Merkel, Makron və Zelenski Rusiyaya çağırış ediblər

17-04-2021, 08:42   

Ukrayna, Fransa və Almaniya liderləri Rusiyanı öz qoşunlarını Ukrayna sərhədindən çəkməyə çağırıblar.
Aprelin 16-da Almaniya kansleri Angela Merkel videobağlantı vasitəsilə Ukrayna və Fransa prezidentləri Volodomir Zelenski və Emmanuel Makron arasında Parisdə keçirilən danışıqlara qoşulub.
Onların qəbul etdikləri birgə bəyanatda Rusiya qoşunlarının Ukrayna sərhədi boyunca və ilhaq edilmiş Krımda cəmləşdirilməsi pislənir.
Ukrayna prezidenti Zelenski deyib ki, o Rusiya prezidenti Vladimir Putinin də bu danışıqlara qoşulmasına və dördtərəfli müzakirələrin aparılmasına hazırdır.
Zelenski bildirib ki, o sülh danışıqlarının mümkünlüyünə inanır.
Ukrayna prezidenti deyib ki, ABŞ və Rusiya prezidentləri arasında birbaşa danışıqlar bir çox problemlərin həllinə kömək edərdi.
Xəbər verilir ki, Parisdə keçirilən danışıqlardan məqsəd Ukrayna, Rusiya, Almaniya və Fransadan ibarət Normand dördlüyünün görüşünə hazırlıq idi.
Rusiya Fransa və Almaniyaya deyir ki...
Fransa və Almaniya 2015-ci ildən bəri Ukraynada davam edən münaqişənin çözülməsində vasitəçi kimi çıxış edirlər.
Birləşmiş Ştatlar və NATO bildiriblər ki, son həftələrdə Rusiya Ukrayna sərhədi yaxınlığında 2014-cü ildən bəri ən böyük qoşun cəmləşdirilməsini həyata keçirir.
Ukrayna və Qərb hökumətləri son vaxtlar şərqi Ukraynada atəşkəsin pozulmasına və gərginliyin artmasına görə rusiyayönlü separatçıları günahlandırırlar.
Rusiya isə gərginliyin eskalasiyasında Ukrayna tərəfini təqsirkar görür.
Kremlin sözçüsü Dmitri Peskov aprelin 16-da Merkel və Makrona çağırış edib.
O deyib ki, Fransa və Almaniya Kiyevə təmas xətti boyunca bütün təxribatçı hərəkətlərin dayandırılmasını və atəşkəs rejiminə qeyd-şərtsiz əməl edilməsini məsləhət görməlidirlər.
Yalnız sözlə dəstək kifayət deyil
Bundan bir gün əvvəl, aprelin 15-də Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Qərbə onun ölkəsinə daha böyük dəstək verilməsi üçün müraciət etmişdi.
O demişdi ki, indi yalnız “sözlə dəstək kifayət deyil”.
Kiyevdə Estoniya, Latviya və Litva xarici işlər nazirləri ilə danışıqlarından sonra Kuleba Baltik ölkələrini Avropa İttifaqı və NATO-dan Ukrayna üçün “praktik dəstək” alınmasına kömək etməyə çağırıb.
Kuleba Moskvanı Ukraynanı açıq şəkildə müharibə və Ukrayna dövlətinə son qoymaqla hədələməkdə ittiham edib.
O deyib ki, Ukrayna üçün “qırmızı xətt” onun dövlət sərhədidir və əgər Rusiya bu xətti keçərsə, bunun altını çəkəcək.
Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, qoşunların Ukrayna sərhədi boyunca hərəkəti NATO-nun təhdidedici hərəkətlərinə cavab reaksiyasıdır.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.