Rusiya sülhmərmalı qüvvələri may ayının 9-da Xocalı hava limanının ərazisində hərbi parad keçirməyə hazırlaşır. Parad İkinci Dünya Müharibəsi zamanı SSRİ-nin faşizm üzərindəki qələbəsinin 76-cı ildönümünə həsr olunub.Hətta paradda Ermənistan ordusunun Dağlıq Qarabağda qalmış hissələrinin və qondarma rejimin tabeliyində olan qanunsuz silahlı dəstələrin də iştirak edəcəyinə dair məlumatlar yayılıb. Bununla bağlı videogörüntülərdə Rusiya hərbi kontingentinin parada hazırlıq təlimi keçdiyini görmək olar.
Qeyd edək ki, Azərbaycan tərəfi bu məsələyə hələlik rəsmi münasibət bildirməyib. Halbuki, parad keçirmək Rusiya sülhməramlılarının mandatına daxil deyil. Yəni bu tədbir Rusiya hərbi kontingentinin öz səlahiyyətini aşdığına növbəti əyani sübutdur.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl
Cebhe.info-ya açıqlamasında bildirib ki, həm SSRİ dövründə, həm də ondan sonra hərbi qüvvələr olduqları şəhərin meydanında 9 mayla bağlı hər hansı tədbir keçirməyib. Onlar bayramı ancaq dislokasiya olduqları hərbi şəhərcikdə keçirib. Bu baxımdan, sülhməramlıların parad keçirməsi düzgün deyil:
“Rusiya sülhməramlıları parad keçirməməlidir. Onlar yalnız yerləşdikləri modul tipli hərbi şəhərciyin ərazisində hərbi keçid edə bilər. Əgər Xankəndinin hansısa meydanında parad keçirəcəklərsə, bu, artıq imperiya iddiasıdır və sülhməramlıların mandatına uyğun deyil. Belə bir paradın keçirilməsi həmin torpağın de-yure sahibi olan Azərbaycana meydan oxumaqdır. Biz ilk baxışdan deyə bilərik ki, bu, Qələbə günüdür, həmin qələbədə Azərbaycanın da payı var. Ona görə də həmin paradda Rusiya ilə yanaşı, ermənilər deyil, Azərbaycan hərbçiləri də iştirak etməlidir.Ancaq Azərbaycanı dəvət etməyiblər. Ona görə də sülhməramlı qüvvələrin dislokasiya olduqları şəhər meydanında Azərbaycanın icazəsi almadan belə tədbiri keçirməsi heç bir qayda-qanuna sığmır. Onlar həmişə öz hərbi şəhərciklərində hərbi keçid ediblər. Əgər onlara erməni silahlı birləşmələri də qoşulsa, bu, Rusiya hərbi kontingentinin sülhməramlı deyil, açıq-aşkar işğalçılıq mahiyyətini üzə çıxaracaq”.İlham İsmayıl onu da qeyd etdi ki, dünya təcrübəsində sülhməramlı missiya yerinə yetirən qüvvələr öz ölkələrilərinə aid olan bayramı yerləşdikləri şəhərdə keçirməyib:
"Bu baxımdan, Rusiya sülhməramlılarının Xankəndidə və ya Xocalıda parad keçirmək səlahiyyəti yoxdur"./Anaxeber.info/Müşfiq Abdulla