsk və Luqansk vilayətləri ərazilərinin deokkupasiyasına yönəlmiş addımların koordinasiyasına davam etməyi qərara alıblar. Ərdoğan bir daha bəyan etdi ki, Türkiyə Krımın qanunsuz ilhaqını tanımama siyasətinə sadiqdir. Türkiyənin bu mövqeyi məlum idi, amma yenilik kimi qiymətləndirə biləcəyimiz məqam budur ki, Türkiyə Zelenskinin “Krım Platforması” təşəbbüsünə rəsmən dəstək verib. Bəyannamənin 6-cı bəndində deyilir: “Krımın Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqı məsələsinin həlli üçün yeni format kimi “Krım Platforması”nın yaradılması dəstəklənsin”. Bu təşəbbüs bir növ Ukrayna ətrafında beynəlxalq koalisiyanın formalaşdırılması və Krım probleminin daimi olaraq beynəlxalq siyasətin gündəmində saxlanılmasına yönəlmiş ideyadır. Moskva buna aqressiv reaksiya verərək bildirib ki, ölkələrin və təşkilatların həmin təşəbbüsdə iştirakını Rusiyanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirəcək”. Siyasi şərhçi qeyd edib ki, sözügedən bəyannamədə Türkiyənin Ukraynaya NATO-ya üzvlük üçün Fəaliyyət Planı (MAP) təqdim olunmasına və Ukrayna ordusunun NATO-ya uyğunlaşdırılmasına dəstək verməsi də diqqətəlayiq məqamlardandır: “Məlumdur ki, hələ 2008-ci il Buxarest zirvə toplantısında Ukrayna və Gürcüstanın gələcəkdə NATO-ya qəbul olunacağına dair siyasi qərar verilib. Lakin hər iki ölkəyə üzvlük yolunda son mərhələ olan Fəaliyyət Planının təqdim olunması Almaniya və Fransanın müqaviməti üzündən hələ də reallaşmır. Bu iki dövlət, xüsusən Almaniya indi də öz mövqeyində israrlıdır. Digər vacib qərar Türkiyə və Ukraynanın müdafiə və xarici işlər nazirlərindən ibarət 2+2 formatının yaradılmasıdır. Bu format əlaqələrə dinamizm qazandıracaq”.“Bu məsələlərə Rusiyanın reaksiyası necə olacaq?” sualını cavablandıran Şahin Cəfərli bildirib ki, Putin olduqca praqmatik siyasətçidir və beynəlxalq münasibətlərdə qarşılıqlı mənfəət prinsipini əsas götürür:
“O, Ankaranın Ukraynanın ərazi bütövlüyü və Krım məsələsi ilə bağlı mövqeyini bilir və bunu problemə çevirmir. Lakin Türkiyənin “Krım Platforması”na qoşulması və avqustun 23-də Kiyevdə keçiriləcək ilk toplantıya yüksək səviyyədə qatılma sözü verməsi Moskvanın narazılığına səbəb ola bilər. Rusiyanı narahat edən digər məsələ isə son günlər Türkiyədə Montrö Konvensiyası ətrafında baş verən hadisələrdir. Putin bununla əlaqədar Ərdoğana zəng edib və boğazların mövcud rejimini qoruyub saxlamağın “regional stabillik və təhlükəsizlik” baxımından əhəmiyyətini vurğulayıb. Hiss olunur ki, Rusiya “Kanal İstanbul” layihəsindən narahatdır. Ərdoğan da Putin kimi praqmatik liderdir və dövlətlərin maraqlarının əksər istiqamətlər üzrə toqquşmasına baxmayaraq, Rusiya ilə münasibətlərə böyük önəm verir, Ukraynanı Moskva ilə problem yaratmayacaq səviyyədə dəstəkləməyə diqqət edir. Məsələn, o, Rusiyanın son günlər Ukrayna sərhədlərinə böyük hərbi qüvvə cəmləşdirməsini qınamadı, ümumiyyətlə, bu mövzuya heç toxunmadı. Sadəcə, gərginliyin artmasından narahatlığını ifadə edərək ümumi sözlərlə kifayətləndi”.“Rusiyanın Ukraynaya Donbasda suverenliyinin bərpasına imkan verməsi mümkün görünmür, müharibə başlayarsa, Putin Donetsk və Luqanskı öz ərazisinə qatacaq”Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Rəcəb Təyyib Ərdoğanın Krım məsələsindəki prinsipiallığı və
“Krım Platforması”nda iştirak edəcəyilə bağlı mövqeyi Moskva ilə Ankara arasında müəyyən böhrana yol açsa da, tərəflər əməkdaşlığı qoruyub saxlayacaq: “Türkiyə-Ukrayna siyasi-hərbi əməkdaşlığı Rusiyaya qarşı yönəlməyib və Moskva bunu yaxşı başa düşür. Amma Türkiyənin İdlib və Qarabağda Rusiya ilə fikir ayrılıqları müəyyən dərəcədə Moskvaya Ukrayna məsələsində təzyiq etməklə, ciddi güzəştlər əldə etməyə imkan verir. Ukrayna ordusunu PUA-larla təmin edən Türkiyə müharibə başlayacağı təqdirdə, vasitəçi kimi rol oynaya bilər. Bu səbəbdən də Ankara Kiyevlə sıx əməkdaşlığı davam etdirir ki, Rusiya Türkiyənin vasitəçiliyini qəbul etsin”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, bu da Türkiyənin Qara dəniz və Donbas məsələsində əsas söz sahibi olmasına gətirib çıxara bilər: “Hazırda Türkiyə və Rusiya arasında əsas həssas məsələ ABŞ-ın hərbi gəmilərinin boğazlardan keçib Qara dənizə gəlib, Ukraynaya dəstək verməsidir. Türkiyə ABŞ-la müttəfiqliyə görə deyil, yalnız öz geosiyasi maraqları çərçivəsində gəmilərin keçidinə icazə verib və hərbi gəmilər artıq Qara dənizdədir”.Politoloq onu da əlavə edib ki, Donbasda müharibə baş verərsə, bu, öncəkindən fərqli ola bilər:
“Hər iki ölkə 100 mindən artıq hərbi qüvvələri ilə üz-üzə dayanıb. Bir tərəfdən də ABŞ-ın Ukraynanın yanında olması geopolitik müharibənin başlamasına gətirib çıxara bilər. Rusiyanın Ukraynaya Donbasda suverenliyinin bərpasına imkan verməsi mümkün görünmür. Belə ki, müharibə başlayarsa, Putin Donetsk və Luqanskı öz ərazisinə qatacaq. Hesab edirəm ki, Azərbaycan Donbas müharibəsində Ukraynaya tam siyasi dəstəyini ifadə etməlidir. Həmçinin, “Krım Platforması”nda xarici işlər naziri səviyyəsində mütləq iştirak etmək lazımdır. Çünki Türkiyə prezidenti bu platformada iştirak edəcək və Azərbaycan da bu məsələdə qardaş ölkə ilə yekdil olmalıdır”.Vazeh BƏHRAMOĞLU