Kreml müharibə fikrindən niyə daşındı? - Putin daxili etirazların “girovuna” çevrilə bilər - TƏHLİL

23-04-2021, 15:43   


Kreml müharibə fikrindən niyə daşındı? - Putin daxili etirazların “girovuna” çevrilə bilər - BİZİM TƏHLİL

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ordunun Cənub və Qərb Hərbi Dairələrinin yoxlama tədbirlərini bitirməsi barədə qərar qəbul edib.
Nazir hərbi dairələrin və hava-desant qüvvələrinin komandanlarına aprelin 23-dən etibarən qoşunları daimi dislokasiya yerlərinə qaytarmağı, detallı analiz aparmaq və qəfil yoxlanışın nəticələrinə yekun vurmaq göstərişi verib.
Artıq Rusiyanın Ukraynanın şərq sərhədinə cəmləşmiş silahlı qüvvələrlə yanaşı, Krımdakı təlimlərdə iştirak edən rus hərbçilər də daimi yerlərinə qayıtmağa başlayıblar.
Rusiya Müdafiə nazirinin əmri ilə aprelin 23-dən Cənub Hərbi Dairə və Hava-Desant Qüvvələrinin qoşunları daimi dislokasiya yerlərinə qayıdır. Bu qərar son aylar Rusiya və Ukrayna arasında artmaqda olan gərginliyin zəifləməsinə şərait yarada bilər. Hərbi qarşıdurmanın aradan qalxması artıq problemin həlli ilə bağlı diplomatik müstəvidə müzakirələrə yol açıb.
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Valdimir Zelenskini danışıqlar aparmaq üçün Moskvaya dəvət edib. Doğrudur, bu danışıqların tezliklə müsbət nəticə verəcəyini proqnozlaşdırmaq çətindir. Çünki Rusiya hakimiyyətinin Krım da daxil olmaqla bölgəyə cəmləşdirdiyi 110 min nəfərlik qoşunu geri çəkməsi Putinin Ukrayna məsələsində hələ güzəştə getməsi demək deyil.
Hazırkı mərhələdə danışıqların bərpası Prezident Putinə beynəlxalq təzyiqdən yayınmaq üçün lazımdır. Rusiya və Ukrayna prezidentlərinin görüşündə Putin Zelenskidən yalnız “Normand formatı” çərçivəsindəki öhdəliklərə əməl etməyi, yəni Donetsk və Luqanska xüsusi status verməyi, Donbasın azad edilməsi strategiyasını ləğv etməyi təklif edə bilər. Ancaq bu görüşün baş tutacağını birmənalı şəkildə söyləmək mümkün deyil. İndiki halda Kreml diplomatik manevr edərək siyasi pauza qazanmağa çalışır. Ancaq Qərbin də Rusiyaya təzyiqləri kifayət qədər nəticə vermiş kimi görünür.
Son iki ildə V.Zelenskinin münaqişəni müzakirələr yolu ilə həll etmək təklifindən yayınan Putinin indi özünün bu görüşə təşəbbüs göstərməsi Rusiyanın genişmiqyaslı müharibəyə girməkdə maraqlı olmadığını göstərir. Rusiya ilk növbədə, NATO və ABŞ-la döyüş meydanında qarşı-qarşıya gəlmək niyyətində görünmür.
Digər tərəfdən, Ukraynaya qarşı dağıdıcı hərbi əməliyyatlara başlamaq Rusiyaya qarşı Qərbin ağır sanksiyaları ilə nəticələnə bilər. Avropanın sərhədlərində genişmiqyaslı müharibənin başlanması ABŞ-ın bu regiondakı mövqelərini güclənməsi üçün şərait yaradacaq. Donald Trampın prezidentliyi dövründə Fransa, Almaniya, Macarıstan, İtaliya kimi Avropa ölkələri ilə münasibətləri xeyli yumşaltmış, eləcə də NATO üzvü olan Türkiyə ilə regional strateji tərəfdaşa çevrilmiş Rusiyanın Ukraynada müharibəyə başlaması bu əlaqələrə mənfi təsir göstərə bilər.
Avropa ölkələrini ABŞ-ın təhlükəsizlik çətiri altında Rusiyaya qarşı birləşdirməyə çalışan Bayden administrasiyası üçün bu, əlverişli imkandır. Rusiyada etiraz aksiyalarının yenidən baş qaldırması fonunda Qərbin növbəti sanksiyalarının tətbiqi Putin hakimiyyətinə qarşı kütləvi aksiyaların artmasına təkan verə bilər. Rusiyada sentyabr ayında keçiriləcək parlament serçkiləri öncəsi belə vəziyyətin yaranması V.Putin üçün arzuolunmazdır. Müxalifət lideri Aleksey Navalnının həbsindən sonra baş verən etirazların xarakteri və təhlili göstərdi ki, xarici düşmənə qalib gəlmək hesabına Putinin reytinqini qaldırmaq artıq Rusiya cəmiyyəti üçün köhnəlmiş taktikadır.
İndi əhalini sosial-iqtisadi problemlərin həlli müharibədən daha çox maraqlandırır. Hazırda Rusiya əhalisinin 13 faizi və ya 20 milyon nəfəri yoxsulluq həddində yaşayır. Halbuki, 2020-ci ilin birinci rübündə bu göstərici 9,2 faiz və 13,5 milyon nəfər təşkil edirdi. Dünya Bankının mart ayında açıqladığı proqnozlara görə, yaxın aylarda Rusiyada yoxsulluq səviyyəsinin qismən azalması gözlənilir.
Lakin 2022-ci ilin əvvəlinə doğru Rusiyada yoxsulluq koronavirus pandemiyasından əvvəlki həddə yüksələcək. Digər tərəfdən, Rusiyada siyasi proseslərdə gənc nəslin iştirakı və təsiri artıb. SSRİ-nin bərpası arzusu ilə yaşayan yaşlı nəsil biloji cəhətdən öz yerini Qərb liberalizminə və texnologiyalarına maraq göstərən gənclərə verib. Bu, Putin hakimiyyəti üçün ciddi ictimai və siyasi problemdir. Ona görə də reytinqi azalmaqda olan Putin Ukrayna ilə müharibədə gənc nəslin dəstəyini qazanacağına əmin deyil.
Üçüncüsü, Rusiya Prezidenti Ukrayna ilə müharibənin qısamüddətli və lokal miqyasda qələbə ilə başa çatacağına arxayın ola bilmir. Prosesə NATO-nun və ABŞ-ın müdaxiləsi, eləcə də Ukraynanın müasir latel silahlara malik olması hərbi qarşıdurmanın miqyasını artıra bilər. Bu isə itkilərin, dağıntıların və hərbi xərclərin çoxalması deməkdir. Proseslərin belə inkişafı Rusiya hakimiyyətinin maraqlarına cavab vermir. Putin və Zelenski arasında danışıqların baş tutması ilk növbədə Rusiya və ABŞ prezidentlərinin görüşünün nəticəsindən asılı olacaq. Bayden və Putin Ukrayna məsələsinə dair razılaşma əldə etməsə, Zelenskinin Moskva səfərinin baş tutacağı şübhə doğurur. Ona görə də vəziyyət yenidən gərginləşə bilər.
Məsələni “Polşa radiosu”na şərh edən politoloq Lukaş Yasina may ayının sonlarında hərbi əməliyyatların başlanacağını istisna etməyib.
“Rusiyanın Ukraynaya təcavüzü məntiqli olmasa da, mümkündür. Bunun qarşısını alan amil hava şəraitidir. Don və Dnepr arasında hərbi əməliyyat yalnız mayın sonunda mümkündür. Ancaq Vladimir Putin məntiqsiz hərəkət etdiyini artıq bir neçə dəfə bizə izah edib. Hər şey onun hədəflərinə nail olub-olmamasından asılıdır. Məsələn, o, Co Baydeni ən yüksək səviyyədə görüşə məcbur etməyə və ya təcavüzdən imtina etməsi qarşılığında “Şimal axını-2” qaz kəmərinin çəkilməsini razılıq verməsinə çalışır. Baxaq, görək Putin nəyə nail olacaq. Təəssüf ki, Putin son həftələrdə çox şey, məsələn, Rusiya və Ukraynanı - təcavüzkar və qurbanı eyni səviyyəyə gətirən alman və ya fransız diplomatiyasının dəsətyini qazanıb. Lukaş Yasina hesab edir ki, ABŞ-ın mövqeyi sərt olsa da, zəif cəhətləri də var.
Qeyd etmək lazımdır ki, ABŞ-ın hazırkı dövlət katibi Entoni Blinken prezidenti Barak Obamanın milli təhlükəsizlik müşaviri vəzifəsində çalışdığı zamanlarda da Rusiyaya münasibətdə kəskin mövqeyin ən prinsipial tərəfdarlarından biri olub. Bu məsələlərdə prinsipial mövqe tutan şəxs hazırda ABŞ Prezidenti Co Baydendir. Lakin ABŞ-ın daxili problemləri ilə məşğul olması lazımdır. Onlar bir çox beynəlxalq məsələyə əhəmiyyət vermirlər. Hətta Donald Tramp bir çox dünya problemlərinə müdaxilə etmədi. Ona görə də ABŞ və Rusiya arasında kompromisin əldə edilməsindən qorxuram”,-deyə ekspert bildirib.
Lukaş Yasina qeyd edib ki, ABŞ ikibaşlı siyasət yürüdür:
“Co Bayden bir tərəfdən Putinlə görüşməyə hazır olduğunu, digər tərəfdən də sanksiyalar məsələsində Rusiya ilə sərt davrandığını bildirir. Mənə elə gəlir ki, bunu zaman göstərəcək. Yaxın bir-iki həftə ərzində bu kompromislərin Vladimir Putin üçün kifayət edib-etmədiyini görəcəyik”./Anaxeber.info/

Müşfiq Abdu
cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.