Bərdə Rayon Prokurorluğunun müstəntiqi Sahil Məmmədli ilə rayon Mərkəzi Xəstəxanasının həkimi Xaliq Məmmədov əlbir olaraq bir gəncin şikəst edilməsi işini ört-basdır etməyə çalışırlar. Söhbət Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Talıbovun 2018-ci ilin yanvarın 6-da yol keçərkən avtomobil tərəfindən vurulmasından sonra həkim Xaliq Məmmədovun səhvi ucbatından şikəst qoyulmasından gedir.
Müstəntiqlə həkim dil taparaq O.Talıbovun axsaq qalması ilə bağlı araşdırmanı bağlamağa, buna dair həkim rəylərini, rentgenin ilkin nəticələrini it-bat etməyə çalışırlar.
Qəzadan sonra ayağında 1 il mil qalmasına baxmayaraq, həkimin səhlənkarlığından O.Talıbovun ayağında 2 santimetr gödəklik yaranıb.
O da həkim Xaliq Məmmədovun səhv müalicəsi üzündən bu vəziyyətə düşdüyünü qeyd edir. Məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etdikdən sonra ekspertiza təyin olunub.
Lakin Bakıda yerləşən Elmi - Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda onu müayinə edən travmatologiya bölməsinin elmi rəhbəri Qələndər CanBaxışov Bərdədəki həkim Xaliq Məmmədovun tərəfini saxlayıb, “Sən niyə şikayət etmisən? Nə üçün mətbuata və prokurorluğa yazmısan? Onsuz da uduzan tərəf olacaqsan” deyib.
Ayağının axsadığını, 2 sm gödəklik olduğunu Q.Canbaxışova deyən O.Talıbov həkimdən “Heç bir həkim səhvi yoxdur” cavabını alıb.
Bununla belə vətəndaşın şikayəti qarşısında aciz vəziyyətdə qalan Q.Canbaxışov düzgün qərar verə bilmək üçün ilk rentgen müayinəsinin nəticəsini tələb edir. Onun sözlərinə görə, yalnız bundan sonra rəy vermək mümkündür. Lakin bu sübutun nə ilə nəticələnəcəyini yaxşı bilən müstəntiq Sahil Məmmədli və həkim Xaliq Məmmədov həmin rentgen kağızını gizlətməyə, yoxa çıxarmağa can atırlar.
O.Talıbovun dediyinə görə, müstəntiq sənədləri ekspertizaya göndərmir. Şikayətçi 10 gündür Bakıda qaldığını, müstəntiqin rengtenin nəticəsini göndərməməsi ucbatından işin uzandığını, nəticədə şəhərdə böyük məsrəflə qarşılaşdığını qeyd edir:
“Pandemiya dövründə maddi vəziyyətin çətinliyini nəzərə almırlar. Hər gün taksilərə pul, başqa gündəlik xərclər...Fikirləşirlər ki, bu cür etməklə mən yorulacağam, şikayətimi geri götürüb Bərdəyə qayıdacağam.
Ona görə müstəntiq rentgen “snimka”sını ekspertizaya göndərməkdə maraqlı deyil. Nə vaxt müstəntiq Sahil Məmmədliyə zəng edirəm, hər dəfə deyir ki, niyə vaxtında şikayət etməmisən.
Hər dəfə də müstəntiqə izah edirəm ki, bu mil düz il yarım ayağımda qalıb. Həkim də arxayın edirdi ki, mil çıxandan sonra ayağın düzələcək.
Ancaq yenə müstəntiq eyni sözü soruşur. Mil çıxmamış biz nə olacağını bilmirdik deyə şikayət etməmişdik. İndi də zəng edirəm, sənədlərin göndərməyi soruşuram, kobud şəkildə deyir ki, məni niyə narahat edirsən?
Hər dəfə sənədlər üçün zəng edəndə cavab verir ki, məni bu vaxt narahat etmə. Bəs nə vaxt narahat edək?
Sonra deyir ki, Xaliq doktor yaxşı həkimdir, ondan nahaq yerə şikayət edirsən. Bax, belə 10 gündür ki, məni Bakıda əsir-yesir ediblər”.
Ümumiyyətlə, Bərdədə həmin müstəntiqlə həkim bir-birinə yaxınlığı ilə seçildiyi bildirilir. Hətta həkimin müstəntiqə zəng edərək “axşam bir bu tərəflərə gəl, danışarıq” dediyi barədə məlumatlar var. Müstəntiq isə şikayətçini inandırmağa çalışır ki, X.Məmmədov yaxşı doktordur.
Eyni sözləri Bərdənin baş həkiminin müavini də O.Talıbova bildirib və heç bir nəticə olmayacağını söyləyərək şikayəti geri götürməyi məsləhət görüb.
Hələ bu azmış kimi, baş həkimin müavini ona “Onsuz da bu işi udmağa gücün çatmayacaq, yaxşısı dabanın birini balaca, birini hündür elə, o cür gəz” deyə ağıl vermək istəyib.
Hazırda son xəbər budur ki, həkim Xaliq Məmmədovla müstəntiq Sahil Məmmədli ilk rentgen kağızını “axtarırlar” və işi belə yubatmaqla O.Talıbovun şikayəti geri götürəcəyinə ümid edirlər.
Göründüyü kimi, həm Bakıdakı həkim Canbaxışov işə laqeyd yanaşır və məsələnin ört-basdır olunmasının, Orxanın ayağının 2 sm gödək qalmasının tərəfdarı görünür və Bərdədəki həmkarının səhvi olmadığını bildirir, həm Bərdədə baş həkimin müavini gənc Talıbovu yola gətirməyə çalışır, həm də müstəntiq bu işi araşdırmaqda, sənədləri ekspertizaya göndərməkdə həvəsli görünmür.
Beləliklə, bütün tərəflər birləşərək işi batırırlar, onun şikayətini geri götürməsini tələb edirlər, cavan oğlanın həkimin səhvi üzündən axsaq qalmasını üstün tuturlar, nəinki işin araşdırılmasını, X.Məmmədovun cəzalanmasını...
O.Talıbov bildirir ki, Baş Prokuror Kamran Əliyevə müraciət edib və ondan məsələyə operativ reaksiya göstərməsini gözləyir: “Müstəntiq Sahil Məmmədli mənimlə kobud danışır, “vaxtımı alma” deyir, işi uzadır, sənələri 10 gündür göndərmir ki, Bakıda nəticəni əldə edib Bərdəyə qayıdım.
Mənim qanımı batırmaqda həkimlərin və müstəntiqin marağı nədir? Niyə 10 gündür bu sənədlər təqdim olunmur? Ona görə cənab Baş Prokurordan xahiş edirəm, mənim müraciətimə tezliklə baxılsın”.
O.Talıbov onu da qeyd edib ki, əgər Baş Prokuror tərəfindən onun müraciətinə münasibət bildirilməsə, tezliklə Prezident Administrasiyası qarşısında aclığa başlayacaq.