Həbsxanada üçüncü həftədir aclıq edən Rusiya müxalifət lideri Aleksey Navalnının həkimi onun səhhətinin sürətlə pisləşdiyini və Kremlin 44 yaşlı tənqidçisinin vəziyyətinin “ölüm həddinə çata biləcəyini” deyib. Həkim Yaroslav Aşixmin şənbə günü bildirib ki, Navalnın ailəsinin ona təqdim etdiyi testlərin nəticələri kalium səviyyəsinin ürək tutmasına səbəb ola biləcək qədər yüksəldiyini və böyrəklərin zədələnməsini göstərən kreatinin səviyyəsinin artdığını göstərir. “Pasiyentimiz hər an ölə bilər”, həkim Facebook səhifəsində yazıb. Navalnının dəstəklədiyi Həkimlər Alyansı birliyinin rəhbəri Anastasiya Vasilyeva Twitter səhifəsində yazıb ki, “dərhal tədbir görülməlidir”. Navalnı Rusiya prezidenti Vladimir Putinin ən tanınmış və kəskin tənqidçisidir. Onun şəxsi həkimlərinə həbsxanada onu görməsinə icazə verilməyib. O, kəskin bel ağrısı və ayaqlarının tutulmasını hiss etməyə başlayanda həkimlərin onu görməsinə icazə verilməməsinə etiraz edərək, aclıq aksiyasına başlayıb. Rusiyanın dövlət penitensiar xidməti Navalnının ehtiyac duyduğu bütün tibbi yardımı aldığını bildirib. Navalnı sovet dövrü sinir maddəsi ilə zəhərləndikdən sonra yanvarın 17-də müalicə aldığı Almaniyadan Rusiyaya qayıtdığı zaman həbs olunub. O, zəhərlənməsində Kremli günahlandırıb. Rusiya rəsmiləri zəhərlənmə ilə hər hansı bir əlaqənin olduğunu inkar edib və Avropanın bir neçə ölkəsində laboratoriyaların bunu təsdiq etməsinə baxmayaraq, Navalnının zəhərlənməsini hətta sual edib. O, Almaniyada müalicə aldığı uzun müddətdə fırıldaqçılıq ittihamı ilə şərti cəzanın şərtlərini pozduğuna görə 2 il yarım həbs cəzasına məhkum edilib. Navalnı işin siyasi motivli olduğunu bildirib. Anaxeber.info