Azərbaycan Putin layihəsi olan birliyə qoşulur? - Politoloqdan şok açıqlamalar

17-04-2021, 09:54   



Rusiya mediası Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsinə diqqəti artırıb; Cümşüd Nuriyev: “Rusiya Hərbi Qənimətlər Parkının açılışını ”həzm edə" bilmir...”

Erməniləri yenidən dirçəltməyə və onların təəssübünü çəkməyə çalışan Qərb dünyası incə bir məsələdə səhvə yol verir: söhbət Azərbaycanın Putinin layihəsi sayılan Avrasiya İqtisadi Birliyinə üzvlüyə təhrik edilməsindən gedir.
“Yeni Müsavat” yazır ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun da Bakıya bu niyyətlə təşrif buyurduğunu, xahişə gəldiyini güman etmək olar.  Təhlilçilərin fikrincə, o, Belarusun və Ermənistanın üzvü olduğu Avrasiya İqtisadi Birliyinə Azərbaycanın da qoşulması üçün elçi gəlmişdi. Rusiya postsovet məkanında öz orbitini genişləndirmək üçün bu addımları atır. Lakin Bakı bu birliyə üzv olmağa həvəsli görünmür.
Rusiya KİV-lərində də son vaxtlar Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulacağı barədə yazılar artıb. Son olaraq Gazeta.ru bu haqda yazıb. Bildirilir ki, ilkin mərhələdə bu, təşkilat yanında müşahidəçi statusundan ibarət ola bilər. Həmçinin Ermənistanın razılığının tələb olunduğu deyilir. Məlumatlara əsasən, aprelin 29-30-da qurumun Kazanda keçiriləcək Hökumətlərarası Şurasının toplantısında məsələyə baxılacaq. Amma Azərbaycana Putin layihələrində təmsilçiliyi lazımdırmı və hansı üstünlük gətirə bilər? “İsgəndər M” təxribatı ilə bağlı hələ də bizə cavab verməyən Moskvanın bunun ardınca ölkəmizin AİB-ə üzvlüyünü istəməsi mümkündürmü? Həmçinin “Rus NATO-su” adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağımızla bağlı Kremlin arzuları var. Sadəcə, Azərbaycan Qoşulmama Hərəkatında olduğu üçün heç bir hərbi alyansa - nə NATO, nə KTMT-yə qoşulur.
Ermənistanı, Belarusu, Qazaxıstanı bu quruma çoxdan üzv etmiş  Rusiya postsovet məkanında strateji cəhətdən Azərbaycanı tamamilə əldə etmək üçün dəridən-qabıqdan çıxır. Artıq ilk böyük istəyinə çatıb, Qarabağda rus ordusu yerləşib, indi növbə hədəf AİB-ə qoşmaqdır. Bakı isə Qərblə enerji əməkdaşlığını genişləndirməyi, ticari əlaqələri artırmağı düşünür, Avropa İttifaqı ilə assosiativ sazişlə bağlı yeni bir sənəd üzərində işləyir, əvəzində isə Bayden hökuməti bir dəfə belə Bakıya zəng etmir (Dövlət katibi Paşinyanla telefonla danışıb - E.S.), Putin administrasiyasına qol-qanad verir.
Bəs Azərbaycanın AİB-ə qoşulacağı iddiaları nə qədər həqiqətdir? Rus mətbuatı nə üçün məsələyə geniş yer ayırır?
Onu da deyək ki, hər nə qədər Avrasiya İttifaqı iqtisadi baxımdan səmərəsiz və əsasən Rusiyanın imperial ambisiyalarının təmin olunması üzərində qurulmuş birlik hesab olunsa da, ittifaqa qoşulma üzv ölkələr üçün az da olsa, iqtisadi üstünlüklər vəd edir. Məsələn, üzv ölkələr arasında gömrük rüsumlarının ləğvi, yaxud sadələşdirilməsi iqtisadi böhran şəraitində postsovet respublikalarının ixrac mallarını Rusiya kimi nəhəng bazara maneəsiz şəkildə çıxarmasına şərait yaradır.
Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, bu məsələdə ilk növbədə Jirinovskinin çıxışına daha çox fikir vermək lazımdır: “Jirinovski təhlükəsizllik orqanlarının, xüsusən baş kəşfiyyat idarəsinin generalıdır, Putinin bir neçə sözçüsündən biridir. O həm Turan məsələsinə toxundu, həm də Türkiyənin Liviyada, Ukraynada, Qarabağda Rusiyaya mane olduğunu gizlətmədi. Ona görə Turan məsələsinin gündəmə gətirilməsi, Prezident İlham Əliyevin ”Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə İrəvana qayıtmayaq" deməsi sıradan sözlər deyildi. Birincisi, Azərbaycan bu yolla siyasi təzyiqləri zərərsizləşdirməkdədir. Digər tərəfdən isə söhbət yayırlar ki, guya İlham Əliyev gizli danışıqlara gedir və Avrasiya İqtisadi Birliyinə qoşulur".
Cümşüd Nuriyev: “Putin gələn il SSRİ-ni diriltməyi planlaşdırır” –
Cümşüd Nuriyev
C.Nuriyev hesab edir ki, Putinin niyyəti SSRİ-ni yeni formada bərpa etməkdir: “Bayden bunun qarşısını almağa çalışacaq. Odur ki, Rusiya mediası bizə qarşı piar sisteminə keçib. Bu yöndə Paşinyana oxşayan bir İlqar Hacıyevi (”Akkord" şirkətinin keçmiş rəhbərini nəzərdə tutur - E.S.) ortaya atıblar, ondan müsahibə götürən Aleksandr Şevçenko da xüsusi yetişdirilən kadrdır. Rusiyanın məqsədi Azərbaycan daxilində əldə edilmiş birliyi pozmaq, qarışıqlıq salmaqdır. Ona görə rus mətbuatı yazır ki, guya gizli danışıqlar aparılır və rəsmi Bakı Avrasiya Birliyinə qoşulacaq. Bununla Azərbaycan prezidentinin imicinə zərbə vurmağa çalışırlar".
Analitikin sözlərinə görə, Rusiya Hərbi Qənimətlər Parkının açılışını heç cür “həzm edə” bilmir: “Bu park rus silahlarının iflası deməkdir. Ona görə bütün cəbhələrdən hücuma keçəcəklər. Onlarla paralel isə Avropada ”yaşıl qrantın" uşaqları boş qalmış dəbilqələrin dərdini çəkirlər, milli məsələləri kənarda qoyublar. Hesab edirəm ki, Azərbaycan “sapı özümüzdən” olanların və digərlərinin əleyhimizə yönəlmiş informasiyalarına cavab verməlidir, susmaq vaxtı deyil".
Mübariz Əhmədoğlu: “Paşinyan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək  istəyir” » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı
Mübariz Əhmədoğlu 
Siyasi şərhçi Mübariz Əhmədoğlu isə deyib ki, aprelin sonunda Belarusda Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək: “Erməni mətbuatı iddia edir ki, Azərbaycan bu sammitdə müşahidəçi kimi iştirak etmək istəyir, lakin Ermənistan hökuməti buna qarşıdır. Bütün bu baş verən proseslər münasibətlərimizin yeni xarakterindən xəbər verir”.
Emil SALAMOĞLU, 
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.