Müəllif: Eynulla FətullayevÖtən gün ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng vurdu. “Azadlığın müdafiəsi Aktı”ına diskriminasiya xarakterli 907-ci əlavənin qüvvəsinin daha bir il dayandırılması haqda yaxşı xəbərlə yanaşı Blinken Əliyevlə ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin bərpa edilməsi perspektivlərini də müzakirə etdi. Bu arada qeyd edək ki, 907-ci əlavənin qüvvəsinin dayandırılması ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətdir, çünki bu düzəliş birinci Qarabağ müharibəsinin kulminasiya məqamında ABŞ-dakı erməni lobbisinin təzyiqləri ilə qəbul edilmişdi.
Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə gəldikdə isə, müharibədən bir il əvvəl, Paşinyanın Xankəndindəki məşhur çıxışından sonra beynəlxalq vasitəçilik missiyası faktiki olaraq iflic edilmişdi. Çünki daha danışmağa bir şey qalmamışdı. Nə təcavüzkarla, nə vasitəçilərlə. Bəli, həmsədrlər də özlərinin alternativsiz Madrid prinsipləri ilə birlikdə dalana dirənmişdilər. Həmsədrlər üçün daha danışmağa heç nə qalmamışdı, ilk növbədə Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsini tamamlanmış məsələ elan edən erməni tərəfi ilə.
Blinken Bakıya zəng vurdu və Minsk Qrupu haqda soruşdu...Minsk Qrupu özünün bütün səylərini status-kvonun konservləşdirilməsinə yönəltmişdi. Ancaq İkinci Qarabağ müharibəsi hərbi-siyasi düzəni kökündən dəyişdi. Münaqişə tərəfləri rollarını və yerlərini dəyişdilər. İndi Azərbaycan münaqişəni bitmiş məsələ hesab edir və başlıca məqsədinin müstəqilliyin ilk illərində ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazilərindən geriyə qalan torpaq parçasının reinteqrasiyası olduğunu bildirir.
Üstəlik bu torpaq parçası indi erməni işğalçı rejiminin də nəzarətindən çıxıb. Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhəri olmaqla qalan hissəsi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti idarəçiliyi altına keçib. Rusiya Minsk Qrupunun həmsədridir, döyüş əməliyyatlarının dayandırılmasında və Ermənistan-Azərbaycan münaqişəsinin üçtərəfli bəyanata əsaslanan hüquqi nizamlanmasında mühüm rol oynayıb.
Minsk Qrupunun digər iki həmsədri ABŞ və Fransaya gəldikdə isə hərbi əməliyyatların qızğın çağında Vaşinqtonda sərt seçki mübarizəsi gedirdi və hətta məsələ Kapitoli təpəsinə hücuma qədər gedib çıxmışdı. Fransa isə hətta formal neytrallığını da bir kənara qoyaraq nümayişkarənə şəkildə münaqişə tərəflərindən birinin tərəfini tutmuşdu. Parisin bütün hakimiyyət institutları Yerevanla və onun qəsbkarlıq siyasəti ilə mütləq həmrəylik nümayiş etdirirdilər, Fransanın qanunverici orqanı isə bütün beynəlxalq normalara və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq Qarabağdakı erməni separatçılarının icmasını “dövlət” kimi tanıdı.
Minsk Qrupunun həmsədrlərindən biri Rusiya öz sülhməramlı qüvvələri ilə Qarabağda sülh quruculuğu ilə məşğuldurİlham Əliyev Minsk Qrupunun fəaliyyətinin bərpasını mümkün hesab edir, amma posmünaqişə dövründə dinc və stabil birgəyaşayışın bərpa edilməsi formatında. Böyük hesabla, həmsədrlərdən biri Rusiya da elə indi bu işlərlə məşğuldur. Üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində gücləndirilmiş, həssas və gərgin iş gedir, bu müzakirələrdə Azərbaycanla Ermənistan arasında yeni şərti sərhədlər müəyyənləşir, nəqliyyat yollarının və kommunikasiyaların açılması, postmünaqişə dövründə hökm sürən mürəkkəb humanitar situasiyanın həlli barədə danışıqlar aparılır.
Bəs belə bir vaxtda amerikalıların fəaliyyətini bərpa etmək istədikləri vasitəçilər qrupunun ikinci üzvü nə işlə məşğuldur?
Fransa Qarabağda etnik qarşıdurmanı qızışdırmaqda davam edir. Yəni bu vasitəçinin bütün səyləri situasiyanın lokallaşdırılmasına dair, bilavasitə kəskinləşməsinə yönəlib. Təəcüblüdür, amma bu vaxta qədər Fransa özünü həmsədr statusunda necə təsəvvür edir, bir halda ki, yeni gərginliyin eskalasiyasına şərait yaradır? Fransa nəinki sözdə, eləcə də silahın gücü ilə Ermənistanı dəstəkləyib. Axı erməni ordusunun sıralarında Fransadan olan muzdlular da döyüşürdü və biz bu haqda müharibə vaxtı dəfələrlə yazmışdıq.
Bir neçə gün əvvəl isə fransalı deputatlardan biri Fransua Pupponi parlamentin müzakirəsinə daha bir tendensioz qətnamə layihəsi təqdim edib. Deputatın Azərbaycanı təcavüzkar ölkə kimi təqdim edən təşəbbüsü Fransa parlamentinin 33 üzvü tərəfindən dəstəklənib. Və bu təşəbbüs BMT Təhlükəsizlik Şurasının və bütün beynəlxalq ictimaiyyətinin Azərbaycanın yeddi rayonunun işğal edilməsini qınayan qətnamələrinin mövcud olduğu bir vaxtda irəli sürülür.
Fransua Pupponi və daha 33 fransalı deputat isə Azərbaycana qarşı ikinci qətnamə layihəsini hazırlayırAncaq fransalı deputatlar təkcə Dağlıq Qarabağla məhdudlaşmayıblar və Azərbaycanın artıq azad etdiyi ətraf 7 rayonu da öz qətnamə layihələrində hansısa təmas xətti zonası elan ediblər. Bundan əlavə fransalı deputatlar Azərbaycanı işğal edilmiş ərazilərini azad etdiyi üçün qınayır. Yəni onların məntiqindən belə çıxır ki, Azərbaycan torpaqlarını azad etməli deyildi, əksinə, erməni ordusunu başqa şəhər və rayonlarına da çağırmalıydı. Və ya öz paytaxtını da Ermənistana güzəştə getməliydi. Bu halda Azərbaycan Fransuanın və onun dostlarının dəstəyini əldə edə bilərdi.
Fransa deputatları tərəfindən təqdim edilmiş qətnamə layihəsində Azərbaycan hərbçilərinin müharibənin başa çatmasından həftələr sonra Hadrutda yaxaladıqları 60-dan çox erməni diversantının azad edilməsi tələbi də səslənir. Fransalı deputatlar bu kombatantları Cenevrə konvensiyasına (konvensiyanın 4-cü maddəsinə istinad əsassızdır) və beynəlxalq hüquqa zidd olaraq “hərbi əsirlər” adlandırırlar. Üstəlik bunu göstərməyi yaddan çıxarırlar ki, “hərbi əsirlər” Hadrutda Azərbaycanın mobil rabitə şirkətinin Dağlıq Qarabağa dinc həyatı qaytarmaq üçün işləyən əməkdaşlarını öldürüblər!
Beləliklə, qısa zaman ərzində, yarım ildən də az vaxtda Fransa Ermənistanın dəstəklənməsinə və Azərbaycana qarşı yönələn ikinci qətnaməni qəbul edir. BMT üzvü olan dövlətin ərazi bütövlüyünü şübhə altına alır. Və həmsədr ölkənin parlamentində bütün bu başıpozuq müzakirələr Fransa hökumətinin nümayəndələrinin, nazirlərin və dövlət katibinin Ermənistana əsrlik dostluq bəyanatları fonunda baş verir. Fransa nəinki həmsədr kimi neytrallığını pozub, eyni zamanda diplomatik etiketi və ədəb qaydalarını bir kənara ataraq Ermənistanın tərəfində Azərbaycanla münaqişəyə girib. Bundan sonra Fransanın həmsədr kimi hansı statusundan söhbət gedə bilər?
Bəs Milli Məclis niyə susur?Əgər hətta yaxın vaxtlarda Minsk Qrupu öz fəaliyyətini bərpa etsə belə, Azərbaycan tutarlı siyasi dəlillərə söykənərək Parisin həmsədr statusundan məhrum edilməsi məsələsini qaldırmalıdır. Minsk qrupu? Buyurun, amma Fransasız. Və Azərbaycan Ermənistanın aqressiv müttəfiqi Parislə mübarizədə təkcə bu addımla kifayətlənməli deyil. Azərbaycan hakimiyyətinin Fransa ilə münasibətlərinə yenidən baxmasının da məqamı gəlib çatıb. Diplomatik münasibətlərin kəsilməsinə qədər. Və Fransanın Azərbaycana qarşı təcavüzə cəlb olunmasını bu günə qədər müzakirəyə çıxarmayan Milli Məclisin passivliyi də təəcüb doğurur. Azərbaycan parlamentinin üzvləri Fransanın aqressiv siyasətinə tarixi rakursları ilə hüquqi qiymət verməlidir. Fransanın Əlcəzair və Tunisdə törətdiyi soyqırımı qınamalıdır, Liviyanın bötövlüyünü pozmağa yönələn təxribatçı siyasətinə və Livanda oyanmış imperialist iştahına qarşı öz mövqeyini bildirməlidir.
Üstəlik Fransa Avropa islamafobiyasının, antisemitizmin, türkofobiyanın və ksenofobiyanın flaqmanına, Avropa dini-əxlaqi və humanist dəyərlərinin qəbirqazanına çevrilib. Fransa Azərbaycana meydan oxuyur və cavabını almalıdır!