Qarabağı Azərbaycanla bərabər kim tikəcək? - TƏQDİMAT

14-04-2021, 14:04   


Qarabağı Azərbaycanla bərabər kim tikəcək? - BİZİM TƏQDİMAT

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizdə səfərdə olan Belarusun arxitektura və tikinti naziri Ruslan Parxamoviçi qəbul edib.
Görüşdə sədr ölkələr arasında bir çox istiqamətlər üzrə qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, eyni zamanda şəhərsalma və tikinti sahəsində ikitərəfli və çoxtərəfli formatlarda mütəxəssislər səviyyəsində daim təcrübə mübadiləsinin aparıldığından məmnunluğunu ifadə edib.
Daha sonra, A.Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistana qarşı aparılmış uğurlu anti-terror və sülhə məcburetmə əməliyyatı ilə Azərbaycanın uzunmüddətli işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidənqurulması məqsədilə görülən işlər barədə Belarus həmkarını məlumatlandırıb. Ruslan Parxamoviç Belarusun Şəhərsalma və Tikinti Nazirliyinin fəaliyyəti haqqında geniş məlumat verib, Qarabağda aparılacaq tikinti-quruculuq işləri ilə əlaqədar dəstək göstərməyə, ölkəsinin layihəçilərinin və tikintinin təşkili üzrə ekspertlərinin şəhərsalma proseslərində iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Maraqlıdır, indiyə qədər hansı ölkələr Qarabağda tikinti-quruculuq işlərində iştirak istəyini bəyan edib?
Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir.
Qarabağda quruculuq işlərinin aparılması üçün Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də nəzərdə tutulub. Hazırda bu işlər Azərbaycan dövlətinin maliyyə imkanları hesabına həyata keçirilir. Lakin yaxın gələcəkdə bərpa işlərinə digər potensial maliyyə mənbələri də cəlb edilə bilər. Son vaxtlar bu sahədə xarici ölkə şirkətlərinin də marağının artdığı müşahidə olunur.
Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, ABŞ, Böyük Britaniya və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildirir.
*Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Tükiyə şirkətləri hazırda Qarabağda tikinti işlərinə də cəlb olunub.
*ABŞ şirkətləri də işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak etmək niyyətlərini açıqlayıb. ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger xüsusilə su ehtiyatlarının idarə olunması, yol və digər infrastrukturun yaradılması, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını ifadə edib.
*Artıq Qarabağda quruculuq işləri sahəsində bəzi şirkətlərlə konkret əməkdaşlığa başlanılıb. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.
*İranın Təbriz Ticarət, Sənaye və Mədənlər Palatasının üzvləri Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, bu fikir Palatanın ASK ilə keçirildiyi onlayn görüş zamanı Palatanın sədri Yunus Jail tərəfindən səsləndirilib. Görüş İranın Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə, ASK prezidenti Məmməd Musayevin sədrliyilə baş tutub. İran-Azərbaycan Müştərək Ticarət Palatasının həmsədri Ramiz Rzayev öz növbəsində, hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, bazarların öyrənilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib. İclasda qərara alınıb ki, Təbriz şirkətləri təkliflərini yazılı şəkildə ASK-ya təqdim etsin və bu təkliflər müvafiq dövlət qurumları ilə müzakirə olunsun. Eyni zamanda, Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası ilə ASK arasında əməkdaşlıq memorandumunun imzalanması və biznes-forumun keçirilməsi üçün müvafiq hazırlıqlara başlanılıb.
*Azərbaycan və Macarıstan macar şirkətlərinin Qarabağda ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər. Macarıstanın “EximBank”ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib.
*Böyük Britaniya Qarabağın azad edilmiş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana kömək göstərə biləcəyini bildirib.
*“Çinli investorlar və tikinti şirkətləri, Azərbaycanın azad edilmiş ərazilərinin istifadə olunmamış potensialından faydalanmağa dəvət ediləcək”, - deyə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirib.
O qeyd edib ki, Azərbaycanla Çin arasında artıq dostluq, çoxölçülü və səmərəli münasibətlər mövcuddur:
“Hazırda hər iki xalq Dağlıq Qarabağ münaqişəsinin bitməsinin gətirdiyi sülh dividendlərindən dərhal faydalana bilərlər. Azərbaycan Çinin Qafqaz bölgəsindəki ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,2 milyard ABŞ dollarına yaxın olub. Biznes və investisiyalar ilbəil artmağa davam edir, Çin investisiyaları isə regionun iqtisadiyyatının canlandırmasını stimullaşdıra bilər. Məsələn, Çinin rəhbərlik etdiyi Asiya İnfrastruktur İnvestisiya Bankı, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutuna paralel olaraq Bakıdan Türkiyəyə təbii qaz nəql edən Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsinə əhəmiyyətli səviyyədə dəstək olub”.
*Ukrayna mətbuatının məlumatına görə, Azərbaycan bəzi şirkətlərdən işğaldan azad edilmiş bölgələrin inkişafına investisiya qoyuluşu ilə bağlı təkliflər alıb. Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın sözlərinə görə, Azərbaycan Ukraynadan işğaldan azad olunan ərazilərə investisiyaların artırılmasını gözləyir:
“İnanıram ki, Ukrayna bu proseslərdə iştirak edə bilər və etməlidir. Çünki Ukrayna bizim strateji tərəfdaşımızdır”.
Semra Ələkbərli
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.