Azərbaycan və Türkiyə parlamentlərində Fransanın törətdiyi soyqırımlarla bağlı dinləmələr baş tuta bilərmi?Daha əvvəllər Fransa Azərbaycana qarşı qərəzli mövqeyini, ermənipərəst addımlarını müxtəlif cür pərdələməyə çalışırdısa, son dövrlər buna ehtiyac belə duymur, özünü açıq şəkildə ifşa edir.Əlbəttə, Fransa istəyərdi ki, bütün eybəcər oyunlarına, anti-Azərbaycan davranışlarına bir don geyindirsin, maskalansın. O səbəbdən ki, həmsədr ölkələrdən biridir və neytral mövqe sərgiləmək öhdəliyi var. Ancaq Fransa rəsmiləri xüsusi ilə 27 sentyabr 2020-ci ildən – Azərbaycanın Vətən Savaşına başlamasından və Qarabağ zəfərindən bu yana birmənalı şəkildə Azərbaycana qarşı ədalətsiz, hüquqdan və həmsədr öhdəliyi prinsiplərindən kənar davranışlar göstərir, açıqlama və bəyanatlar verirlər.
Bununla faktiki olaraq Minsk Qrupunun lazımsızlığını özləri dərk etdiklərini də büruzə vermiş olurlar. Yəni 30 ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli – erməni işğalçılarının Azərbaycan torpaqlarından çıxarılması üçün heç bir iş görmədilər, nəhayətdə Azərbaycan müharibə yolu ilə öz ərazi bütövlüyünü təmin etmək məcburiyyətində qaldı. Müharibədən sonra Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, həmsədrlik institutu – Minsk Qrupu artıq tamamilə lazımsız, mənasız bir qurumdur. Ən azı onun indiki formatda mövcudluğuna qətiyyən ehtiyac duyulmur.
Çünki faktiki olaraq Azərbaycan özü erməni işğalına son qoyub, 30 ilə yaxın müddətdə heç bir faydalı işi olmayan MQ-nun həmsədr ölkələri isə de-fakto ölkəmizə münasibətdə obyektiv deyillər.
ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi, Rusiyanın qeyri-səmimi davranışları, sülhməramlıların mandatdan kənar davranışları, Fransanın isə tamamilə Ermənistan sevdalısı olması Minsk Qrupunun buraxılmasını zərurətə çevirib.
Fransanın davranışları lap biabırçı şəkil almaqdadır. Özünü “demokratiya beşiyi” sayan bu ölkə terror mahiyyətli, işğal təfəkkürlü Ermənistanı elə cani dildən müdafiə edir, yanında dayanır ki, sanki Fransa elə erməni dövlətidir...
Fransa rəsmiləri və parlamenti mütəmadi olaraq Azərbaycana qarşı neqativ münasibət sərgiləyirlər, erməniləri qızışdırır və regionda sabitliyi yenidən pozmağa təhrik edirlər. Belə bir yanaşmalı dövlət təbii olaraq həmsədr ola bilməz və siyasi mədəniyyəti olardısa, özü həmsədrlikdən imtina etməli idi. Bildirməli idi ki, Fransa da Ermənistan kimi işğal təfəkkürlü, soyqırımlar törətmiş ölkədir, bizi bu “dəyərlər” birləşdirir və ona görə də Azərbaycana münasibətdə eyni düşüncədəyik...
Bu qeyd edilənlər heç də əsassız ittihamlar deyil, faktlara sübutlara söykənir.
Fransanın tarixən Ermənistan kimi işğalçı dövlət olması, soyqırımlar törətməsinə dair dəlillər:- Fransa Əlcəzairdə, Tunisdə kütləvi qətliamlar törədib;
- Bu gün də de-fakto işğal altında saxladığı ərazilər var – Haiti, Fransa Qvianası, Qvadalup, Afrika qitəsindəki forpostları, Yeni Kaledoniya...
- Davamlı olaraq işğalçı, terror mahiyyətli Ermənistanı dəstəkləyir;
Azərbaycana münasibətdə davranışlara dair:- Fransa zaman-zaman erməniləri təxribatlara sövq edib;
- 44 günlük müharibə dövründə başda prezident Makron olmaqla, Fransa rəsmiləri, dövlət qurumları anti-Azərbaycan mövqeyi tutdular;
- Fransa vətəndaşları olan muzdlular, erməni əsilli şəxslər, terrorçu şəbəkələrlə əlaqələri fiksə olunmuş adamlar Qarabağda döyüşlərdə Azərbaycana qarşı vuruşmağa gəlmişdilər;
- Fransalı deputatlar, dövlət rəsmiləri daim Qarabağa qanunsuz səfərlər ediblər və müharibədən sonra da onlar bu davranışlarını davam etdiriblər;
Və son olaraq fransalı deputat Fransua Pupponi “erməni əsirlər”lə bağlı petisiya hazırlayıb...
Pupponinin təşəbbüsü ilə onun və digərlərinin imzası ilə hazırlanan “Erməni hərbi əsirlərin” sərbəst buraxılmasına çağıran 4102 saylı qətnamə layihəsi 16 aprel 2021-ci ildə Milli Assambleyasının Rəhbərliyində qeydiyyatdan keçib...
Hansı ki, Azərbaycan tərəfi dəfələrlə rəsmi şəkildə bəyan edib ki, müharibə dövründə götürülən bütün əsirlər Ermənistana qaytarılıb. Hazırda “erməni əsirlər” kimi təqdim edilənlər isə hərbi və ya mülki əsir deyil, onlar birmənalı olaraq terrorçu, diversantdır. Onlar müharibədən – 1 noyabr anlaşmasından sonra Qarabağa sızan və Azərbaycan hərbçilərinə qarşı terror əməlləri törədən qrupdur. Azərbaycan öz ərazisində anti-terror əməliyyatı keçirərək onları zərərsizləşdirib və beynəlxalq hüquqa, yerli qanunlara əsasən mühakimə edəcək.
Ancaq Fransa və digər Avropa ölkələri Azərbaycandan terrorçuları azad etməyi tələb edir. Bu qədər absurd! Hansı ki, Fransa və digərləri guya beynəlxalq terrorizmlə mübarizə aparırlar, koalisiyalar qurublar və s...
Pupponinin erməni yanlısı və erməni lobbisinin maliyyələşdirdiyi şəxslərdən biri olması sirr deyil. Neçə illərdir bu adam qərəzli şəkildə və sifarişlə Fransa parlamentində anti-Azərbaycan və erməni təbliğatı aparır. Vətən Müharibəsi dövründə - 2020-ci ilin oktyabrında da F.Pupponi növbəti təxribata əl atıb.
O, Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi bir vaxtda qondarma Qarabağ rejiminin tanınması Fransa parlamentinə qətnamə layihəsi təqdim etmişdi.
Mediada onun adı ancaq neqativlərdə hallanır.
Əlbəttə, bütün bunlar Fransanın rəsmi siyasətindən qaynaqlanır. Fransa hətta türk-islam mənsubiyyətli şəxslərə qarşı Fransada basqılar edir. İslamafobiya, rasizm meylləri dövlət siyasətinə çevrildiyi üçündür ki, bu yaxınlarda Saint-Die-de-Vosges şəhərində 40 nəfərdən ibarət qrup bir türk ailəsinin evinə basqın etdi. Təcavüzkarlar arasında Vətən Müharibəsi dövründə Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşmüş bir erməninin də olması bütün mətləblərə aydınlıq gətirir. Fransa faktiki olaraq anti-türk, anti-Azərbaycan və islamafob bir siyasət reallaşdırır. Bu həm də insan hüquqlarının məqsədli şəkildə pozulması anlamına gəlir.
Əlbəttə, bir qədər sadəlövh, demaqoji görünə bilər, ancaq Azərbaycan parlamentinin ən azı tarix və protokollara, media arxivinə salınması üçün Fransanın Əlcəzairdə, Tunisdə törətdiyi soyqırımları dair müzakirələr başlatması doğru addım olardı. Habelə, Türkiyə parlamenti də analoji qaydada bu cür müzakirələr açmalıdır. Hər halda, bu haqda düşünmək lazımdır. Bunu müxtəlif ölkələrin parlamentlərinə də tövsiyə etmək lazımdır, çünki Fransa özünün Əlcəzair, Tunisdəki qətliamlarını öz parlamentində heç zaman müzakirə etməyəcək.
Amma Fransaya kimliyi və mahiyyəti tez-tez xatırladılmalıdır, tarixinə, hərəkətlərinə daim güzgü tutulmalıdır, bəlkə özlərini tanıdılar...
Elşad MƏMMƏDLİ“Yeni Müsavat” Elşad MƏMMƏDLİ