Azərbaycanla Ermənistan arasında 44 gün çəkən müharibədən sonra Rusiyanın bölgədə apardığı siyasətin gerçək mahiyyəti tam olaraq üzə çıxdı. Məlum oldu ki, Moskva bütövlükdə Cənubi Qafqaza öz "arxa baxçası" kimi baxır, ölkələrin daxili və xarici siyasətlərinə geniş şəkildə müdaxilə etməyə çalışır. Kremlin regiondakı bütün prosesləri nəzarətində saxlamasında isə sovetdən qalma casus şəbəkəsinin, bu ölkələrə yerləşdirilmiş agent-məmur dəstələrinin böyük rolu olduğu şübhə doğurmur.
Rusiya qonşu ölkələrin müstəqil siyasi, iqtisadi əlaqələr qurmasına imkan vermək istəmir. Əlindəki çoxsaylı alətlərlə buna mane olmağa çalışır. Postsovet ölkələrində yaratdığı münaqişə ocaqlarını qoruyub saxlaması da məhz bununla bağlıdır. Təəccüblü deyil ki, Rusiya Qarabağ müharibəsində də erməni separatçılarını son anda xilas etdi, Ermənistanın tam kapitulyasiyasına imkan vermədi. Bu gün ortaya çıxan - "İskəndər - M" raketlərinin Şuşaya atılması, Naxçıvanda Rusiya hərbi vertolyotunun müəmmalı şəkildə vurulması və sair Vətən Müharibəsini separatçıları tam məhv edənədək davam etdirməyə imkan vermədi...Hətta bəzi məlumatlara görə, bu hadisələrdən bir neçə gün əvvəl Qarabağ üzərində hava məkanı Rusiya HHM-ləri tərəfindən bütün uçuşlara bağlanmışdı, Xankəndində və ona yaxın ərazilərdə "yaşıl adamcıqlar" peyda olmuşdu... Atəşkəs bəyyanaməsindən sonra Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində yenidən separatçların dirçəldilməsi cəhdi də tam olaraq Moskvanın maraqlarının təmin edilməsinə istiqamətlənlib.
Elə Moskvanın Xankəndi və ətraf ərazilərə sülhməramlı adı ilə Rusiya hərbi kontingentini yerləşdirməkdə də əsas məqsədi Azərbaycanı və Ermənistanı daim təzyiq altında saxlamaq cəhdidir.Paralel olaraq Ermənistanda Kremlin maraqlarına tam cavab verməyən hakimiyyətin devrilməsi üçün resurslar işə salınıb və proses Paşinyanın növbədənkənar seçki qərarı verməyə məcbur edilməsi ilə nəticələnib. Şübhəsiz ki, Kreml seçkidə öz müttəfiqlərini İrəvanda hakimiyyət başında oturtmaq üçün əlindən gələn hər şeyi edəcək.Ermənistan Rusiyanın forpostudur, müttəfiqidir, iqtisadi, siyasi və hərbi cəhətdən ondan asılıdır. Öz əlaltısına qarşı bu qədər təzyiq resursları sərf edən Kremlin Azərbaycana qarşı pərdəarxası hansı mexanizmlərdən istifadə etdiyini təsəvvür etmək çətin deyil.
Çünki Azərbaycan regionun ən böyük və zəngin potensialı olan ölkəsidir. Qərblə, Türkiyə və İsraillə güclü iqtisadi, siyasi, hərbi əlaqələri var. Rusiyadan demək olar ki, iqtisadi asılılığı minimum səviyyədədir. Amma rəsmi Bakı həmişə Moskvanın maraqlarını nəzərə alıb, onunla balanslaşdırılmış siyaət yürütməyə çalışıb.Təbii ki, Kreml üzdə bununla razılaşıb, amma uzun illərdir Azərbaycanı tamamilə öz nəzarətinə almaq üçün nəhəng resurslar səfərbər edib, Bakıdakı şəbəkəsi vasitəsilə müxtəlif oyunlar qurub və qurmaqda davam edir.
Ancaq 44 günlük müharibənin gedişində ortaya çıxan reallıqlar, Azərbaycan hakimiyyətinin siyasi iradəsi, ordusunun gücü Moskva üçün gözlənilməz oldu. Azərbaycan artıq regionun güc mərkəzlərindən biri olduğunu ortaya qoydu. Bunun isə Moskvanın aqressivləşməsilə yanaşı, Azərbaycana qarşı tamamilə yeni, bu dəfə daha kəskin təzyiq siyasəti yürütməsinə səbəb olduğu şübhə doğurmur. Bir qədər əvvələ gedərək, 2016-ci ildə baş vermiş Aprel döyüşlərini xatırlayaq: toqquşmalar cəmi 5 gün çəkmişdi. Azərbaycan Ordusu düşməni qısa müddətdə əzssə də, Moskvanın silahlı qüvvələrdə və hakimiyyətdəki dayaqları genişmiqyaslı müharibəyə imkan vermədi.
Üzə çıxan məlumatlara görə, döyüşən hərbi hissələrin qarşılıqlı əlaqəsində, təchizatında və s. məsələlərdə sabotaj baş vermişdi. Siyasi rəhbərliyin həmin vaxt məhz “5-ci kolon”un geniş təxribat imkanlarını nəzərə alaraq, Moskvanın atəşkəs təklifinə razılıq verdiyinə dair iddialar var...
Bundan iki il sonra baş verən "Tərtər hadisələri" zamanı Aprel döyüşlərində şücaət göstərmiş hərbçilərin biəzilərinin işgəncəyə məruz qalması, hətta öldürülməsi də “5-ci kolon”un hansı imkanlara malik olduğunu aydın şəkildə göstərir... Təsadüfi deyil ki, bu işdə də Moskvanın kadrı hesab olunan Nəcməddin Sadıkovun adı hallanır.Bununla onlar Moskvanın tapşırığı ilə Azərbaycan Ordusunda vətənpərvərliyi məhv etmək, cəmiyyətdə dövlətə qarşı tam inamsızlıq formalaşdırmaq məqsədi güdürdülər.
Amma ötən ilin 27 sentyabrından sonra Kremlin bu ssenarisi və hesablamaları özünü doğrultmadı. Azərbaycan Ordusunu daxildən sarsıtmaq, cəmiyyəti məğlubiyyət fəlakəti ilə qorxutmaq, xalq-ordu birliyini dağıtmaq və siyasi qüvvələrin yekdil mövqeyini parçalamaq mümkün olmadı.Eyni zamanda Moskva Türkiyənin Azərbaycana verdiyi dəstəyin miqyasını da düzgün proqnozlaşdıra bilməmişdi. Müttəfiqlərin tandemi daxildə milli birliyin yaranmasını şərtləndirən əsas səbəblərdən biri oldu. Elə müharibənin ilk həftəsində Silahlı Qüvvələrdə Moskvaya xidmət edən şəbəkə aşkar olunaraq, darmadağın edildi və ya onların bütün informasiyalara, hərbi hissələrə çıxışları bloklandı.Döyüşən orduya bacarıqlı, Türkiyə təhsilli komandirlər rəhbərlik etməyə başladı, habelə qısa müddətdə qurulan sağlam ordu kəşfiyyatı düşmənin məhv edilməsində mühüm rol oynadı. Bu da Moskvanın bütün planlarını alt-üst etdi. Ehtimal etmək olar ki, Rusiya hərbi-siyasi dairələrində 44 günlük müharibə ilə bağlı təsəvvürlər, prqonozlar belə olub: Azərbaycan Ordusu möhkəmləndirilmiş erməni hərbi mövqelərini yara bilmir, çoxsaylı tələfat və hərbi itkilər cəmiyyətdə məyusluq, hakimiyyətə qarşı qəzəb yaradır. Daxildə çaxnaşma başlayır, xalq-ordu birliyi dağılır, fərarilik başlayır.
Uzaqbaşı cəbhənin cənub istiqamətində bir neçə kənd və ya bir rayon geri alınır. Bu an Moskva dövriyyəyə girir. Çünki istədiyi nəticə artıq var: hər halda Ermənistan nəzəri baxımdan məğlub tərəfdir, çünki əlində olan bir rayonu itirib, Azərbaycan isə “Pirr qələbəsi” qazanıb. Çoxsaylı ağır itkilər hesabına müəyyən ərazi əldə etsa də, hakimiyyət zəifləyib, siyasi müxalifət isə nəticəni gözdən salmağa çalışır... Bir sözlə müharibədən sonra Ermənistanda cərəyan edən hadisələr təxminən eyni ssenaridə Azərbaycanda da təkrarlanır.Beləliklə, Moskva "böyük xilaskar" kimi müdaxilə edir, Rusiya qoşunları indiki kimi Xankəndində yox, Ağdamda, Füzulidə yerləşdirilir, daha iki rayon Azərbaycana qaytarılır. Bir müddət sonra Ermənistanda və Azərbaycanda Rusiyanın dəstəyi ilə hakimiyyət çevrilişi baş tutur, hər iki ölkə Kremlin vassalına çevrilir...
Təxmin edilən bu ssenarinin iflasa uğraması əlbəttə Rusiya hərbi-siyasi elitasında qəzəb doğurub. Amma şübhəszi ki, Kreml istəklərindən vaz keçmək niyyətində deyil, ona nail olmaq üçün Ermənistanda olduğu kimi aşkar-gizli şəkildə Azərbaycana qarşı da bütün resurslarını cəlb edib.
Bu işə Azərbaycanda həm hakimiyyət, həm də müxalifət daxilindəki agentura şəbəkəsinin səfərbər edilməsi, onların qarşısına ciddi vəzifələrin qoyulması şübhə doğurmur.İlk hədəf Azərbaycanın qalib ölkə kimi əldə etdiyi hərbi, siyasi və mənəvi üstünlüyü heçə endirməkdir. Xankəndində sülhmərəmlıların bəzən qəsdən Azərbaycanın suverenliyinə qarşı yönəlik hərəkətləri bununla bağlıdır.Onların hər bir bu tipli hərəkəti təbii ki, ölkə ictimaiyyətində hiddətlə qarşılanır... Moskva isə dərahal Azərbaycandakı şəbəkəsini hərəkətə gətirərək, bunu siyasi hakimiyyətə qarşı narazılığa çevirməyə cəhd edir.
Rusiyanın hakimiyyət içərisindəki şəbəkəsi gizli, müxalifətdəki şəbəkəsi isə (bəziləri "konstruktiv" roluna girsə də) açıq şəkildə xalqla dövlət arasında uçurum yaratmağa çalışır...İkincisi və ən əsası ölkə daxilində baş verən hadisələrdir. Məsələn, müharibədən bir ay sonra döyüş bölgəsində xidmət edən hərbçilərin maaşlarının azaldılması və bunun ictimai müzakirəyə çıxarılması silahlı qüvvələrə və dövlətə qarşı ən böyük təxribat idi. Bu hadisə orduda kütləvi narazılıq yaratmağa hesablanmışdı. Hakimiyyət çox keçmədən prosesə nəzarəti ələ aldı və ədalətsizliyi aradan qaldırdı.Moskvanın, onun şəbəkəsinin planları isə təbii ki, bir deyil, iki deyil... Gah yerli icra strukturlarının əli ilə şəhid ailələrinə, yaralanan hərbçilərə qarşı müəyyən problemlər yaradılaraq, ictimailəşdirilir, gah da başqa bir istiqamətdə kütləvi narazılıq yaradılmasına cəhd edilir... Nəticədə təkcə iqtidara qarşı ictimai narazılıq genişlənmir, həm də əldə olunan qələbə kölgələnir, ona xələl gəlir.
Bəs, hakimiyyət bu xain şəbəkəyə qarşı necə mübarizə aparır?Bu sualın cavabını aydınlaşdırmaq üçün son vaxtlar hökumətdə aparılan dəyişikliklərə və həbslərə diqqət yetirməyə ehtiyac var. İşdən çıxarılan, istintaqa cəlb edilən, tutulan məmurların əksəriyyəti Azərbaycanda uzun illər hakimiyyətdə yüksək post tutmuş şəxslərdir. Bu sistemə uzun illər Rusiyanın Bakıdakı canişini sayılan Ramiz Mehdiyev rəhbərlik edib.
O, Moskvanın "məsləhət bildiyi" kadrları hakimiyyət qollarında - nazirliklərdə, icra strukturlarında, parlamentdə, məhkəmə və hüquq-mühafizə orqanlarında, müdafiə sektorunda yerləşdirməyə nail olub.Əlbəttə, bu işi Mehdiyev təkbaşına bacara bilməzdi, ona sadiq Rusiya ordenli köməkçiləri də əllərindən gələni əsirgəməyiblər. Nəticədə heyrətamiz dərəcədə bir-birinə hörümçək toru kimi bağlı qohum-əqraba şəbəkəsi formalaşdırılıb...Bu sistemin əsas fiqurlarının hakimiyyətdən götürülməsinə, topladıqları var-dövlətin bir hissəsinə əl qoyulmasına baxmayaraq, onu tamamilə darmadağın etmək mümkün olmayıb. Hakimiyyət artılq xeyli müddətdir çalışır ki, onları malik olduqları inzibati, siyasi və maliyyə resurslarından tam məhrum etsin.
Ekspertlər güman edirlər ki, aparılan həbslərdən sonra bu şəbəkə dövlətə, hakimiyyətə qarşı daha böyük təxribatlara əl ata bilər. Əgər belə cəhdlər olacaqsa, onların arxasından mütləq Rusiya xüsusi xidmət orqanlarına bağlı şəbəkələr boy göstərəcək. Qarşıda bizi ciddi, gərgin mübarizə gözləyir. Rusiya və Qərb arasındakı geosiyasi qarşıdurmanın fonunda bu mübarizə kifayət qədər risklərlə doludur. Ona görə də proseslərə ayıq gözlə baxmaq, cəmiyyəti doğru-dürüst məlumatlandırmaq çox vacibdir.E. Rüstəmli"AzPolitika.info"