ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq
18-04-2021, 09:35
“Demokratiya və insan hüquqları məsələləri proritet olacaq” ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, professor Richard Kauzlarich hesab edir ki, hər nə qədər Azərbaycan Qarabağ münaqişəsinin tarixə qovuşduğunu desə də, bu, əslində belə deyil. Onun fikrincə, noyabrda müharibənin başa çatması məsələni həll etməyib və fərqli mərhələ üçün münaqişəni dondurub. Amma cənab Kauzlarich hesab edir ki, Rusiya və Türkiyənin məsələyə birbaşa müdaxiləsi münaqişənin həllini daha irəliyə aparmaq imkanı yaradıb. Müharibədən sonra Azərbaycan əhalisində məyusluq müşahidə edən keçmiş səfir bunu məcburi köçkünlərin dərhal qayıda bilməməsi, rus sülhməramlıların gəlişi və dağıntıların miqyası ilə əlaqələndirib. Richard Kauzlarich müharibədən sonra fundamental fərqlər olduğunu düşünür və İlham Əliyevin Minsk Qrupunun timsalında Qərbi, ABŞ-ı tənqid etməsindən təəssüflənir və hesab edir ki, “nə iş görmək mümkün idisə, edilmişdi”. Onun sözlərinə görə, əgər Azərbaycan səmimi olaraq, ABŞ və Avropanın münaqişənin həllində müsbət mənada “dərindən iştirakını istəyirsə, açıq öhdəlik götürməlidir ki, nəinki iqtisadi yaxınlıq edəcək, həm də demokratiya və insan hüquqları məsələlərinə proritet kimi yanaşacaq”. BBC News Azərbaycanca