Ərdoğandan Baydenə sərt xəbərdarlıq: NATO-ya alternativ yeni hərbi-siyasi alyans qurula bilər

28-04-2021, 19:01   



Təcrübəli dövlət xadimi olan Türkiyə prezidenti Ağ Ev sahibinə anlatmağa çalışır ki, onun bir “genosid” kəlməsi ilə ABŞ-ın Ermənistan üzərindən Cənubi Qafqaza yerləşə bilməsi qətiyyən mümkün deyil; Türkiyə və Azərbaycanın ətrafında qurula biləcək Türkdilli dövlətlərin hərbi-siyasi alyansının Rusiya və Çinlə sıx əməkdaşılıq perspektivləri ABŞ və Qərb üçün real təhlükə vəd edir...

ABŞ prezidenti Co Baydenin hakimiyyətə gəlişi ilə bir çox şeylər dəyişməyə başladı. Bu dəyişiklik həm ABŞ-ın xarici siyasət kursunda, həm də ümumiyyətlə, dünyada cərəyan edən proseslərdə özünü göstərir. Və bunun birmənalı şəkildə müsbət amil olduğunu düşünmək hələ çox tezdir.Məsələ ondadır ki, bəzi hallarda dəyişikliklər fayda deyil, əksinə, ciddi ziyanla müşayiət olunur. Son hadisələrə diqqət etdikdə ABŞ prezidenti Co Baydenin xarici siyasət kursunun dünyaya müsbət impulslar verdiyini iddia etmək mümkün deyil. Bu baxımdan, Baydenin administrasiyası dönəmində ABŞ-ın təhlükəli dövlət statusunu geri qaytara biləcəyi ilə bağlı ehtimal tamamilə realdır.
Ağ Ev sahibinin öz səlahiyyətlərini icra etməyə başlamasından sonra ABŞ-Rusiya münasibətləri birmənalı şəkildə gərginləşən qarşıdurma keyfiyyəti qazanıb. Prezident Co Bayden Kreml sahibinə qarşı təhqiramiz ifadələr işlətməklə kifayətlənməyib, NATO-nu da Rusiya ilə qarşıdurma prosesinə bulaşdırıb.
Eyni zamanda, ABŞ prezidenti son dövrlərə qədər silahların susduğu Donbass böhranını da aktivləşdirib. Ukraynanı Rusiya ilə növbəti qarşıdurmaya sövq etmək üçün bütün imkanlardan yararlanmağa çalışır. Hələlik buna tam nail olmasa da, Ukrayna ilə Rusiya arasında “körpülər”in böyük ölçüdə uçurulduğu inkaredilməz reallıqdır. Yəni bu iki qonşu dövlət arasında savaş ehtimalı yəqin ki, hələ uzuan müddət aktual olaraq, qalacaq.
Belə təsəvvür yaranır ki, ABŞ prezidenti Co Bayden dünyaya sülh və dinclik deyil, savaş gətirməyə meyilli bir dövlət başçısıdır. Son dövrlərin əsas toqquşmalarının arxasından məhz prezident Co Baydenin siması boylanır. Hətta onu hazırda beynəlxalq qarşıdurmaların əsas katalizatoru da hesab etmək olar.
Maraqlıdır ki, Ağ Ev sahibi ABŞ-ın iplərini ələ keçirdiyi 4 ay ərzində Türk dünyasına da daş atmağa imkan tapıb. Onun “genosid” kəlməsini tələffüz etməsi məhz “daş atmaq”dan başqa bir şey deyil. Çünki heç bir elmi araşdırma ilə sübuta yetirilməmiş bir iddianın üzərindən Türkiyənin ittiham edilməsi sadəcə, siyasi məqsədlər güdə bilər.
Təbii ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev sahibinin “erməni soyqırımı” ifadəsinə səssiz qalmayıb: "ABŞ prezidenti C.Bayden 24 aprel günü yayımladığı mesajda coğrafiyamızda bir əsrdən uzun müddət əvvəl yaşanmış acı hadisələrlə əlaqədar əsassız, haqsız ifadələr istifadə edib. Heç bir tarixi, hüquqi təməli olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi, bizi də çox incidib. Bunun radikal erməni dairələrinin və Türkiyə əleyhinə olan çevrələrin təzyiqi ilə edildiyini düşünürük. ABŞ və Avropa başda olmaqla, bizə “soyqırım” ifadəsi yönəldənlər millət içinə çıxa bilməyəcək vəziyyətə düşəcəklər”.
İlk baxışdan, Türkiyə prezidentinin açıqlaması kifayət qədər yumşaq cavab təsiri bağışlayır. Ancaq açıqlamada yer alan bəzi eyhamlar və üstüörtülü mesajları nəzərə aldıqda, rəsmi Ankaranın öz rəqiblərinə ciddi xəbərdarlıq etdiyi də diqqətdən yayınmır.
Belə ki, prezident R.T.Ərdoğan bir tərəfdən “biz nə baş verdiyini tam dəqiqiliyi ilə bilirik” deyərək, Ağ Evə mesaj göndərir. Digər tərəfdənsə, bunun cavabının hazırlandığı və tezliklə əks zərbə ilə üzləşəcəkləri barədə xəbərdarlıq edir. Bununla da, Türkiyə prezidentinin açıqlamasındakı yumşaqlıq arxa plana keçmiş olur.  
Təbii ki, prezident Co Baydenin Türkiyəyə “genosid hücumu” rəsmi Ankara üçün qətiyyən gözlənilməz deyildi. Hər halda, rəsmi Ankara Co Baydenin hakimiyyətə gələcəyi təqdirdə, bunun baş verə biləcəyini bilməmiş deyildi. Böyük ehtimalla bu varianta veriləcək qarşılıq da yəqin ki, əvvəlcədən hazırlanmış olmalıdır.
Əslində, ABŞ-ın hərbi-siyasi dairələrində də Türkiyənin bu məsələni cavabsız buraxmayacağını anlayırlar. Ona görə də, ABŞ-da çox ciddi narahatlığı olduğu da qətiyyən diqqətdən yayınmır. Çünki prezident Co Bayden ABŞ-ın ən önəmli strateji müttəfiqinə, NATO-nun ikinci ən güclü dövlətinə qarşı hörmətsizlik edib. Və bu, ABŞ üçün olduqca baha başa gələ bilər.
Onu da qeyd edək ki, hazırda ABŞ-ın hərbi dairələri Ağ Ev sahibinin buraxdığı bu ciddi səhvi düzəltmək üçün artıq müəyyən səylər göstərməyə başlayıblar. ABŞ mətbuatının məlumatına görə, Pentaqonda prezident Co Baydenin “genosid” avantürasından narahatdırlar. Və bu yolverilməz davranışın təsirlərini aradan qaldırmaq üçün preventiv addımlara hazırlaşırlar.
Maraqlıdır ki, Pentaqon Ağ Ev sahibinin “genosid hücumu”nu zəiflədəcək açıqlamaya məcbur qalıb: “Türkiyə ABŞ-ın onilliklər boyu güvəndiyi ən etibarlı hərbi müttəfiqi və NATO üzrə önəmli tərəfdaşıdır”. Əslində, Pentaqondan yayınlan bu açıqlama müəyyən mənada, Ağ Ev sahibinin mövqeyinə məqsədyönlü zərbə xarakteri daşıyır.
Bəzi ehtimallara görə, ABŞ generaliteti Ağ Evdəkilərə ölkəni əsas müttəfiqlərindən məhrum etməyin yolverilməz olduğunu anlatmağa çalışır. Bu baxımdan, prezident Co Baydenin Türkiyəni narazı salan açıqlamasından sonra Ağ Ev sahibinə yönəlik tənqidlər intensivləşməyə başlayıb. Hətta Bayden administrasiyasının xarici siyasət kursunun ABŞ-ın maraqlarına təhlükə yarada biləcəyi də vurğulanır.
Məsələ ondadır ki, Türkiyənin ABŞ-dan və NATO-dan uzaqlaşma ehtimalı qətiyyən istisna deyil. Bunun alternativinin Türkiyənin Rusiya və Çinlə daha sıx əməkdaşlığa yönəlməsi ola biləcəyi də sirr deyil. Və bu, ABŞ-a qətiyyən sərf etmir.
Bəzi ehtimallara görə, rəsmi Ankara yaxın vaxtlarda ABŞ və Türkiyənin “F-35” savaş təyyarələrinin istehsalı ilə bağlı ortaq layihəsindən çıxa bilər. Bu halda, Türkiyənin həmin layihənin icrası üçün ABŞ-a ödədiyi bir neçə milyard dolları dərhal geri tələb edəcəyi qətiyyən şübhə doğurmur.
Əlbəttə ki, bu, rəsmi Ankaranın Ağ Evə ilk ciddi xəbərdarlığı xarakteri daşıya bilər. Türkiyənin sonrakı addımları isə yəqin ki, NATO-nun zirvə toplantısında Ərdoğan-Bayden görüşünün nəticələrindən asılı olacaq. Halbuki rəsmi Ankara tamamilə fərqli istiqamətdə ciddi addımlara hazırlaşdığını müxtəlif mesajlar vasitəsilə artıq indidən gündəmə gətirməyə başlayıb.
Türkiyə prezidenti R.T.Ərdoğanın “Qardaşım İlham Əliyevlə telefon danışığımız oldu, önümüzdəki günlərdə atacağımız addımları konkretləşdirəcəyik” açıqlaması ilk növbədə Ağ Evin diqqətinə hesablanıb. Çünki Türkiyə prezidenti həmin açıqlamada həm də üçtərəfli anlaşmanın icrası ilə bağlı məsələlərin müzakirəsindən danışarkən, Ağ Evə Cənubi Qafqazda hansı ölkələrin siyasi iradəsinin keçərli olduğuna eyham vurmuş olur. Yəni, təcrübəli siyasətçi olan R.T.Ərdoğan Ağ Ev sahibinə anlatmağa çalışır ki, onun bir “genosid” kəlməsi ilə ABŞ-ın Ermənistan üzərindən Cənubi Qafqaza yerləşə bilməsi qətiyyən mümkün deyil.
Türkiyə prezidenti “Son proseslərlə bağlı Azərbaycanla birlikdə ata biləcəyimiz addımları da müzakirə etdik” deməkləsə, ABŞ-ı yeni güc mərkəzi ilə hədələmiş olur. Hər halda, Türkiyə və Azərbaycanın ortaq qərarlar vermək niyyətinin Türk dünyasında ciddi reaksiyalara səbəb ola biləcəyi qətiyyən şübhə doğurmur. Bu isə ABŞ-ın təsir dairəsindən kənarda Türkdilli dövlətlərin yeni hərbi-syasi iradə mərkəzinin qurula biləcəyi anlamına gəlir.
Eyni zamanda, Türkiyə və Azərbaycanın ətrafında qurula biləcək Türkdilli dövlətlərin hərbi-siyasi alyansının Rusiya və Çinlə sıx əməkdaşılıq perspektivləri də diqqətdən qaçırılmamalıdır. Hadisələrin belə inkişafı isə ABŞ və Qərb üçün ən əlverişsiz situasiya vəd edir. Hə halda, böyük bir coğrafi məkan qapıları ABŞ və Qərbin üzünə bağlı qala bilər. Nəticədə daha çox NATO-ya güvənən ABŞ və Qərbə qarşı yeni və təxminən oxşar hərbi-siyasi resurslara malik alyans formalaşmış olar. Bu haldasa, ABŞ-ın dünya hegemonluğu niyyətlərinin ciddiliyi barədə danışmaq olduqca cətinləşəcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.