Putinin Ukrayna manevrləri - dünya Kremldən niyə çəkinir?

24-04-2021, 11:25   



Rusiyanın Ukrayna proseslərində Qərbi tormozlaması onun regionda postsovet ölkələrinə təsir imkanlarını gücləndirir, politoloq: “Kreml Azərbaycana Duqin, Solovyov, Jirinovskilərin dili ilə təzyiq etməyə çalışır”

Rusiya SSRİ-nin süqutundan sonra postsovet məkanında sanki yenidən revanş götürür. Bu gün Vladimir Putin hakimiyyətinin ən güclü dövrünü yaşamaqdadır və rəqiblərinə meydan oxumaqla regionun ağası olduğunu, burada onunla strateji mübarizə aparan güclərlə zarafat etmədiyini nümayiş etdirir.Elə sonuncu Ukrayna gərginliyində Putin ABŞ-a və onun Qərbdəki müttəfiqlərinə tərs üzünü göstərdi, faktiki onları geri çəkilməyə vadar elədi. Bu, əlbəttə, Moskvanın regionda güclənməsi ilə yanaşı, qonşularına təzyiq imkanlarını artırır. Rusiya ətrafına işarə vurur ki, mənimlə oynamaq olmaz, Ukrayna proseslərində belə Qərbi tormozlaya bilirəmsə, bundan ibrət dərsi götürməlisiniz.
İş o yerə çatdı ki, Putinə “qatil” deyən amerikalı həmkarı Co Bayden ona zəng vurdu, üçüncü ölkədə görüşə çağırdı. Nə üçün Qərb liderləri Putindən bu dərəcədə çəkinirlər? Ukraynanın Donbas və Luqanskda separatizmə son qoyması üçün niyə lazımi dəstək verməyə ehtiyat edirlər? Bu xüsusda Kreml başçısı Federal Məclisə son müraciətində də xeyli dərəcədə özündənrazı görünürdü. Putinin təkəbbürü, geopolitik savaşdan üstün çıxdığını düşünməsi çıxışında hiss olunurdu.
Putin Baydeni niyə təbrik etmədiyini izah edir
Bu arada Rusiyanı öz qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkməyə başlaması haqda məlumat yayılıb. Bu da Kremlin aldadıcı manevri ola bilər. Üstəlik, Ukrayna proseslərində rəqiblərini üstələməsi onu postsovet ölkələrinə, o sırada Azərbaycana təzyiqləri artırmağa həvəsləndirə bilər. Artıq bunun işartıları görünməkdədir. Məsələn, Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bildirib ki, Moskva 44 günlük müharibədə Azərbaycanın qələbəsi üçün ondan tələb olunan hər şeyi edib, indi növbə Bakınındır, Azərbaycan Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmalıdır. Əks halda, o, Bakını faktiki hərbi qələbəni itirə biləcəyi ilə (!) hədələyib. Rus avrasiyaçı hesab edir ki, Bakı KTMT və AİB-yə “xoşluqla” qoşulsa, daha yaxşıdır, əks təqdirdə, qələbəsini qoruya bilməyəcək. Ümumiyyətlə, Rusiya keçmiş sovet ölkələrini öz orbitindən uzaqlaşmağa imkan vermir.
Azad Məsiyev: “Güclü deyilsənsə…” » www.tezadlar.az
Azad Məsiyev
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Qərb dünyasının Rusiyadan ehtiyat etməsinin realı səbəbləri var: “Rusiya haqda fikir bildirmək üçün onun real gücünü etiraf etmək lazımdır. Çünki günçıxandan günbatana qədər geniş ərazilərə, sonsuz sayda yeraltı sərvətlərə, nüvə arsenalına malik dövlətdir. Ona görə dünya siyasətində Amerika ilə rəqabət apara bilmək qabiliyyəti olan ölkələrdən biridir.
Ukrayna siyasətinə gəlincə, ABŞ-ın davranışları Rusiyanın mili təhlükəsizliyinə təhlükə yaradır. Rusiya özü müdafiə tədbiri görməkdədir. Amerikalılar Ukraynada inqilab edərək öz adamını iqtidara gətirdi və Rusiya bununla barışmaq istəmir. Ona görə hazırda Qərb Rusiyanın gücünü etiraf edərək ehtiyatlı davranmaqdadır. Çünki Rusiya Ukrayna məsələsində heç kimə güzəştə getməyəcək, sərhədlərə doğru hərbi texnikasını cəmləşdirib, Amerika kanallarına da çatdırıb ki, geri çəkilmək fikri yoxdur".
Politoloq bu səbəbdən ABŞ-ın ehtiyat etdiyini, Ukraynada hərbi münaqişə qızışarsa, üçüncü dünya müharibəsinin başlamasından qorxduğunu düşünür: “ABŞ Ukraynada daha çox qan töküləcəyini güman edir. Rusiya diplomatik yolla bəyan edib ki, NATO Ukrayna sərhədlərinə doğru irəliləməsin. Rusiya Ukraynadan bir şərtlə geri çəkilə bilər ki, bu ölkə NATO-ya inteqrasiya etməyəcəyini açıqlasın. Donbas və Luqanskda proseslər bundan qaynaqlanır”.
Ramiyə Məmmədova: “Türkiyənin daxili siyasi vəziyyəti sabit olaraq qalır”
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiya geopolitik savaşda bir qütbdür və Qərb dünyası onun fövqəlgücünə, kobud siyasətinə bələddir. Ekspert hesab edir ki, hər nə qədər itkiləri olsa belə, Rusiya Suriyada Əsədin devrilməsinə imkan vermədi, bu bölgədə ABŞ-a ciddi başağrısı oldu, Liviya böhranına qarışdı, yəni harada Qərb gücləri varsa, Putin oraya yönəlir: “Rusiya Yaxın Şərq siyasətinə müdaxilə etmək üçün ”ərəb baharı" zamanı ayıldı. Dağlıq Qarabağ konfliktinin həllində də hansı gücə malik olduğunu nümayiş etdirdi, indi də Ukrayna sərhədlərinə qoşunlarını yığmaqla Qərbə əzələ göstərdi və geri çəkilməyə məcbur elədi. Rusiya bir gücdür, bununla hesablaşırlar və Putinin zarafatı xoşlamadığını yaxşı anlayırlar. İkincisi, Qərb siyasətçiləri riyakar, qeyri-prinsipial olurlar, ikili standartlarla yanaşırlar, elə 2014-cü ildə Ukraynanı da tək qoydular".
Siyasi təhlilçi Rusiyanın postsovet ölkələrinə təzyiq imkanlarının genişləndiyini düşünür: “Qazaxıstan onun nəzarətindədir, Qırğızıstanı da özünə yaxınlaşdıracaq. Cənubi Qafqazda Gürcüstan öz strateji seçimini edib, Paşinyan Ermənistanı Rusiyadan tam qopara bilmədi, çünki ölkə ərazisində hərbi bazası var, müttəfiqdirlər, Azərbaycana isə Duqin, Solovyov, Jirinovskilərin dili ilə təzyiq etməyə çalışırlar”./Anaxeber.info/


Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.